Fransada
irimiqyaslı mitinqlər
başlayıb
Antifaşistlər
millətçilərin uğuruna
görə iğtişaşlar
törədirlər
Fransada keçirilən
parlament seçkilərində
millətçilər liderlik
edir, buna görə minlərlə
solçu partiyaların
tərəfdarları və
antifaşistlər ölkə
boyu mitinqlərə çıxıb, onlardan bəziləri dükanları
dağıtmağa və
zibil qutularını yandırmağa başlayıb.
Parlament seçkilərinin
ilk turunda səs çoxluğu qazanan millətçi
"Milli Birlik" partiyasına qarşı keçirilən nümayiş
minlərlə insanı
Parisin mərkəzində
yerləşən Respublika meydanına toplayıb.
"Huffington Post
France" qəzeti yazır
ki, onları "qəzəb
və kədər"
birləşdirir. Bəzi
etirazçılar mağaza
və kafeləri dağıdıb və xüsusi tüstü fişəngləri yandırıblar,
polislə toqquşmalar
baş verib.
Fransanın digər
iri şəhərlərində
də - Lion, Lill, Renn və
Nantda minlərlə etirazçının iştirakı
ilə mitinqlər keçirilib, iğtişaşlar
törədilib. Aksiya
iştirakçıları antifaşist mahnılar oxuyub, zibil qutularına
od vurublar. Etirazçılar Lionun
Croix-Rousse rayonunda Orange mağazasını
dağıdıblar, Societe
General bankının filialı
zərər çəkib.
Xəsarət alanlar və həbslər barədə məlumat verilmir. Zorakılığın
səviyyəsi isə
artır. Paris və Nantda isə solçu partiyaların tərəfdarlarının kortəbii
mitinqləri keçirilir.
Xatırladaq ki, iyunun
30-da bu ölkədə
növbədənkənar parlament
seçkilərinin birinci
turu keçirilib. İlkin rəsmi məlumatlara görə,
Marin Le Penin lideri olduğu millətçi "Milli
Birlik" partiyası 33,1 faiz,
solçu Yeni Xalq Cəbhəsi 28 faiz, "Birgə" prezident koalisiyası isə 20 faiz səs toplayıb.
Seçkilərdə iştirak
66,7 faizə çatıb.
Proqnozlara görə,
iyulun 7-də seçkilərin
ikinci turunda "Milli
Birlik" 240-dan 310-a qədər, Yeni Xalq Cəbhəsi 150-dən
200-ə qədər, Makron
tərəfdarları isə
70-dən 120-yə qədər yer ala bilər. Mütləq çoxluğu
əldə etmək üçün partiyaya
289 mandat lazımdır.
Fransada millətçilər
İkinci Dünya müharibəsindən
sonra ilk dəfə hakimiyyəti ələ keçirə bilərlər.
"Milli Birlik" partiyasının rəhbəri Jordan Bardella "bütün
fransızların baş
naziri" olmaq niyyətini açıqlayıb.
O qeyd edib ki, iyulun 7-də keçiriləcək
seçkilərin ikinci
turu Beşinci Respublikanın bütün
tarixində ən həlledici turlardan biri olacaq.
Bu arada, Paris meri Ann İdalqo
"Ouest-France" qəzetinə müsahibəsində Makronu
Olimpiada bayramını pozmaqda
ittiham edib. O deyib ki, Fransa prezidenti parlamenti buraxdığına
və Yay Olimpiya Oyunları ərəfəsində
növbədənkənar seçkilər
elan etdiyinə görə
vətəndaşlara hörmətsizlik
edir.
Paris meri hesab edir ki, Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanı buraxmaqla və növbədənkənar
seçkilər təyin
etməklə qarşıdan
gələn Olimpiya Oyunlarının bayramını
korlayıb: "Olimpiada başlamazdan
əvvəl parlamentin
buraxılması xəbərinə
son dərəcə mənfi
reaksiya verdim. Bunun sonra baş verəcəyinə əmin
idim, lakin prezident fransızlara hörmətsizlik jesti ilə bütün bayramı məhv etdi".
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
3 iyul (№ 136).- S.16.