Azərbaycanın əsas şərti

 

 

Ermənistan ərazi iddialarından əl çəkməsə, sülh olmayacaq

 

 

 

İyulun  1-də Prezident İlham Əliyev Kanadanın ölkəmizə yeni təyin edilmiş səfirinin etimadnaməsini qəbul edən zaman Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan danışıqlara toxunub. Dövlət başçısı sülh müqaviləsi ilə bağlı Azərbaycanın əsas şərtlərindən birini bir daha səsləndirib ki, bu da Ermənistan konstitusiyasında dəyişikliklə bağlıdır. Yəni, Ermənistan konstitusiyasında dəyişiklik olmayacaqsa, Azərbaycana olan ərazi iddialarından əl çəkilməyəcəksə, onda iki ölkə arasında sülh olmayacaq.

Günün müzakirə olunan mövzusu ilə bağlıAzərbaycanqəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan konstitusiyasında dəyişiklik edilmədən Azərbaycanla sülh sazişi imzalayarsa, bu, sadəcə olaraq onun zaman udmasına xidmət edəcək. Çünki Ermənistan konstitusiyasının 116-cı maddəsinin üçüncü bəndində göstərilir ki, Hayastannın imzaladığı beynəlxalq sənəd konstitusiya ilə ziddiyyət təşkil edə bilməz. Ziddiyyət təşkil edərsə, o sənəd ratifikasiya olunmayacaq.  Belə olan halda Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayarsa, bu, onun üzərinə heç bir öhdəlik qoymayacaq. “Yəni bu sənədin hüquqi əsası olmayacaq. Ermənistan ilk fürsətdə yenə Azərbaycana qarşı ərazi iddialarını irəli sürəcək. Bu baxımdan Prezident İlham Əliyev çox haqlı olaraq Ermənistanda konstitusiya dəyişikliyini sülhün əsas şərtlərindən biri kimi irəli sürür”.

Deputatın sözlərinə görə, ölkə rəhbəri vurğulayıb ki, vaxtilə Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin tənzimlənməsinə cəhdlər göstərilsə , heç bir nəticəsi olmayıb. ATƏT-in keçmiş Minsk qrupu münaqişəni tənzimləmək istəmirdi, BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud olsa da, Ermənistan onların icrasını həyata keçirmirdi. Həmin qətnamələrdə Ermənistan qoşunlarının qeyd şərtsiz Azərbaycan ərazilərindən çıxması tələb olunurdu. Lakin Ermənistan hər zaman olduğu kimi beynəlxalq hüquq normalarına biganə yanaşırdı: “Ölkəmizin rəhbəri bildirdi ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında olduğu dövrdə ərazi bütövlüyünün dəstəklənməsi çox vacib idi. Lakin bu istiqamətdə hər hansı mövqe olmayıb”.

E.Mirbəşiroğlu deyib ki, dövlətimizin başçısı növbəti dəfə beynəlxalq ictimaiyyətə yönəlik bir mövqeyimizi aydın şəkildə bəyan edib. Prezident bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh məsələsi bizim digər ölkələrlə münasibətlərimizə hər hansı formada təsir göstərə bilməz. Bu, Azərbaycanla Ermənistan arasında olan məsələdir. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır. Buna görə kənar müdaxilələr olmamalıdır.

Deputat vurğulayıb ki, ötən ilin dekabrından başlayaraq Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar mövcuddur sərhədlərin delimitasiya demarkasiyası təcrübəsi formalaşıb: “Bu, nümayiş etdirir ki, iki tərəf öz arasındakı məsələni müzakirə edib, həlli yollarını tapa bilir. Azərbaycan ərazi bütövlüyünü öz gücü hesabına təmin edib. İndiki mərhələdə Azərbaycanın ərazi bütövlüyünün kimsə tərəfindən tanınmaması elə bir mahiyyət kəsb etmir. Ölkə Prezidenti Azərbaycanın güclü mövqeyini göstərib. Bizim mövqeyimiz, tələblərimiz haqlıdır. Əgər Ermənistan həqiqətən regionda sülh istəyirsə, hər şeydən öncə Azərbaycanın haqlı tələblərinə əməl etməlidir”.

Müsahibimiz bildirib ki, Azərbaycanın əsas tələbi Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının olmadığını sübut etməsidir. Bu da həmin ölkənin konstitusiyasına dəyişiklik yolu ilə mümkün ola bilər.

Prezident həmçinin sülh müqaviləsinin mətni üzərində işlərin getdiyini xatırladaraq bildirib ki, Ermənistan tərəfi Azərbaycanın çağırışlarına uyğun addım atarsa, bir neçə ay ərzində sülh müqaviləsi üzərində işlər tamamlana bilər. Əsas prinsiplər üzərində razılıq əldə edildikdən sonra sülh müqaviləsinin mətninin yekunlaşdırılması istiqamətində addımlar atmaq olar: “Ölkə rəhbəri bu mənada ATƏT-in keçmiş Minsk qrupunun Madrid prinsiplərinə işarə etdi. Yəni öncə prinsiplər razılaşdırılsın, ondan sonra isə sənədin imzalanması baş tuta bilər. Prezident İlham Əliyev təcrübəyə istinadən bunun mümkünlüyünü vurğuladı. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan regionda dayanıqlı sülhün təmin olunması istiqamətində qətiyyətli mövqeyə iradəyə sahibdir”.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 3 iyul (¹ 136).- S.12.