Revanşist keşiş yenidən "dirçəlir"

 

Baqrat Qalstanyan Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən danışıb

 

 

 

Revanşistlərin Paşinyan hökuməti əleyhinə yenidən kütləvi etiraz aksiyalarına başlayacaqları gözlənilir.

Diqqət ediləsi məqam isə aksiyalara yenidən din adamlarının başçılıq etməsidir. Xalq arasında nüfuzunu itirən keçmiş hərbi xunta təmsilçilərinin din xadimlərindən vasitə kimi istifadə etmələri açıq-aydın ortadadır.  

"Vətən naminə Tavuş" Hərəkatının başçısı, keşiş Baqrat Qalstanyan Ermənistanda mümkün hakimiyyət dəyişikliyindən danışıb. Keşiş belə bir planlarının olduğunu gizlətməyib.

O, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Edvard Asryana müraciət edərək onu açıq görüşə dəvət edib. Deyib ki, görüş zamanı Asryana sərhəddə baş verənlərlə bağlı ətraflı məlumat verəcək. O vurğulayıb ki, baş qərargah rəisinin çağırışa cavab verməməsi, onu sadəcə olaraq, yalnız vəzifə pulun maraqlandırdığını göstərəcək.

Revanşist keşiş ötən günlərdə İrəvandakı "Respublika" meydanında "İradə" təşəbbüsünün oturaq aksiyasında iştirak edib. Qeyd edək ki, bu, Qarabağdakı keçmiş separatçı rejimin həbs olunmuş hazırda barələrində ədalət mühakiməsinin çıxaracağı hökmü gözləyən "rəhbərlərinin" qaytarılmasına nail olmaq məqsədilə yaradılıb. Aksiyada çıxış edən keşiş Azərbaycanı düşmən adlandırıb. Deyib ki, "soydaşlarımızın hələ düşmən həbsxanalarında olması sadəcə olaraq qəbuledilməzdir".

Bununla belə o, N.Paşinyanın başçılıq etdiyi ölkədə yaşayanların hər birinin həbsdə olduğunu sözlərinə əlavə edib: "Bu gün hər birimiz cəzaçəkmə müəssisəsindəyik, həbsdəyik bunun ən yaxşı təsdiqi telefon söhbətidir. Bu o deməkdir ki, biz həbsdə yaşayırıq. Buna görə həbsxanadan çıxıb azadlığımıza qovuşmalıyıq. Məndən tez-tez soruşurlar ki, bütün bunlar necə vaxt bitəcək? Sizi inandırıram ki, bu, bizim çox vaxtımızı aparmayacaq. Biz bu yolla gedirik bu yolda məqsəd qələbəmiz olmalıdır. Paşinyan iqtidarının yenilməz olmasına dair əfsanəni unudun".

Qeyd edək ki, Qalstanyan Paşinyan hakimiyyətinə qarşı bundan əvvəlki etirazlarda nəinki təhlükə törədə bildi, hətta ciddi həyəcan yaşatmağı belə bacarmadı. Az qala ölkəni qarış-qarış gəzsə , ətrafına kifayət qədər adam toplaya bilmədi axırda da müəyyən vaxtadək siyasi fasiləyə yollanmaq qərarını aldı.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının aktual olduğu bir dönəmdə növbəti dəfə hərbi xuntanın ona bənzər digər araqızışdıranların çevriliş etmək xəyalları erməni xalqını növbəti dəfə fəlakətə sürükləyir.  Qeyd edək ki, Azərbaycanla müharibədəki məğlubiyyət Ermənistanı elə bir uçuruma yuvarladıb ki, onun xilası mümkün deyil.  Bütün bunlar, o cümlədən Koçaryan Sarkisyan kimi müharibə cinayətkarlarının hakimiyyətləri dövründən yığılıb qalmış ağır problemlər hazırkı hakimiyyəti  çətin vəziyyətdə qoyub. Əslində, revanşist qüvvələr çox  yaxşı başa düşürlər ki,  böyük siyasətə qayıtmaq üçün heç bir şansları yoxdur - xalq hələ onların hakimiyyət dövrünü unutmayıb.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da ölkədəki  daxili siyasi vəziyyət barədə danışıb. Xatırladıb ki, ölkədə növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir, amma 2025-ci ildə növbədənkənar seçkilərə gedilə bilər. Eks-nazir onu da bildirib ki, Ermənistan müxalifəti növbədənkənar seçkilərə hazır deyil. O, müxalifəti növbədənkənar seçkilərə hazırlığa başlamağa çağırıb.

Oskanyan etiraf edib ki, Ermənistanda seçkilər yolu ilə iqtidar dəyişikliyinə nail olmaq həqiqətən çətindir. "Ermənistanın növbəti hökumətinin kim olacağı artıq müəyyən edilib biz bunu 2018-ci ildə rəsmiləşdirmişik", - deyə pessimistcəsinə qeyd edən Vardan Oskanyan "müxalifət görməlidir" söyləyib.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət tədricən mürəkkəbləşməyə doğru gedir. Bununla da ölkə sonu görünməyən siyasi böhrana qədəm qoyur.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2024.- 11 dekabr (№ 273).- S.11.