Füzuli
ənənələrini lirik
qəzəllərində davam
etdirən şair
Ədəbi yaradıcılığı
ilə Azərbaycan mənəvi xəzinəsini
zənginləşdirən böyük maarifçi Seyid
Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə
1835-ci ilin iyul ayında Şamaxı şəhərində Qalabazar
məhəlləsində, ruhani
ailəsində anadan olub. Yeddi yaşında
ikən atasını
itirən Seyid Əzimi Dağıstanın
Yaqsay kəndində yaşayan babası Molla Hüseyn yanına gətirir. On il Dağıstanda yaşayan Seyid Əzim ilk təhsilini
də orada almışdır.
A.Zaxarovun yazdığına
görə, Dağıstanda
yaşadığı müddətdə
Seyid Əzim türk, fars və ərəb dilləri ilə yanaşı, Dağıstan
xalqının dilini də öyrənmişdir. 1853-cü ildə
anası Səkinə
xanımla Şamaxı
şəhərinə dönən
Əzim elə həmin illərdə Şamaxı mədrəsəsində
oxuyub orta ruhani təhsili almışdır. 1854-cü ildə anası Səkinə xanımın tövsiyəsi
ilə məhəllələrindən
olan Seyid Məhəmməd ocağına
böyük hörmət
və etiqad göstərən Məşədi
Möhsün kişinin
qızı Ceyran xanımla ailə qurmuşdur.
Ali ruhani təhsili almaq həvəsi ilə gənc Seyid Əzim Şərq ölkələrinə, əvvəl
İraqa - Nəcəf
və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə getmişdir.
İraqda ali dini təhsil alıb Vətənə qayıdan Seyid Əzim bir müddət
sonra səfərə
çıxır. Bu dəfə Məkkə və Mədinədən keçərək Misirə,
Qahirə şəhərinə
gedir. Vətənə
qayıtdıqdan sonra
ruhani olmaq fikrindən daşınaraq
yeni üsullu məktəb açıb
müəllimlik edir. Maarifçi şair köhnə mollaxanadan fərqli olaraq, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı,
Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab fənlərindən ibtidai məlumatlar verirdi.
Pedaqoji fəaliyyəti
zamanı ana dilində dərsliyə ciddi ehtiyac olduğunu
görən Seyid Əzim bu məqsədlə
uşaqlar üçün
tərbiyəvi parçalar
toplayıb tərcümə
edir və özünün yazdığı
mətnləri 1878-ci ildə
bir yerə yığaraq birinci və ikinci sinif şagirdləri üçün dərslik
tərtib edir. Nəşrə təqdim etdiyi bu dərslik
rəsmi dövlət
sənədlərində "Rəbiül-ətfal" adlandırılıb.
Azərbaycan məktəb
tarixində ilk mükəmməl tədris
kitablarından olan
"Rəbiül-ətfal" dərsliyindəki mənzum
hekayə, öyüd-nəsihət
və təmsillər
müxtəlif tərbiyəvi
əhvalatların təsvirindən
ibarətdir.
Seyid Əzim
"Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı dərs kitabından başqa, "Tacül-kütüb"
adlı dərslik də yazıb. Bu dərsliyə şairlərdən və
müxtəlif ədəbi
mənbələrdən etdiyi
tərcümələri də
daxil edib. Seyid Əzim həmin dərsliyi əlyazma şəklində
o zamanlar Qori seminariyasının tatar şöbəsinin müdiri
A.Çernyayevskiyə göndərir
və A.Çernyayevski
də həmin kitabdan bir neçə
hekayə alıb, tərtib etdiyi "Vətən dili" dərsliyində çap edir.
Şair qəzəl,
rübai, qəsidə,
mərsiyə, həmçinin
hekayə, təmsil, nəsihətnamə, ədəbi
işlər janrlarında
əsərlər yazıb.
Lirik qəzəllərində
Füzuli ənənələrini
davam etdirən Seyid Əzim satirik şeir və təmsillərində
ruhanilərə tənqidlə
yanaşıb, geriliyin
və cahilliyin əleyhinə çıxış
edərək insanları
maarifə və mədəniyyətə çağırıb.
Mütərəqqi baxışlarına
görə hakim dairələrin təzyiqi
ilə üzləşən
şair siyasi cəhətdən şübhəli
bilinərək müəllimlikdən
azad edilir. Haqqında çıxarılan
qərarla razılaşmayan
S.Ə.Şirvani Tiflisə
şikayətə gedərək
haqsız qərarın
ləğvinə nail
olaraq müəllimliyə
bərpa edilir.
Seyid Əzim bütün maddi və mənəvi çətinliklərə baxmayaraq,
18 ildən artıq öz məktəbində
müəllimlik edir. Nəhayət, bir tərəfdən mövhumatçıların
və ruhanilərin müxtəlif bəhanələrlə
ona qarşı hücuma keçmələri,
digər tərəfdən
də o zaman Şamaxıda dövlət
tərəfindən açılan
şəhər məktəbinin
təsiri nəticəsində
get-gedə həmin məktəb artıq öz fəaliyyətini dayandırmağa məcbur
olur. Seyid Əzim Şamaxıda açılmış həmin
şəhər məktəbinə
müəllim təyin
edilir, ömrünün
sonuna qədər orada Azərbaycan dili və ədəbiyyat
dərslərini deyir.
Zaqafqaziya tədris dairəsi Seyid Əzim Şirvaninin maarif sahəsindəki xidmətlərini nəzərə
alaraq, 1886-cı ildə
onu gümüş medalla təltif edir.
Böyük maarifçi
Seyid Əzimin 1888-ci il mayın 20-də Şamaxıda 52 yaşında məscid qapısında yaradılan
süni basabasda vəfat etdiyi qeyd edilsə də, ortalıqda şairin mövhumatçı insanlar
tərəfindən qətlə
yetirilməsi iddiası
da var.
XIX əsr Azərbaycan
ədəbiyyatı xəzinəsinə
dəyərli əsərlər
bəxş edən, zəngin yaradıcılığı
ilə adını Azərbaycan ədəbiyyatı
tarixinə qızıl
hərflərlə yazan
pedaqoq, böyük maarifçi, Azərbaycan realist şeirinin banilərindən biri olan Seyid Əzim
Şirvani vəsiyyətinə
əsasən Şamaxıdakı
"Şah Xəndan"
qəbiristanlığında dəfn olunub.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
2 iyul, № 135.- S.12.