Kanada həmişə Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib
Prezident
İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin
olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də
Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə
və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini
qəbul edib.
AZƏRTAC xəbər
verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Sonra dövlətimizin
başçısı səfirlə söhbət etdi.
Kevin Hamilton Azərbaycanın
çox gözəl,
dinamik inkişaf edən və mühüm ölkə olduğunu vurğuladı.
Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh müqaviləsi imzalanarsa regionda əməkdaşlıq
üçün yeni imkanların yarana biləcəyinə ümidvarlığını
bildirən səfir dedi ki, biz
regionda daha yaxşı münasibətlərin
qurulmasını arzulayırıq
ki, bunun nəticəsində bizim həm Azərbaycan, həm də Ermənistan ilə əlaqələrimiz inkişaf
etsin.
Səfir Kanadanın
həmişə Azərbaycanın
suverenliyini və ərazi bütövlüyünü
dəstəklədiyini bildirərək,
ədalətli, əhatəli
və daimi sülh müqaviləsi üzərində fəal
iş aparıldığından
məlumatlı olduğunu
dedi.
Dövlətimizin başçısı
torpaqlarımızın işğalı
dövründə orada
etnik təmizləmə
və soyqırımının
törədildiyini, ərazilərimizin
kütləvi şəkildə
dağıdıldığını qeyd etdi. Prezident
İlham Əliyev həmin dövrdə münaqişənin həlli
ilə bağlı çox böyük səylər göstərildiyini,
lakin bu səylərin uğursuz olduğunu bildirdi. Belə ki, BMT Təhlükəsizlik Şurasının
üç daimi üzvü münaqişənin
həllinə nail ola bilmədi, daha doğrusu olmaq istəmədi. Onların hamısı Ermənistanın həyata
keçirdiyi işğalın
müxtəlif səbəblər
üzündən həmişəlik
olmasını istəyirdi.
Dövlətimizin başçısı
bu qənaətə prezidentlik fəaliyyətində
öz şəxsi təcrübəsi əsasında
gəldiyini dedi. Prezident İlham Əliyev 2003-cü ilin sonundan başlayaraq keçmiş Minsk qrupu üçlüyü
və Ermənistan tərəfi ilə dəfələrlə görüşdüyünü
xatırladı və
bütün bunların
heç bir nəticə vermədiyini
dedi. Dövlətimizin
başçısı bildirdi
ki, keçmiş Minsk qrupunun üzvləri və Ermənistan tərəfi bunu istəmirdi. Ermənistan tərəfi torpaqlarımızı həmişəlik
işğal altında
saxlamaq istəyirdi.
Dövlətimizin başçısı
bildirdi ki, hazırda biz ikitərəfli səviyyədə
daha yaxşı nəticələr görürük.
Kiminsə tərəfindən
bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası,
hətta nadir hal olan demarkasiya
məsələlərində razılıqlara gələ
bilirik. Azərbaycan Prezidenti qeyd etdi ki, düzdür,
hələ sülh müqaviləsi imzalanmayıb,
lakin artıq sərhədlərin delimitasiyasına
nail olunub.
Prezident İlham
Əliyev vurğuladı
ki, COP29 məsələsində
Ermənistan bizim bu tədbirə ev sahibliyi etməklə
bağlı məhdudiyyətini
aradan qaldırdı, biz isə onların
COP-un idarəedici orqanlarında iştirakına
qarşı çıxmadıq.
Dövlətimizin başçısı
qeyd etdi ki, açığı,
o, belə hesab etmir ki, Azərbaycan
ilə Ermənistan arasında sülh müqaviləsi bizim hansısa bir ölkə ilə ikitərəfli münasibətlərimiz
üçün mühüm
rol oynaya bilər.
Qlobal səviyyədə
diplomatik fəaliyyətimizi
şaxələndirdiyimizi deyən
dövlətimizin başçısı
Azərbaycan ilə Avropa İttifaqının
10 ölkəsi arasında
strateji tərəfdaşlıq
haqqında bəyannamənin
olduğunu qeyd etdi və vurğuladı
ki, bu sənədlərin
çoxu torpaqlarımızın
işğalı zamanı
Azərbaycan ilə Ermənistan arasında heç bir sülh müqaviləsi olmadığı bir dövrdə imzalanıb. Bu baxımdan Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsinin olmaması
hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi
üçün bir amil ola bilməz.
Dövlətimizin başçısı
bir məqamı da vurğuladı ki, Ermənistan 28 illik bir dövrdə
beynəlxalq hüququn
fundamental prinsipləri
ilə razılaşmaq
istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının
erməni qoşunlarının
Azərbaycanın işğal
olunmuş torpaqlarından
dərhal və qeyd-şərtsiz çıxarılmasını
tələb edən müvafiq qətnamələrinə
məhəl qoymadılar.
Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə
danışan bir çox ölkələr
Azərbaycanın ərazi
bütövlüyunə sadiqlik
bəyan etmirdilər.
Prezident İlham Əliyev vurğuladı ki, indi - biz
Ermənistanın işğalçı
ordusuna döyüş
meydanında qalib gəldikdən və onları torpaqlarımızdan
qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı
bəyanatlar eşidirik.
Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət
kəsb etmir. Azərbaycan Prezidenti qeyd etdi ki,
bu, torpaqlarımız
işğal altında
olan bir dövrdə önəmli
idi. Bəli, bir sıra Qərb
ölkələrində ermənipərəst
sentimentlərin mövcudluğu,
erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir
ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən
məsələlərinin 1-2 ilə həll edilməsi çətindir.
Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara
demək olar ki, dekabr ayında
başlanılıb. Çünki
ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası
“Dağlıq Qarabağ”
məsələsini salmaq
istəyirdi və bu, qəbuledilməz idi. Prezident İlham Əliyev vurğuladı ki, çünki bu, bizim daxili məsələmizdir.
Beləliklə, separatçı
rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar
cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi
ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti
Ermənistanın konstitusiyasının
dəyişdirilməsidir. Çünki
onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu,
baş verməyənə
qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.
Azərbaycan Prezidenti
qeyd etdi ki, bununla yanaşı,
hesab edir ki, danışıqlar prosesi çərçivəsində
kifayət qədər
sürətli irəliləyirik.
Dövlətimizin başçısı
dedi: “Zənnimcə sülh müqaviləsinin
mətni, ən azı əsas prinsipləri üzərində
işi bir neçə aya yekunlaşdıra bilərik.
Bildirim ki, işğal dövründə
vasitəçilərin planı
Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı
razılığa gəlməkdən
ibarət idi. Onlar paraflanmalı və daha sonra
isə mətn tərtib edilməli idi. Hesab edirik
ki, bu, bir
variant ola bilər - əsas prinsiplərlə bağlı
razılıq əldə
edilsin, onlar paraflansın və daha sonra mətn
üzərində iş
getsin”. Prezident İlham Əliyev qeyd etdi ki,
bu, onların konstitusiyaya dəyişiklik
edəcəkləri təqdirdə
baş tutacaq.
Qayıdış hüququ
ilə əlaqədar
səfirin şərhinə
cavabında Azərbaycan
Prezidenti bildirdi ki, qayıdış hüququ qarşılıqlı
şəkildə təmin
olunmalı, o cümlədən
də Qərbi Azərbaycan İcmasının
nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlətimizin başçısı
keçən yüzillikdə,
sonuncusu 1988-ci ildə
olmaqla müxtəlif mərhələlərdə köklü
Azərbaycan əhalisinin
indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz
qaldığını və
onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını
qeyd etdi.
Səfir dövlətimizin
başçısına hörmətini
ifadə edərək,
məlumatlara görə
minnətdarlığını bildirdi.
Azərbaycan
$g 2024.- 2 iyul, № 135.- S.2.