Tarixi romanlar müəllifi

 

 

Azərbaycan ədəbiyyatında daha çox tarixi romanları ilə tanınan Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov) vətənpərvər, doğulduğu yurda ürəkdən bağlı olan qeyrətli, milli düşüncəli, sözünü düz, mərdanə sərrast deyən yazıçı idi. Onun qələmə aldığı "Bozatın belində", "Gələcəyi yaradanlar", "Dərilməmiş salxımlar" "Sıyrılmış qılınc", "Şərq çiçəyi" başqa əsərlər bu gün oxucular tərəfindən sevilə-sevilə oxunur.

Cəlal Bərgüşad 1924-cü ilin iyununda Qubadlı rayonunun Qəzyan kəndində dünyaya göz açıb. Orta təhsilini kənddəki fəhlə-gənclər məktəbində alıb. Böyük Vətən müharibəsi başlayanda döyüşlərə yollananlardan biri o olub. Qanlı döyüşlərin birində ağır kəllə-beyin travması alan gələcəyin yazıçısı ordu sıralarından tərxis edilib.

Kiçik yaşlarından poeziyaya maraq göstərən Cəlalın "Cənub taydan əsən meh" adlı ilk şeiri Qubadlı rayonunda çıxan "Avanqard" qəzetində dərc olunub. Şeirlə yaradıcılığa başlayan Cəlal Bərgüşad ömrünün sonrakı illərində bir-birindən maraqlı nəsr əsərləri yazıb.

Cəlal Bərgüşad ali təhsil almaq arzusu ilə Qubadlıdan Bakıya üz tutub. Azərbaycan Dövlət Universitetinin Fılologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra  "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Qəzetin səhifələrində məktəblilər üçün bir-birindən dəyərli məqalə şeirlər yazıb.

1958-ci ildən isə Cəlal Bərgüşad Azərbaycan Dövlət Televiziya Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləməyə başlayıb. Burada çalışdığı illər ərzində onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilib. Çəkilən bu filmlər böyük tamaşaçı rəğbəti qazanıb. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunub.

Calal Bərgüşadın dəyərli əsərlərindən biri "Sıyrılmış qılınc" tarixi romanıdır. Romanda 30 ildən artıq bir dövrdə ərəb xilafətinə qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan xalqının igid sərkərdəsi Babək Xürrəminin həyatından qəhramanlığından bəhs olunur. Əsərdə Babəkin azadlıq istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı şanlı döyüşlər, o dövrün tarixi xronologiyası ardıcıllıqla təsvir edilir.

Müəllif əsərində obrazlarını fərdləşdirərək onların hər birini öz dili ilə danışdırır. Romanda ərəb, fars Azərbaycan dillərində atalar məsəlləri çəkilir. Obrazlar öz fikirlərini həmin atalar sözləri hikmətli kəlamlarla bəzəyir, özlərinin milli mənsubiyyətini, siyasi-ictimai mövqelərini nümayiş etdirirlər. Romanın dili sadə obrazlı olduğuna görə çox oxunaqlıdır. Hər bir sənət əsəri xalqın mənəvi sərvətidir bu sərvətin qiyməti onun müasirliyi baxımından xüsusilə qiymətlidir. "Sıyrılmış qılınc" zamanla səsləşən romandır. Təsadüfi deyil ki, bu romana ön söz yazan  akademik Ziya Bünyadov bu əsəri ədəbiyyatımızın ən dəyərli tarixi romanlarından biri hesab edirdi.

Erməni işğalçıları torpaqlarımıza hücum edən ilk günlərdən Cəlal Bərgüşad qələmini silaha çevirmişdi. Onun bir ayağı Qubadlıda, Laçında, Zəngilanda başqa bölgələrdə qalmışdı. Yazıçı cəbhə bölgələrinə səfərləri zamanı döyüşçülərlə görüşür, çıxışları ilə onların döyüş ruhunu yüksəldirdi. Təəssüflər olsun ki, torpaqlarımız ermənilər tərəfindən işğal olundu. Qoynunda dünyaya göz açdığı Qubadlının ermənilər tərəfindən ələ keçirilməsi yazıçını sarsıtdı, onu için-için üzdü.

Cəlal Bərgüşad torpalarımızın erməni işğalçılarından azad olunduğu günü görə bilmədi, ömür buna vəfa etmədi. O, 1996-cı il iyulun 9-da dünyasını dəyişdi. Amma xatirəsi dostlarının, doğmalarının qəlbində yaşayır. Yazıçı yaddaşlarda tarixi roman müəllifi kimi qalır.

 

Vahid MƏHƏRRƏMOV,

Azərbaycan.-2024.- 29 iyun, № 133.- S.8.