Xalqımızın
qədim tarixini özündə yaşadan
məkan
AMEA-da Memarlıq
və İncəsənət
İnstitutunun təşkilatçılığı
ilə "Şuşa
- İslam dünyasının
mədəniyyət paytaxtıdır"
mövzusunda respublika elmi konfransı keçirilib.
Elmi konfransda çıxış edən
institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə 2022-ci ildə Türkiyənin Bursa şəhərində Beynəlxalq
Türk Mədəniyyəti
Təşkilatına (TÜRKSOY) üzv ölkələrin
Mədəniyyət Nazirlərinin
Daimi Şurasının
növbədənkənar iclasında
Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa
şəhərinin 2023-cü il üçün "Türk dünyasının
mədəniyyət paytaxtı"
elan edildiyini xatırladıb. Bu il Qətərin paytaxtı Doha şəhərində keçirilən
İslam Dünyası
Mədəniyyət Nazirlərinin
12-ci Konfransında isə
Şuşa şəhərinin
2024-cü il üzrə
"İslam dünyasının
mədəniyyət paytaxtı"
elan edilməsini diqqətə çatdırıb.
O, bu qərarın müsəlman dünyasının
Azərbaycana növbəti
dəstəyinin, hörmətinin
əlaməti olduğunu
vurğulayıb.
2020-ci ilin 44 günlük
Vətən müharibəsində
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən Qarabağın, o cümlədən
Şuşanın erməni
işğalından azad
olunduğunu qeyd edən direktor hazırda həmin ərazilərdə aparılan
tikinti-quruculuq işlərinə
diqqət çəkib.
Vurğulayıb ki, dövlətimizin başçısının
rəhbərliyi ilə
Şuşa şəhərinin
qısa müddət ərzində yenidən qurulması, həyatın
bu qədim yurdumuza qaytarılması,
eyni zamanda tarixi-mədəni və dini abidələrin bərpa edilərək istifadəyə verilməsi
istiqamətində aparılan
intensiv işlər, Şuşanın beynəlxalq
tədbirlərin keçirildiyi
məkana çevrilməsi
islam dünyası tərəfindən də
yüksək dəyərləndirilir.
"Qarabağın incisi, Azərbaycanın göz bəbəyi, xalqımızın qədim
tarixini özündə
yaşadan Şuşa
- mədəniyyətimizin mərkəzi,
milli incəsənətimizin
beşiyidir", - deyən
alim bu qədim
şəhərin tarixi,
musiqi mühiti və mədəniyyətindən
ətraflı bəhs
edib. Bildirib ki, milli memarlıq
üslubu ilə seçilən, Orta əsr şəhərsalma
sənətinin qiymətli
abidəsi hesab edilən Şuşa həm də özünəməxsus memarlığı
ilə fərqlənir.
Azərbaycanın mədəniyyət
məbədi olan bu qədim şəhər
tarixi abidə, nadir və bənzərsiz
sənət incisidir.
AMEA-nın müxbir
üzvü Ərtegin
Salamzadə Şərqin
konservatoriyası, muğamımızın
beşiyi adlanan Şuşanın təsviri
incəsənət və
dekorativ tətbiqi sənət ənənələri
ilə də məşhur olduğunu söyləyib. O, Şuşa
şəhərinin tarixən
Qarabağın əsas
xalçaçılıq mərkəzlərindən biri
olduğunu vurğulayıb,
həmçinin burada
şəbəkə sənətinin
bədii məktəbinin
formalaşdığını qeyd edib.
Direktor eyni zamanda institutun əməkdaşı olan
akademik Zemfira Səfərovanın "Azərbaycanın
musiqi qalası - Şuşa" kitabının
ərəb dilində
Əlcəzairdə nəşr
olunduğunu diqqətə
çatdırıb. Qeyd
edib ki, bu nəşrdə Şuşanın Azərbaycan,
Şərq və bütövlükdə dünya
mədəniyyəti üçün
əhəmiyyətindən söz açılır,
Azərbaycanın görkəmli
musiqiçiləri, bəstəkarları
və ifaçıları
haqqında ərəb
ictimaiyyətinə müfəssəl
məlumat verilir.
Tədbirdə professor
Sevil Fərhadova "Şuşa mədəniyyətində
muğam yaradıcılıq
prosesində ritmik həyat dairələri"nin
yaşanması", sənətşünaslıq
üzrə fəlsəfə
doktorlarından Ramil Quliyev "Mir Mövsün Nəvvab: Azərbaycan art-terapiyasının
banisi kimi", Aslan Xəlilov "Şuşalı memar Kərbəlayi Səfixan Qarabağinin həyat və yaradıcılığı",
Afaq Hüseynova "Məşhur şuşalılar
silsiləsində - Böyükağa
Hüseynov", Nərminə
Ağayeva "Şuşa
ədəbi-mədəni mühitində
maarif və mədəniyyətin yeni ənənələri", Nəzmin
Cəfərova "Şuşada
müasir muzey quruculuğu: muzeylər
"yaşıl dünya"nın
keşiyində" adlı
məruzələrlə çıxış
ediblər.
Konfransda həmçinin
"XXI əsrdə nəşr
edilən Şuşa haqqında tarixi kitablar", "Heydər
Əliyevin Şuşa
fəaliyyəti", "İslam
mədəniyyətinin paytaxtı
Şuşada müasir
mədəni inkişaf",
"Şuşa regionunun
mövcud mədəni
turizm potensialı",
"Şuşa muğam
məktəbinin inkişaf
yolları", "Müasir
Qarabağ mədəni
mühitinin yeni reallıqları" mövzusunda
məruzələr dinlənilib.
Məruzələrdə Şuşanın tarixi keçmişindən, ədəbiyyat,
incəsənətimizə böyük töhfələr
vermiş şuşalı
sənətkarların zəngin
irsindən, Şuşa
şəhərinin mədəniyyət
paytaxtına çevrilməsi
istiqamətində görülən
işlərdən, Qafqazın
mədəniyyət tarixində
Şuşa şəhərinin
yerindən bəhs olunub.
Azərbaycan.-
2024.- 3 iyul (№ 136).- S.14.