"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

 

 

Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (“Society of Petroleum Engineers” – SPE) tərəfindən nəşr olunan “Journal of Petroleum Technology” (JPT) iyulun 1-də məşhur amerikalı publisist Pet Devis Şimçakın Azərbaycanda enerjinin inkişafına həsr olunmuş geniş məqaləsini dərc edib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan – sönməz odlar yurdu” sərlövhəli nəşrdə xüsusilə qeyd olunur: “Azərbaycanın COP29-a ev sahibliyi etdiyi bir vaxtda, JPT ölkənin nəhəng neft və qaz ehtiyatları, boru kəmərləri ilə Xəzər dənizinin dərinliklərindən qazı və nefti Avropaya apardığı qədim İpək Yolu boyunca unikal coğrafi yerləşmə sayəsində əldə etdiyi tərəqqi yoluna nəzər salır”.

Jurnal milli neft sənayesinin inkişafının əsas mərhələlərini ətraflı işıqlandırıb və bu sahədə ölkənin uğurlarını sadalayır. Pet Devis Şimçak qeyd edib ki, dünyada ilk dəfə olaraq neft quyusu mexaniki üsulla məhz Azərbaycanda qazılıb və 1940-cı illərin sonlarında Azərbaycan dənizdə neft hasil edən ilk ölkə olub.

O, 1994-cü ildə “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan neftin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə bağlanmış müqavilənin xüsusi əhəmiyyətini vurğulayıb. “Əsrin müqaviləsi” Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə imzaladığı ilk müqavilə oldu.

Nəşrdə göstərilir ki, ən böyük təbii qaz yatağı olan “Şahdəniz”in kəşfi və bu yatağın işlənməsi, hasilatına dair müqavilənin imzalanması milli energetika sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Məqalədə deyilir: “2007-ci ildə Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə kommersiya qazının tədarükü başlandıqdan sonra Azərbaycan Avropanın qaz tədarükçüsünə çevrildi və enerji sənayesində özü üçün yeni səhifə açdı”.

Müəllif ölkənin “yaşıl enerji”yə keçidlə bağlı uğurlarına xüsusi diqqət yetirib. O vurğulayıb ki, Azərbaycan bərpaolunan mənbələrdən (BEM) elektrik enerjisi istehsalını inkişaf etdirir, külək və Günəş enerjisi istehsalını artırır ki, bu da, öz növbəsində, Avropaya təbii qaz və digər enerji resurslarının tədarükünü artıracaq.

Dünya Bankının hesablamalarına görə, 2040-cı ilə qədər Azərbaycan Xəzər dənizində külək elektrik stansiyalarının quraşdırılması sayəsində 7 giqavat elektrik enerjisi istehsal edə biləcək. Bərpaolunan enerji mənbələrindən enerji istehsalı üzrə iddialı layihələrin həyata keçirilməsinə dair dünyanın bir sıra iri şirkətləri, o cümlədən Azərbaycanın uzunmüddətli tərəfdaşı olan BP, həmçinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə razılaşmalar əldə olunub.

Qeyd edək ki, “Journal of Petroleum Technology” jurnalı 1949-cu ildən nəşr olunur. Bu, Neft Mühəndisləri Cəmiyyətinin neft kəşfiyyatı hasilatında texnoloji irəliləyişləri, eləcə təşkilatın özünü işıqlandıran flaqman jurnalıdır. JPT saytında “Oil and Gas Facilities”, “Data Science and Digital Engineering” “HSE Now” jurnalları dərc olunur.

 

Azərbaycan.-2024.- 4 iyul (¹ 137).- S.12.