Çinin
BYD şirkəti ilə
əməkdaşlığa dair sənədlər imzalanıb
İyulun 2-də Baş
nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə
ölkəmizdə avtobus
parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin
“BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə
sazişi imzalanıb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin
kommersiya avtomobilləri
üzrə icraçı
direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel
Rüstəmov imzalayıblar.
Çərçivə sazişi
elektrik mühərrikli
avtobusların alınmasını,
onlara xidmətin göstərilməsini, ölkəmizdə
istehsalın qurulmasını
və lokallaşlaşdırılmasını
nəzərdə tutur.
Tədbirdə çıxış
edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan və Çin prezidentlərinin birgə səyləri ilə ölkələrimiz
arasında ikitərəfli
münasibətlərin bu
gün bütün sahələrdə uğurla
inkişaf etdiyini bildirib. Əlaqələrimizin
dostluq, qarşılıqlı
anlaşma və dəstək prinsiplərinə
əsaslandığı qeyd
olunub.
Bildirilib ki, Çin şirkətlərinin
Azərbaycanda rahat və səmərəli fəaliyyət göstərməsi
üçün bütün
lazımi şərait
təmin edilib və çoxsaylı Çin şirkətləri
ölkəmizdə yaradılan
əlverişli və
şəffaf biznes mühitindən bəhrələnir.
BYD şirkəti ilə
əməkdaşlığın uğurlu olacağına və bu gün
imzalanacaq sənədlərin
Azərbaycan-Çin qarşılıqlı
faydalı əlaqələrinin
daha da genişləndirilməsinə
töhfə verəcəyinə
əminlik ifadə olunub.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi Birləşmiş Millətlər
Təşkilatının İqlim
Dəyişiklikləri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransı
(COP 29) ərəfəsində sözügedən müqavilənin
imzalanması ölkəmizin
iqlim dəyişiklikləri
ilə mübarizə
üzrə qlobal səylərə sadiqliyini
bir daha vurğulayır.
Saziş çərçivəsində
BYD şirkəti ölkəmizdə
əlavə dəyər
zəncirinin inkişaf
etdirilməsi məqsədilə
yeni istehsal sahələrinə də
investisiya qoymağı
nəzərdə tutur.
Belə ki, şirkətlə 2026-cı ildən
aşağıtonnajlı yük
elektrik avtomobillərinin,
kommunal təsərrüfat
üçün elektrik
mühərrikli avtonəqliyyat
vasitələrinin, elektrik
mühərrikli minik avtomobilinin istehsalı və 2028-ci ildən isə elektrik enerjisinin saxlanması üçün batareyaların
yığımı kimi
sahələrdə əməkdaşlıq
planlaşdırılır. Bu layihələrə şirkət tərəfindən
ümumilikdə təqribən
60 milyon ABŞ dolları
məbləğində əlavə
investisiyanın qoyulması
planlaşdırılır.
Azərbaycan Prezidentinin
müvafiq Sərəncamı
ilə elektrik mühərrikli avtobusların
ölkəmizdə bu
sahədə istehsalı
həyata keçirəcək
şirkətdən alınmasına
qərar verilib. Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı müəssisəsi
fəaliyyətə başladıqdan
sonra isə tələbat daxili istehsal hesabına ödəniləcək. Hazırkı
mərhələdə “BakuBus”
MMC tərəfindən BYD şirkətindən
160 ədəd elektrik
mühərrikli avtobus
və 100 ədəd enerjidoldurma aparatı alınacaq. Avtobusların
2024-cü il oktyabrın
31-dək mərhələli şəkildə gətirilərək
Bakı şəhərində
marşrut xəttinə
çıxarılması planlaşdırılır.
BYD ilə əməkdaşlıq
çərçivəsində 2025-ci ildə yerli istehsalın qurulması və ehtiyat hissələrinin mərhələli
şəkildə lokallaşdırılması
planlaşdırılır. Lokallaşdırılmanın 2030-cu ilədək avtobusların
ümumi maya dəyərinin 40 faizini təşkil etməsi nəzərdə tutulur. Layihə ilə bağlı müqavilənin
bu ilin sentyabr
ayında imzalanması
planlaşdırılır.
Ölkəmizdə elektrik
avtobuslarının istehsalı
layihəsində “Azərbaycan
İnvestisiya Şirkəti”
ASC payçı kimi iştirak edəcək. Layihə üzrə BYD şirkətinin Azərbaycandan
olan tərəfdaşı
“SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” MMC-dir.
Çinin BYD şirkəti
tərəfindən Sumqayıt
Kimya Sənaye Parkında qurulacaq zavodda elektrik mühərrikli avtobusların
istehsalına ilkin olaraq 34 milyon ABŞ dolları həcmində investisiyanın qoyulması
nəzərdə tutulub.
Şirkət tərəfindən
daxili tələbat və ixrac imkanları
nəzərə alınmaqla
illik istehsal həcminin 500 ədəd olması nəzərdə
tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin
yaradılması planlaşdırılır.
1995-ci ildə yaranmış
BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin
rekord satışını
həyata keçirməklə
dünya birincisi olub və şirkət
avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpaolunan
enerji və dəmir yolu nəqliyyatı sahələrində
son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı
texnologiya şirkətlərindən
biri hesab olunur.
Azərbaycan.-2024.-
3 iyul, ¹ 136.- S.6.