Qərbi
Azərbaycan İcmasında
yerli rayon icmalarının cari ilin birinci yarımilliyi
üçün hesabat
iclası keçirilib
Qərbi Azərbaycan
İcmasında yerli rayon icmalarının 2024-cü ilin birinci
yarımilliyi üçün hesabat iclası keçirilib.
İcmadan
AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin
sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli
hazırda Qərbi Azərbaycanın bütün ərazilərini
proporsional şəkildə əhatə edən 21 yerli
icmanın fəaliyyət göstərdiyini, həmin
rayonları təmsil edən nüfuzlu şəxslərin
ictimai əsaslarla 5 il müddətinə icma sədri vəzifəsinə
təyin olunduqlarını deyib.
O diqqətə
çatdırıb ki, hesabat dövründə yerli icmalar məlumatlandırma
və digər istiqamətdə verilən
tapşırıqların öhdəsindən gəlib,
ata-baba yurdlarımıza geri qayıdış uğrunda Qərbi
Azərbaycan İcmasının ətrafında sıx birləşməyə
və birgə çalışmağa davam ediblər. Bu ilin
altı ayı ərzində yerli icmalar tərəfindən
bir çox işlər görülüb, təşkilatlanma,
strukturların formalaşdırılması, əhali
qrupları ilə əlaqələrin yaradılması,
onların arasında kommunikasiyanın gücləndirilməsi,
Qərbi Azərbaycan həqiqətlərinin təbliği
istiqamətində birlikdə, ardıcıl və məqsədyönlü
şəkildə tədbirlər həyata keçirilib.
İcma üzvlüyünə qəbul olmaq üçün
8000 nəfərin müraciətləri toplanıb və 7000-dən
çox insana üzvlük vəsiqələrinin verilməsi
artıq başa çatdırılıb.
İcma sədri
qeyd edib ki, təşkilatlanma ilə yanaşı, ən vacib
məsələlərdən biri də 1987-1991-ci illərdə
Ermənistan SSR-dən qovulmuş, geri qayıdış
hüquqlarından məhrum edilmiş azərbaycanlı əhalinin
siyahısının tərtib olunması, onların şəhərlər,
rayonlar, qəsəbələr, kəndlər, ailələr
üzrə təsnifatlaşdırılması işləri
demək olar tam başa çatdırılıb. Müəyyən
olunub ki, deportasiya edilmiş 300 minədək əhali Azərbaycanın
58 rayonunda məskunlaşıb, bir qismi isə xarici ölkələrə
köç etmək məcburiyyətində qalıb.
Xatırladılıb ki, Azərbaycan Dövlət Pedaqoji
Universitetində Keşkənd icmasının sədri,
professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Qərbi
Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb.
Tədbirdə
digər çıxış edənlər bildiriblər ki,
yerli icmalar Qərbi Azərbaycan İcmasının Aparatı
tərəfindən təşkil olunan ümumi xarakterli tədbirlərdə
fəal iştirak ediblər.
Bundan əlavə,
ayrı-ayrı icmaların rayonlar və kəndlər üzrə
görüşləri keçirilib, bu görüşlərdə
İcmanın fəaliyyəti, görülən işlərin
təhlili, qarşıda duran vəzifələrin müzakirəsi
aparılıb.
Məlumat
üçün bildirək ki, Qərbi Azərbaycan
İcmasının fəaliyyətinin geniş
işıqlandırılması məqsədilə yerli
icmaların sosial şəbəkə hesabları
yaradılıb, seçilmiş nümayəndələr,
ziyalılar, sadə vətəndaşlar Qərbi Azərbaycan
həqiqətləri barədə məlumatların ictimaiyyətə
çatdırılması işlərinə fəal
qoşulublar.
Qərbi Azərbaycan
İcması tərəfindən Qərbi Azərbaycan kökənli
şəhidlər haqqında məlumatların
toplanılması istiqamətində də böyük işlər
görülüb. “Qərbi Azərbaycan şəhidləri”
kitabının birinci cildi hazırlanaraq çap
üçün mətbəəyə təqdim edilib. Eyni
zamanda, Qarakilsə rayon icması tərəfindən “Qarakilsə
şəhidləri”, Qafan rayon icması tərəfindən
“Qafan şəhidləri”, Mehri rayon icması tərəfindən
“Mehri şəhidləri”, Basarkeçər rayon icması tərəfindən
“Basarkeçər alimləri”, “Basarkeçər rayonu ərazisində
mikrotoponimlər”, “Basarkeçər şəhidləri”
adlı kitablar çapa hazırlanır.
Qərbi Azərbaycanın
ayrı-ayrı rayon və kənd icmalarının öz təşəbbüsləri
ilə bir sıra görüşlər təşkil ediblər.
Bu sırada Karvansaray, Çəmbərək
rayonlarının birgə təşkil etdikləri icma
üzvlərinin görüşünün, Böyük
Qarakilsə rayonunun Arçut kənd orta məktəbinin 100
illiyi, Çəmbərək rayonunun Ağbulaq kənd orta məktəbinin
100 illiyi, Basarkeçər rayon Daşkənd icmasının
toplantısı, Amasiya rayonunun Ellərkənd icmasının
görüşünü qeyd etmək olar.
Ümumilikdə
yerli icmalar tərəfindən cari ilin altı ayı ərzində
58 tədbir keçirilib. Onlardan 1-i fotosərgi (Qarakilsə
rayonu, Dəstəgird kəndi), 11-i kitab təqdimatı, 12-si
icma görüşü, 34-ü isə digər mövzulara həsr
olunmuş digər tədbirlərdir.
Azərbaycan.-
2024.- 3 iyul (¹ 136).- S.14.