Sənətə böyük ehtiramla...

 

 

Xalq artisti Barat Şəkinskayanın anadan olmasından 110 il ötür

 

 

 

Qədim Şuşada dünyaya gələn Barat Şəkinskayanın ulu babaları xan olmuşlar. Ata babası, çar zabiti, polkovnik Süleyman xan Qarabağ xanı İbrahimxəlil xanın Şəki xanı Məhəmməd Hüseyn xan Müştaqın nəvəsi idi. Süleyman xanın atası Səlim xan Şəkinin xanı olmuşdu. Barat Şəkinskayanın atası Həbib xan isə Çar Rusiyası zamanında Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi vəzifələrində işləmişdi. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xana məxsus idi.

Barat xanımın ana tərəfi əsilzadəydi. Onun anası Ağca xanım bəy qızı idi. 1914-ci il iyunun 7-də dünyaya gələn qızları sağ qalsa da, çox zəif idi. Körpə iyirmi bir gün sonra ilk dəfə ağlayanda qohumları onun yaşayacağına inanmışdılar. Həmin gün qızın dünyaya əsl gəlişi günü hesab edilmişdi. Təvəllüd tarixini 1914-ci il 28 iyun yazmışdılar. İyirmi bir gün adsız qalan qıza "Tanrının hədiyyəsi" mənasını verən Barat adını qoymuşdular.

Barat Şəkinskaya ilk təhsilini Şuşada almışdı. Səhnəyə birinci dəfə bu şəhərdə 1920-ci ildə "Şəbih" tamaşasında Səkinənin rolunda çıxmışdı.

1920-ci il Aprel işğalı xəbəri Baratgilin ailəsinə kabus kimi gəlmişdi. Bolşevik hökumətinin təqibləri onun atasını da evindən, ailəsindən ayrı salmışdı. Həbib xan iki kiçik qızını hamilə həyat yoldaşını qayınanasına tapşırmışdı. Vətəni tərk edəndə ümidli olub ki, fürsət tapanda gəlib ailəsini aparacaq. Onun qətlə yetirilməsi barədə yalandan xəbər yaymışdılar.

Barat xanımgil İrana gedə bilmədilər. Faytonla Həbib xanın adamlarının gözlədikləri yerə çatmamış quldurlar onları qarət etdilər. Kor-peşman geri qayıtdılar.

Gəncədə yaşayan xalası Rəxşəndə xanım öz adamlarını göndərib onları həmin şəhərə apartdırdı. 1923-cü ildən Barat xanım anası, bacı-qardaşı ilə bilikdə bu şəhərdə yaşamağa başladı. Gəncə Həmkarlar İttifaqının "Fəhlə klubu"nda 1929-cu il sentyabrın 18-də aktrisa kimi işə başladı. 1930-cu il iyunun 25-də Pedaqoji məktəbi bitirən Barat xanım Sərkər kənd məktəbinə müəllim təyin olundu.

Səhnə xəyalından çıxmırdı. Müəllim işlədiyi zaman da "Qadınlar klubu"nun, "İşçi klubu"nun "Dəmiryolçular klubu"nun dram dərnəklərində həvəskar aktrisa kimi fəaliyyət göstərirdi. "Fəhlə klubu"nun direktoru, Gəncədə tanınmış həvəskar aktyor rejissor Mir İbrahim Həmzəyevlə bir-birini o zamanlar sevdilər. On altı yaşlı Barat xanım anasının narazılıqlarını eyninə almadı. 1931-ci ilin iyulunda Mir İbrahimlə ailə qurdu. 1932-ci il mayın 3-də qızı dünyaya gəldi. "Od gəlini"nin qəhrəmanı Solmazın şərəfinə körpəyə bu adı verdilər.

İki il sonra ayrıldılar. Teatrdan işdən çıxdı. Qızını anasına tapşırıb tibb təhsili almaq üçün Bakıya gəldi.

Bir gün yolda vaxtilə eyni dərnəkdə çalışdığı, Akademik Milli Dram Teatrının rejissoru işləyən Adil İsgəndərovla rastlaşdı. Adil İsgəndərov onu rejissor kimi ilk debütü olan "Polad qartal" tamaşasında uşaq roluna dəvət etdi. Barat Şəkinskaya Şəfiqə rolunu oynadı. 1935-ci il sentyabrın 1-də Akademik Milli Dram Teatrının (ovaxtkı Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrı) aktyor truppasına qəbul edildi. 1936-cı il avqustun 8-də teatrda işləyən rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurdu. Yeddi il sonra Şəmsi bəydən ayrıldı.

Artıq aktrisa kimi məşhurlaşmış, Əməkdar artist adına layiq görülmüş Barat Şəkinskaya Gəncəyə qayıtdı. Gəncə Dövlət Dram Teatrında çalışdı. 1944-cü il noyabrın 16-da Barat xanım həmin teatrın baş rejissoru Mehdi Məmmədovla ailə qurdu. Onlar 1944-cü ilin dekabrında Bakıya köçüb teatrda işə başladılar. 1946-cı il mayın 29-da oğulları Elçin dünyaya gəldi. Uşaq balaca ikən valideynləri ayrıldı.

Dövrünün məşhur aktrisalarından olan Barat Şəkinskayanın səhnə yaradıcılığı çox zəngin idi. Aktrisa "Göy quş" (Tiltil), "Kral Lir" (Kardeliya), "Romeo va Cülyetta" (Cülyetta), "Otello" (Dezdemona), "On ikinci gecə" (Viola), "Polad qartal" (Şəfiqə), "Məkr məhəbbət" (Luiza), "Mehmanxana sahibəsi" (Mirandalina), "Rəqs müəllimi" (Florela), "Günahsız müqəssirlər" (Kruçinina) digər tamaşalarda əsas rolların ifaçısı oldu.

1956-cı ildə teatrdan çıxdı. Dörd il "Azərbaycanfilm" kinostudiyasında aktrisa, filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işlədi.

Barat Şəkinskaya 1940-cı ildə Əməkdar artist, 1949-cu ildə Xalq artisti fəxri adlarına layiq görüldü. Görkəmli sənətkar 1999-cu il yanvarın 14-də səksən dörd yaşında vəfat etdi.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 4 iyul (№ 137).- S.10.