Astanada
Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və
Pakistanın Baş naziri arasında üçtərəfli
görüş olub
Azərbaycan
dost dövlətlərlə bir sıradadır
İlham
Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının
Zirvə toplantısında iştirak edir
İyulun 3-də
Astanada Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz Şərif
arasında üçtərəfli görüş olub.
AZƏRTAC xəbər
verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin,
Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin
üçtərəfli formatda Zirvə
görüşünün ilk dəfə keçirildiyi
vurğulanaraq, onun tarixi əhəmiyyəti qeyd olundu və bu
görüşlərin bundan sonra mütəmadi xarakter
daşıyacağına əminlik ifadə edildi.
Azərbaycan,
Türkiyə və Pakistanın tarixi-dini köklər və
qardaşlıq münasibətləri ilə bir-birinə
bağlı olduğu xüsusi vurğulandı. Ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində
daim bir-birini dəstəklədiyi qeyd olundu və bunun gələcəkdə
də davam etdirilməsinin vacibliyi bildirildi.
Azərbaycan,
Pakistan və Türkiyə arasında parlamentlərin sədrləri,
xarici işlər nazirləri səviyyəsində
üçtərəfli formatların artıq mövcud
olduğu və bu əsnada əvvəllər bir sıra
görüşlərin keçirildiyi diqqətə
çatdırıldı.
Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini tam
şəkildə təmin etməsi bir daha vurğulandı.
Regiondan kənar ölkələrin Cənubi Qafqazda
militarizasiya siyasəti aparmasından narahatlıq ifadə
edildi.
44
günlük Vətən müharibəsində qardaş
Türkiyə və Pakistanın Azərbaycana göstərdiyi
siyasi və mənəvi dəstək xüsusi
vurğulandı. Bunun Azərbaycan xalqı və dövləti
tərəfindən yüksək qiymətləndirildiyi qeyd
olundu.
Ölkələrimiz
arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq
üçtərəfli formatda iqtisadi-ticari əlaqələrin,
innovasiyalar, energetika, kənd təsərrüfatı, təhsil,
humanitar və digər sahələrdə əməkdaşlığın
inkişaf etdirilməsinin perspektivləri ilə bağlı
fikir mübadiləsi aparıldı. İqtisadi-ticari əlaqələrin
hazırda artan dinamikası müsbət hal kimi qeyd edildi, amma
bunun ölkələrimizin potensialına tam şəkildə
uyğunlaşdırılmasının vacibliyi
vurğulandı
Orta Dəhlizdə
Pakistanın da iştirakı qeyd edildi və bunun ölkələrimiz
arasında iqtisadi-ticari əlaqələrin təşviqinə
töhfə verəcəyi bildirildi.
Görüşdə
müdafiə və müdafiə sənayesi sahələrində
əməkdaşlıq məsələlərinə toxunuldu,
2021-ci ildə üç ölkənin xüsusi təyinatlılarının
iştirakı ilə “Üç qardaş” şüarı
altında keçirilən təlimlərin əhəmiyyəti
vurğulandı və üç ölkənin Silahlı
Qüvvələri tərəfindən birgə təlimlərin
bundan sonra da mütəmadi qaydada keçirilməsi təklif
edildi. Təklif məmnunluqla qəbul olundu. Müdafiə sənayesi
sahəsində də üç ölkənin birgə
istehsalının təşkil edilməsi məsələsi
vurğulandı.
Dövlətimizin
başçısı Türkiyə Prezidentini və
Pakistanın Baş nazirini COP29-da iştiraka bir daha dəvət
etdi.
Prezident Rəcəb
Tayyib Ərdoğan və Baş nazir Məhəmməd
Şahbaz Şərif dəvəti məmnunluqla qəbul etdilər.
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.4.