“Fiqaronun
toyu” tamaşası 84
ildən sonra ilk dəfə Azərbaycan səhnəsinə
çıxıb
Azərbaycan
Dövlət Milli Gənc Tamaşaçılar Teatrında
fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə
yazdığı “Fiqaronun toyu” pyesi əsasında
hazırlanan eyniadlı tamaşanın premyerası olub.
AZƏRTAC xəbər
verir ki, səhnə əsərinin quruluşçu rejissoru
Əməkdar artist Nicat Kazımovdur. Motsartın eyniadlı
operasının musiqilərindən istifadə olunan
tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev,
musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Tamaşanın
quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov
AZƏRTAC-a açıqlamasında bildirib ki, teatr milli status
alandan sonra təhvil verdiyi birinci böyük tamaşadır.
Azərbaycanda sözügedən əsərə 1940-cı
ildə, yəni 84 il bundan əvvəl müraciət olunub:
“Pyer Bomarşenin “Fiqaronun toyu” əsəri bütün
dünyada çox məşhur olan əsərlərdən
biridir. Varlı və zəhmətkeş təbəqənin
qarşıdurması ilə başlanan tamaşada hadisələr
müxtəlif formalarla cərəyan edir. Foyedə də
tamaşanın bir hissəsi olaraq, toy ab-havasını yaratmaq
məqsədilə oğlan və qız evi zərfləri də
düzülüb. Bunu etməkdə məqsəd
tamaşaçıların öz ürək sözlərini
yaza bilmələri üçün şərait
yaratmaqdır. Düşünürəm ki, Azərbaycan
tamaşaçısının yaxşı bir dinamik komediyaya
ehtiyacı var idi. Həmçinin aktyorların da.
Çünki teatrımızda ard-arda dramatik və faciə
janrında əsərlər oynanılırdı. “Fiqaronun
toyu” isə fərqlilik gətirdi. Səhnə əsərində
teatrın iki heyəti çıxış edəcək. Bu
tamaşanın bir parçası olaraq səhnəni dəyişməyi
də məhz aktyorlar özləri edir. Tamaşa bu il üçün
artıq teatrda səhnələşdirilən beşinci
premyeradır.
Bundan sonra
dekabra kimi daha iki tamaşa təhvil vermək planımız
var. Bunlardan biri “Cırtdan”, ikincisi isə İlqar Fəhminin
“Şahnamə” əsərləri olacaq".
Tamaşada
Qrafinya rolunu ifa edən Əməkdar artist Kəmalə
Müzəffər komediya janrında özünü heç
zaman sınamadığını qeyd edib: “Mənim
canlandırdığım obraz həyat yoldaşını
itirmiş və geri qaytarmaq üçün saysız planlar
fikirləşən saray xanımıdır. Bu, daxili aləmi
qəmgin olan obrazdır. Reallaşdırdığı planlar
bəzən uğurlu, hərdən isə, tamamilə
uğursuz olur. Amma nəticədə onun taktikası öz nəticəsini
verir. Tamaşada rol almaq mənim üçün çox
xoşdur”,- deyə Əməkdar artist əlavə edib.
Azərbaycan.-2024.-
2 iyul, ¹ 135.- S.12.