Yeni reallıqlara yol
açan əməkdaşlıq
Şuşa milli varlığımızın ifadəsi, hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan müqəddəs və əziz məkandır. Şuşa bizim özünütəsdiqimizdir. Bu şəhəri biz adlandırmışıq, biz qurub yaratmışıq. Hazırda Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən işlər Azərbaycan dövlətinin sülh niyyətinin, regionumuzu davamlı inkişaf, rifah və xoşbəxtlik məkanına çevirmək arzusunun ifadəsidir.
Bu günə və gələcəyə atılmış imzalar
2021-ci ilin 15 iyununda iki qardaş ölkənin dövlət rəhbərləri - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan azad Şuşada müttəfiqlik münasibətləri haqqında bəyannaməyə imza atdılar. Beynəlxalq ictimaiyyət bir daha şahid oldu ki, hərbi əməliyyatları uğurla başa çatdıran, işğalçı ölkənin ordusunu sıradan çıxaran Azərbaycan dövləti bu dəfə döyüşləri eyni qalibiyyətlə diplomatik səngərlərdə davam etdirir, sanlı qələbəmizi daha da möhkəmləndirir. "Bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır", - deyən Azərbaycan Prezidenti İlham Əliyev iki qardaş ölkə arasındakı münasibətlərin daha geniş strateji səviyyəyə yüksəldiyini, bölgənin parlaq gələcəyinə yol açan əməkdaşlıq olduğunu xüsusi vurğulayırdı.
Bu, böyük
bir tarixi nailiyyət idi! Azərbaycan və Türkiyə liderlərinin
ölkəmizin Vətən müharibəsindəki Zəfərindən
sonra regionda yaranmış yeni tarixi reallığa atılan
möhtəşəm imzalar idi!
11 fevral 2022-ci ildə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın
imzası ilə "Azərbaycan Respublikası ilə
Türkiyə Respublikası arasında müttəfiqlik
münasibətləri haqqında" Şuşa Bəyannaməsinin
təsdiqinə dair" qanun təsdiqləndi. 2022-ci il
fevralın 12-də isə Azərbaycan Prezidenti İlham Əliyev
Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə
qanunu imzaladı. Bununla da Azərbaycan və Türkiyə
tarixi üçün böyük əhəmiyyətə
malik Şuşa Bəyannaməsi qüvvəyə mindi.
Bu tarixi sənəd
iki dövlət arasında münasibətlərin geostrateji əhəmiyyətini
daha da artırdı. 44 günlük Vətən müharibəsi
nəticəsində Qarabağın, Şərqi Zəngəzurun
işğaldan azad edilməsindən sonra regionda
yaranmış yeni tarixi reallıqda proseslərə xüsusi
yön verdi. Eləcə də Azərbaycan və Türkiyə
münasibətlərinin zamanın
çağırışlarına uyğun şəkildə
bütün müstəvilərdə davamlı
inkişafını təmin etdi.
Türkiyə və
Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinə
dair elə bir real və potensial əməkdaşlıq sahəsi
yoxdur ki, Şuşa Bəyannaməsinin məzmunundan kənarda
qalsın. İki ölkə arasındakı strateji müttəfiqlik
əlaqələri siyasət, beynəlxalq arenada birgə əməkdaşlıq,
iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət,
təhsil, ordu quruculuğu və digər əhəmiyyətli
sahələri özündə ehtiva edir. Bu mənada
Şuşa Bəyannaməsi bölgəmizdə sabitlik, təhlükəsizlik,
dayanıqlı inkişaf mühitinə zəmin yaradır,
regionda inteqrasiya proseslərini stimullaşdırır.
Birliyi möhkəmləndirən
inkişaf niyyətləri
Müasir
dünyamızda iqtisadiyyat sülhün möhkəmləndirilməsində,
xalqlar və dövlətlər arasında effektiv
kommunikasiyanın qurulmasında, maraqların
uzlaşdırılmasında və inteqrasiya proseslərinin
genişlənməsində çox mühüm rol
oynayır. Şuşa Bəyannaməsinin iqtisadi baxımdan da
əhəmiyyəti çox böyükdür. Bu sənəddə
nəzərdə tutulmuş müddəalar, bəyan
edilmiş strateji niyyətlər bölgəyə yeni sərmayə
qoyuluşu prosesini stimullaşdırır. Regionun getdikcə
artan investisiya potensialı yeni iqtisadi münasibətlərin
formalaşmasına şərait yaradır. Xüsusilə azad
yurdlarımızda müasir iqtisadiyyatın ən perspektivli
sahələrindən olan turizmin inkişafı
üçün geniş imkanlar formalaşdırır.
Azərbaycan və Türkiyə
arasında hərbi, müdafiə sahəsində əməkdaşlıq
və qarşılıqlı hərbi yardım məsələlərinin
Şuşa Bəyannaməsində əks olunması
xüsusilə böyük tarixi uğurdur. Sənəddə
iki qardaş ölkənin bundan sonra da bir-birinin təhlükəsizliyini
təmin edəcəyi bəyan olunur. Bu sahədə əməkdaşlıq
müdafiə sənayesi məsələlərini də əhatə
edir. Bəyannamə iki qardaş ölkənin silahlı
qüvvələrinin müasir tələblərə
uyğun olaraq yenidən formalaşdırılması və
modernləşdirilməsi istiqamətində birgə səylərin
göstərilməsini də nəzərdə tutur.
İnsanların
rifahına xidmət edən siyasət
Bəyannamənin
əzəli-əbədi yurdumuz Şuşa şəhərində
imzalanması ilə yanaşı, onun tarixi günlə
bağlı da iki əlamətdar məqamı var. Bunlardan
birincisi sənədə iyunun 15-də imza
atılmasıdır. Həmin gün Azərbaycanın Milli
Qurtuluş Günüdür. Müstəqilliyin ilk illərində
Azərbaycan ağır xarici və daxili təhdidlərlə
üzləşərək parçalanmaq, müstəqilliyini
itirərək dünyanın siyasi xəritəsindən silinmək
təhlükəsi ilə üzləşmişdi. O
ağır çağlarda Ulu Öndər Heydər Əliyev
xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə
qayıdıb Azərbaycanı xilas etdi. Müstəqil
dövlətçiliyimizin təməllərini möhkəmləndirdi.
Bu tarixdən 28 il sonra eyni gündə Şuşa Bəyannaməsinin
imzalanması da Azərbaycanın müstəqilliyini daimi, əbədi
və dönməz edən qətiyyətli
addımlardandır. Belə bir tarixi qərar müasir
dünyamızda Azərbaycan və Türkiyəni daha da
qüvvətləndirir. Bir-birinə arxalanan, inanan, güvənən
iki qardaş ölkəni regionda böyük gücə
çevirir.
Cənubi Qafqazda
yaranmış yeni reallığı iki qardaş ölkə
birgə formalaşdırır və bütün dünya bu
reallığı qəbul edir. Çünki bölgədə
təhlükəsizliyə, inkişafa, insanların
rifahına xidmət edən bu siyasətin, bu
reallığın alternativi yoxdur.
Bu il mayın 8-də həyatımızda mühüm bir tarixi hadisə baş verdi. Mədəniyyət paytaxtımız olan Şuşa şəhərinin ilk sakinləri 32 illik ayrılıqdan sonra doğma yurdlarına qayıdıb yeni mənzillərində yerləşdilər. Qısa müddətdə Şuşada sakinlər üçün tikilmiş gözoxşayan yaşayış kompleksi dövlətimizin daha bir uğur rəmzinə çevrildi. Ordumuzun gücü ilə torpaqlarımızı işğaldan azad etmiş, Azərbaycan dövlətinin ərazi bütövlüyünə, suverenliyinə nail olmuş Müzəffər Ali Baş Komandan İlham Əliyev azad yurdlarımızın dirçəldiləcəyi ilə bağlı verdiyi sözləri də tutdu və bunun üçün böyük imkanlar yaratdı. Ordumuzun irəlilədiyi şəhərlərimizdə, kəndlərimizdə indi də iqtisadiyyatımız irəliləyir. Bu torpaqlar addım-addım inkişaf etdirilir, dirçəldilir. Azərbaycan Prezidentinin gələcəyə strateji baxışında bölgənin sabahı tam aydın şəkildə təsəvvür edilir.
İradə ƏLİYEVA,
Azərbaycan.-2024.-
4 iyul (№ 137).- S.10.