NATO-nun
məsləhətçisi: Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük
potensial görür
Almaniya Azərbaycanın
Avropadakı mühüm
siyasi və iqtisadi tərəfdaşlarından
biridir. Eyni zamanda, bu ölkə
Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın
mühüm rolunu yüksək qiymətləndirir.
Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr kifayət
qədər inkişaf
edib: ticarət dövriyyəsi genişlənib,
qarşılıqlı tədarüklər
artıb. Azərbaycanda
200 yaxın alman şirkəti fəaliyyət
göstərir. Bu şirkətlər sənaye,
kənd təsərrüfatı,
nəqliyyat, rabitə,
tikinti, bank, sığorta, ticarət və xidmət sahələrində fəaliyyət
göstərir. Bütün
bunları nəzərə
alaraq əminliklə deyə bilərik ki, Azərbaycan ilə Almaniya arasında əlaqələr
yeni inkişaf mərhələsinə qədəm
qoyacaq, bir sıra sahələrdə
əməkdaşlığın qurulması və genişləndirilməsi üçün
əlverişli imkanlar
yaranacaqdır.
Mövzu ilə
bağlı AZƏRTAC-ın
suallarına İqlim,
Enerji və Resurs Təhlükəsizliyi
üzrə Avropa Klasterinin (EUCERS)/Təhlükəsizlik,
Strategiya və İnteqrasiya üzrə Təkmil Araşdırmalar
Mərkəzinin (CASSIS) Tədqiqat
şöbəsinin rəhbəri,
NATO-nun Enerji və İqlim Təhlükəsizliyi üzrə
məsləhətçisi Frank Umbax cavab verir.
- Cənab Umbax,
Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin hazırkı
səviyyəsini necə
qiymətləndirirsiniz?
- Ümumiyyətlə, ikitərəfli iqtisadi əlaqələr sabitdir və genişləndirilə
bilər. Almaniya Azərbaycanın ümumi
ticarət dövriyyəsinin
3,56 faizini təşkil
etməklə (2023 il)
Azərbaycanın ən
mühüm xarici ticarət tərəfdaşları
arasında 5-ci yeri tutur. Almaniya Azərbaycandan demək olar ki, yalnız
xam neft idxal edir ki,
bu da 2023-cü ildə 1,2 milyon ton təşkil edib. Digər Almaniya idxalı arasında fındıq hələ də liderdir. Almaniyanın Bakıya tədarükünə
əsasən nəqliyyat
vasitələri, maşın
və avadanlıqlar,
o cümlədən elektrik
sənayesi, əczaçılıq,
kimya və qida məhsulları daxildir. 2023-cü ildə
250 milyon avro dəyərində (təxminən
2500 ədəd) Aİ-dən
idxal edilən bütün minik avtomobillərinin yarısı
Almaniyanın payına
düşür. Dərman
tədarükü 16 faiz
artaraq 44 milyon avroya çatıb. Bundan əlavə, Azərbaycanın Almaniyadan
idxal etdiyi mallar əsasən maşın, nəqliyyat vasitələri, elektronika,
kimya məhsulları və istehlak mallarından ibarətdir. Ölkə öz sənaye bazasını gücləndirməyə, texnologiya
və təcrübəni
xaricdən idxal etməyə çalışır.
- Son üç
ildə Azərbaycan və Almaniya arasında həyata keçirilən ən mühüm iqtisadi layihələr hansılardır?
- Almaniya Federal İqtisadiyyat
və Energetika Nazirliyinin statistikasına əsasən, 2020-ci ildə
Almaniya ilə Cənubi Qafqaz ölkələri arasında
ümumi ticarət həcminin təxminən
65 faizi Azərbaycanın
payına düşüb.
İqtisadiyyat və İxrac Nəzarəti
Federal İdarəsinin məlumatına
görə, 2020-ci ildə
Azərbaycan Almaniyanın
neft tədarükçüləri
arasında 9-cu yerdə
qərarlaşıb. 2020-ci ildə Almaniyaya 2,5 milyon tona yaxın
Azərbaycan nefti tədarük edilib. Azərbaycan xüsusilə
Orta Dəhliz layihəsi çərçivəsində
Şərqlə Qərb
arasında körpü
kimi inkişaf edir. Artan ticarət
və investisiya axınının öhdəsindən
gəlmək üçün
Azərbaycanın logistika
və infrastrukturuna daha çox investisiya qoyulmasına böyük ehtiyac var. Ona görə
də alman şirkətləri bu məsələdə yardım
etməyə hazırdır.
- İki ölkə
arasında ticarət dövriyyəsi hansı səviyyədədir?
- 2023-cü ilin sonunda
Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi
2022-ci illə müqayisədə
45,4 faiz artaraq 1,82 milyard dolları ötüb. Son bir ildə Azərbaycandan
Almaniyaya 907,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu
da 2022-ci illə müqayisədə 53,5 faiz
çoxdur. Almaniyadan Azərbaycana idxal 38,1 faiz artaraq 916,4 milyon dollar təşkil
edib.
- Azərbaycan iqtisadiyyatının
hansı sahələri
alman investorlarını
maraqlandıra bilər?
- Azərbaycan bərpaolunan
enerji mənbələrinin
istehsalında - günəş
enerjisi, külək enerjisi və yaşıl hidrogen baxımından böyük
potensiala malikdir.
Aİ karbonun azaldılması
hədəflərinə nail
olmaq üçün
bu potensialdan istifadə etməkdə çox maraqlı olardı. Ona görə də biz Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün
böyük potensial görürük. Alman şirkətləri öz
texnologiyaları və
təcrübələri ilə
bu baxımdan böyük töhfə verə bilərlər. Biz də Azərbaycana
böyük maraq göstəririk və son vaxtlar enerji
sektoru ilə bağlı bir çox investisiyalardan məmnunuq. Məsələn,
Almaniya və Azərbaycan şirkətləri
arasında alüminium
istehsalı üzrə
birgə müəssisə
var.
- Azərbaycan Avropa
İttifaqı ilə
əlaqələri inteqrasiya
deyil, strateji əməkdaşlıq səviyyəsində
qurmaq niyyətindədir.
Bu baxımdan Almaniya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa
baxışınız necədir?
- Azərbaycan Aİ-nin tamhüquqlu üzvü olmadığı
üçün hər
iki tərəf iqtisadi və siyasi əlaqələrinin
genişləndirilməsində və dərinləşməsində
maraqlıdır. Çünki
Almaniya öz idxal və ixracını
şaxələndirməkdə, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiyada siyasi sabitliyin artırılmasında
maraqlıdır. Almaniya
Azərbaycanla enerji sahəsində əməkdaşlıqda
böyük potensial görür.
- Azərbaycan Aİ üçün ticarət
tərəfdaşı kimi
nə dərəcədə
vacibdir?
- Rusiyaya qarşı
mümkün enerji embarqosunun müzakirəsi
zamanı Azərbaycan
Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb
etdi. Türkiyədən
keçməklə İtaliyaya
gedən TANAP qaz kəməri tam gücü ilə (ildə təxminən on milyard kubmetr)
işləyir. İkinci
xəttin tikintisi ilə bağlı beynəlxalq qurumlarla danışıqlar davam edir. Ölkə xam neft və
qazın qiymətlərinin
yüksəlməsindən faydalanır, eyni zamanda ixrac həcmini
artırır. Lakin gələcəkdə Azərbaycan
da mövcud boru kəmərləri vasitəsilə hidrogen ixrac etmək istərdi. İlk layihələr artıq mövcuddur.
- İyunun əvvəlində
Bonnda BMT-nin Beynəlxalq İqlim Konfransı keçirildi. Sizcə, bu il COP29-da müzakirə olunacaq mövzularla bağlı Bonnda hansı qərarlar qəbul edilib? Hansı təşkilati addımlar tövsiyə olunur?
- Bonnda keçirilən
BMT-nin Beynəlxalq İqlim Konfransı irəliyə doğru yalnız təvazökar addımlar və nəticələr verdi. Ən vacib suallar,
G7 kimi daha zəngin ölkələrin
yoxsul ölkələr
üçün kifayət
qədər maliyyə
təmin edib-etməyəcəyi
və yoxsul ölkələr üçün
illik 100 milyard dollar məbləğində
maliyyələşdirmə hədəfinin Bakıda keçiriləcək növbəti
COP29 iqlim sammitində
dəyişdirilib- dəyişdirilməyəcəyidir.
İkinci sual, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş
Ərəb Əmirlikləri
və Hindistan kimi digər dünya iqtisadi gücləri də üçüncü dünya
ölkələri üçün
pul ödəməyə
hazırdırmı? Artıq
“inkişaf etməkdə
olan ölkə” deyil, dünyanın ən böyük iqtisadiyyatı və texnologiya super gücü olan Çin qlobal CO2 emissiyalarının üçdə
birini təşkil edir. Bundan əlavə,
2030-cu ilə qədər
qlobal emissiyaları 43
faiz azaltmağı hədəfləyən ölkələri
emissiyalarını azaltmağa
həvəsləndirmək üçün hazırlanmış
karbon ticarəti qaydaları ilə bağlı indiyədək
çox az irəliləyiş əldə
edilib. Tərəflərin
2030-cu ilə qədər
onların həyata keçirilməsi istiqamətində
irəliləyiş əldə
etmək üçün
2025-ci ilin sonuna qədər Milli Uyğunlaşma Planlarını
nə dərəcədə
hazırlayacaqları da
hələ də görünməkdədir. Bu
günə qədər
yalnız 58 inkişaf
etməkdə olan ölkə Milli Uyğunlaşma Planlarını
təqdim edib. COP29-dan
sonra qarşıda duran ən böyük
sual Trampın yenidən ABŞ-ın növbəti Prezidenti olub-olmayacağı və
daha sonra Trampın əvvəlki prezidentliyi dövründə
etdiyi kimi, Bayden dövründəki
ABŞ-ın iddialı
iqlim siyasətlərini
yenidən geri götürməyəcəyi olacaq.
Suallar həmçinin
Aİ-nin gələcək
iqlim siyasətini əhatə edir, çünki maliyyələşdirmə
siyasətinin prioriteti
təhlükəsizlik və
müdafiəyə doğru
dəyişir.
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.8.