Siqareti tərgitdikdən sonra zədələnmiş orqanların
bərpası üçün
25 il lazımdır
Sağlamlığa olduqca böyük zərər verən siqaret dünya miqyasında qeyri-infeksion xəstəliklərin və
bu xəstəliklərlə
əlaqəli ölümlərin
əsas səbəbidir.
Dünyada milyonlarla
insan tütündən
istifadə nəticəsində
ya sağlamlığından,
ya da həyatından
olur. Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) məlumatına görə,
hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri
nəticəsində yaranan
xəstəliklərdən həyatını itirir. Əgər tütün sənayesi bu şəkildə fəaliyyət
göstərməyə davam
edərsə, onun qurbanları 2100-cü ilə
qədər 572 milyonadək
arta bilər.
Tütün tüstüsünün
tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Bunlardan 250-si xüsusi təhlükəli
zəhərli, 70-i isə
xərçəng xəstəliyi
yaradan maddələr hesab edilir. Son
hesablamalara görə,
dünyada 3 milyona yaxın insan ağciyər xərçəngindən
əziyyət çəkir.
Bu isə olduqca yüksək rəqəmdir. Ən pisi isə odur
ki, siqaret tüstüsündən tütündən
istifadə etməyənlər
də ciddi şəkildə təsirlənir,
nikotin və buna bənzər kanserogen maddələrə
məruz qalırlar.
Ölümdən sonra
da sümüklərdə
əsrlər boyu qalıcı izlər buraxır
Tədqiqatçıların apardığı araşdırmalar
nəticəsində məlum
olub ki, tütün siqaret çəkənlərin sümüklərində
təkcə ömür
boyu deyil, ölümündən sonra
da əsrlər boyu qalıcı izlər buraxır. İngiltərənin Lester
Universitetinin tədqiqatçıları
Britaniyada XII-XIX əsrlərdə
dəfn edilmiş insan qalıqlarını araşdıraraq, tütünün
sümüklərə dərin
təsirini və sınıq riskinin artması kimi şərtlərlə əlaqəsini
müəyyən ediblər.
Tədqiqat tütünün
Qərbi Avropaya 500 il əvvəl gəlməsinin insanların
skelet quruluşunda necə əhəmiyyətli
dəyişikliklərə səbəb olduğunu üzə çıxarıb.
Skeletin tütün
çəkənə aid
olub-olmadığını müəyyənləşdirmək üçün arxeoloqlar
qəlyan istifadəsi
ilə bağlı ləkələri və ya aşınma əlamətlərini aşkarlamaqdan
ötrü adətən
dişlərdə izlər
axtarırlar. Bununla belə bu üsul
tez-tez dişlərin əskik olduğu və ya qalmadığı
hallarda disfunksional olur.
Lester Universitetinin
mütəxəssisləri məlum tütün istifadəçilərinin və
naməlum siqaret tarixçəsi olanların
sümüklərə güc
verən sıx xarici təbəqəsi olan 323 kortikal sümüyünü araşdırıblar.
Araşdırmanın həmmüəlliflərindən
biri olan doktor Sara İnskip
bildirib ki, tütün çəkənləri
çəkməyənlərdən fərqləndirən 45 fərqli
molekulyar xüsusiyyət
var: "Nəticələr
tütündən istifadənin
skelet quruluşuna təsir etdiyini göstərir. Davam edən tədqiqatımız
bu fərqlərin necə yarandığını
anlamaq məqsədi daşıyır ki, bu da tütündən
istifadənin bəzi dayaq-hərəkət sistemi
və diş xəstəlikləri üçün
nə qədər risk yaratdığı barədə biliklərimizə
təsir edə bilər. Siqaretin yumşaq toxumalara və orqanlara zərərli təsiri (məsələn, ağciyər,
sidik kisəsi və qırtlaq xərçəngi, həmçinin
insult və koronar arteriya xəstəliyi riskini artırır) geniş şəkildə qeyd olunsa da, onun
sümüklərə təsiri
az öyrənilib. Siqaret çəkmək aşağı sümük
sıxlığı, sınıq
riskinin artması və periodontit kimi sümüklə əlaqəli risklər doğurur. Bu tədqiqat təkcə siqaretin tarixən yayılmasına işıq
salmır, həm də tütünün insan sağlamlığına
geniş və davamlı təsirini nümayiş etdirir, həmçinin geniş yayılmış bu vərdişin skeletə təsiri haqqında dəyərli fikirləri ortaya çıxarır".
Tədqiqatın nəticələri
qorxuncdur
Siqaret çəkən
insanın ağciyərləri
və damarları heç vaxt bunu çəkməyən
biri kimi ola bilərmi? Bu sualın cavabını tapmaq üçün Cənubi
Koreya tədqiqatçıları
araşdırma aparıblar. Amerika Tibb Assosiasiyası tərəfindən nəşr
olunan "JAMA" jurnalında
dərc edilən araşdırmanın nəticələrinə
əsasən, 8 ildən
çox siqaret çəkib sonradan tərgidən insanlar hələ də siqaret çəkənlərlə
eyni infarkt və ya insult
riskinə sahibdirlər.
Tədqiqat çərçivəsində
mütəxəssislər 100 mindən çox keçmiş siqaret çəkənin və
4 milyondan çox heç vaxt tütün istifadə etməyənin sağlamlıq
məlumatlarını araşdırıblar.
Keçmiş siqaret çəkənlər siqareti
buraxdıqdan on il sonra izlənilib,
siqaret çəkməyə
başlayanda neçə
yaşında olduqları,
gündə neçə
dəfə siqaret çəkdikləri və
neçə yaşında
onu tərgitdikləri
kimi məlumatlar qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, bir insanın
siqareti tərgitdikdən
sonra ürək xəstəliyi riskinin orta səviyyəyə enməsi üçün
25 il vaxt lazımdır.
Bu günə qədər aparılan onlarca araşdırma siqaretin ürək çatışmazlığı ilə əlaqəli olduğunu göstərir.
Ürək əzələsi
qanı lazım olduğu kimi bədənə pompalaya bilmədikdə, adətən
çox zəif və ya sərt
olduğu üçün
bədənin orqanlarının
və toxumalarının
normal işləməsi
üçün lazım
olan oksigen və həyati vacib qidalarla təmin edə bilmir. Tütünün tərkibində asılılıq
yaradan toksin olan nikotin ürək
döyüntüsünün və qan təzyiqinin
təhlükəli artması
ilə sıx bağlıdır.
Müsbət dəyişiklik
dərhal başlayır
Mütəxəssislər siqaretdən imtina etdikdən sonra orqanizmdə müsbət dəyişikliklərin dərhal
başladığını qeyd edirlər. Tütün məmulatlarından
istifadəni dayandırdıqdan
1 saat sonra qanda stimullaşdırıcı
maddələrin səviyyəsi
azalmağa başlayır,
buna uyğun olaraq qan təzyiqi
və ürək döyüntüləri normala
qayıdır. 12 saat sonra qanda karbonmonoksit
səviyyəsi azalır,
oksigen səviyyəsi
artır və ağciyər özünü
təmizləməyə, 1 gündən sonra isə infarkt riski azalmağa başlayır. 3 gündən
sonra qanda nikotinin səviyyəsinin azalması səbəbindən
çəkilmə simptomları
yaranır. Baş ağrısı, gərginlik
və əsəbilik siqaret çəkmək istəyi ilə birləşir. Ətrafdakı
insanların dəstəyi
və güclü iradə ilə bu günlərin öhdəsindən asanlıqla
gəlmək olur.
Siqareti tərgitdikdən
3 ay sonra ürəklə yanaşı,
digər damarlarda da sağalma prosesi gedir. 1 ildən sonra infarkt, 5 ildən sonra insult və iflic riskinin
azalması müşahidə
edilir. Artıq 15 ildən sonra infarkt keçirmə riski siqaret çəkməyənlərə
yaxınlaşır, xərçəngə
tutulma riskində azalma tendensiyası davam edir. Nəhayət,
25 ildən sonra siqaretlə əlaqəli xəstəliklərdən ölüm
riski azalır və siqaret çəkməyənlərinkinə yaxınlaşır.
Tütün məhsullarından
imtina etmək üçün mütəxəssislər
ilk növbədə özünü
emosional və zehni olaraq hazırlamağın
vacibliyini vurğulayırlar.
Daha sonra istifadə edilən siqaret və alışqanları atıb,
bir müddət siqaret çəkilən sosial mühitlərdən
uzaq durmaq lazımdır. Siqareti tərgitmə dönəmində
hobbilərlə məşğul
olmaq, gəzintilərə
çıxmaq, idman etmək və bol su içmək
beyindəki dofamin səviyyəsini artıraraq
siqaret çəkmə
istəyini azaldır.
Bu dövr çətin
hesab edilsə də, nəticəsi möhtəşəmdir. Unudulmamalıdır
ki, insanlar siqaret asılılığından qurtulmaqla
sağlamlıqlarına ən
dəyərli töhfəni
vermiş olurlar.
Ülkər XASPOLADOVA,
Azərbaycan.-2024.- 11 dekabr
(№ 273).- S.11.