Reallığın yaratdığı zərurət

 

 

Qarabağ Şərqi Zəngəzurda ilk dəfə keçiriləcək parlament seçkiləri qanunvericilik tariximizdə yeni səhifə açacaq

 

 

 

Son 4 ildə əldə edilmiş möhtəşəm tarixi qələbələr, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində uğurla ardıcıl şəkildə həyata keçirilmiş çoxşaxəli islahatlar nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Böyük Zəfərimizdən sonra regionda yaranmış yeni reallıqlar ictimai-siyasi vəziyyət bir sıra mühüm proseslərin həyata keçirilməsinə imkan verib. İlk dəfə olaraq ölkənin bütün ərazisində növbədənkənar prezident seçkiləri keçirilib. Otuz ildən sonra işğal altında olan ərazilərdə seçicilər səsvermədə iştirak edərək vətəndaşlıq borclarını yerinə yetiriblər.

İndi isə Azərbaycan növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət isə onun ölkəmizin bütün ərazilərində keçirilməsidir.

Əgər 2020-ci ildə Vətən müharibəsi tariximizin səhifələrinə Şanlı Zəfər sözünü həkk etdisə, 2023-cü ilin 20 sentyabrı Böyük Zəfərin davamı olaraq lokal antiterror tədbirləri ilə ərazi bütövlüyümüzün süverenliyimizin tam bərpası reallaşdısa, 2024-cü ilin 7 fevralı şanlı tariximizə bütöv Azərbaycanda ilk Prezident seçkiləri kimi yazıldısa, 1 sentyabr günü tariximizə bütün ərazilərimizdə keçirilən ilk parlament seçkiləri günü kimi yazılacaq.

Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir Konstitusiyanın 98-ci maddəsinin II hissəsinə əsasən isə növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Seçkilərin keçirilməsi müddətinin önə çəkilməsi bir sıra mühüm məqamlarla əlaqədardır.

Prezident İlham Əliyevin sərəncamı ilə altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması növbədənkənar seçkilərin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır. İlk dəfə olaraq parlament seçkilərinin işğaldan azad edilmiş ərazilərdə keçirilməsi ölkəmizin ərazi bütövlüyünün qanunvericilik müstəvisində təsdiqinin bariz nümunəsi olmaqla yanaşı, xalqımızın sürətlə inkişaf edən demokratik Azərbaycan naminə səsvermə prosesinə güclü dəstək verdiyini dünyaya nümayiş etdirəcək.

Parlament seçkilərinin növbədənkənar keçirilməsini şərtləndirən mühüm amillərdən biri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsinin noyabr ayına təsadüf etməsidir. İstər Azərbaycanın, istərsə Cənubi Qafqaz regionunun ictimai-siyasi həyatında strateji əhəmiyyətə malik belə mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın böyük hörmətin göstərisidir. Digər tərəfdən ölkəmizin üzərinə böyük məsuliyyət düşür. Belə ki, 80 minə yaxın əcnəbi qonağın Azərbaycana təşrif buyuracağı qlobal əhəmiyyətli qərarların qəbul olunacağı COP29-un yüksək səviyyədə keçirilməsi zəruriyyətini ortaya qoyur.

Artıq Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərinə start verib. MSK "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" 2023-cü il 5 dekabr tarixli Qanunla əlaqədar olaraq bəzi seçki dairələrinin hüdudlarında dəyişiklik edib. Seçki Məcəlləsinin tələbləri əsas götürülərək, habelə yerli digər şərait nəzərə alınmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi diqqətdə saxlanılaraq 96 saylı Goranboy, 97 saylı Tərtər-Naftalan-Goranboy, 118 saylı Ağdam şəhər, 119 saylı Ağdam kənd 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin hüdudlarında adlarında qismən dəyişikliklər olunmasına qərar verilib. Qərara əsasən yuxarıda qeyd edilən seçki dairələri müvafiq olaraq 96 saylı Goranboy-Naftalan, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 118 saylı Ağdam-Xocalı, 119 saylı Ağdam 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi adlandırılıb.

İndi soydaşlarımız məcburi köçkün statusunda deyil, öz doğma torpaqlarında seçki hüquqlarından istifadə edəcəklər. Hər bir vətəndaşın həyatında bu xüsusi bir hadisədir. Növbədənkənar parlament seçkiləri bundan sonrakı mərhələdə əsas diqqətimizi mühüm məsələlərin həllinə yönəltməyə imkan verəcək. Çünki parlament seçkiləri özlüyündə olduqca mühüm siyasi hadisədir.

Suverenliyini tam təmin etmiş Azərbaycanda ilk dəfə keçirilən Prezident seçkilərində olduğu kimi, qarşıdakı Milli Məclisə seçkilərdə xalq öz düzgün seçimi ilə layiqli namizədlərinə səs verməklə, ölkəmizin müasir tarixində yeni səhifə açmış olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 3 iyul (№ 136).- S.11.