"Azərbaycan-ABŞ münasibətlərinin
genişlənməsində maraqlıyıq"
Amerika
Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri
cənab Cozef Baydenə
Hörmətli
cənab Prezident,
4 İyul –
Müstəqillik Günü münasibətilə Sizə və
Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan
xalqı adından ən səmimi təbriklərimi və
xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan
Amerika Birləşmiş Ştatları ilə münasibətlərinə
xüsusi əhəmiyyət verir. Ölkələrimiz mürəkkəb
regional çağırışların həlli istiqamətində,
terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik
məsələlərində hər zaman yaxından əməkdaşlıq
ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli
birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb
edir. Birləşmiş Ştatların Azərbaycanın
enerji strategiyasının gerçəkləşməsinə,
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına
verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk.
Xalqlarımızın
mənafeləri naminə qarşılıqlı maraq
doğuran bütün sahələrdə, xüsusilə də
iqlim dəyişmələri və yaşıl enerjiyə
keçid məsələlərində ABŞ ilə birgə
səylər göstərməyə hazır olduğumuzu
vurğulamaq istəyirəm. ABŞ-nin noyabr ayında
Bakıda keçiriləcək COP29-a, tədbir çərçivəsində
ümumi iqlim məqsədlərinin irəli aparılması
yolunda dəstəyi böyük əhəmiyyət kəsb
edir. Biz eyni zamanda humanitar, mədəniyyət və turizm sahələrində,
sivilizasiyalararası dialoqun təşviqində də Azərbaycan-ABŞ
münasibətlərinin genişlənməsində
maraqlıyıq.
Azərbaycan
yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan,
hər hansı ayırıcı xətlər olmadan inteqrasiya
olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq
modelinin qurulmasının tərəfdarıdır. Azərbaycan
Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını
təşkil edən 5 prinsipin təşəbbüskarı
olaraq sülh gündəliyinin irəli aparılması
üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan
ilə münasibətlərin
normallaşdırılmasına, bölgədə davamlı
sülhün bərqərar edilməsi, sülh müqaviləsinin
hazırlanması prosesinə ABŞ-nin hər zaman dəstək
vermək əzmini təqdir edirik.
Bu gün
qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin
şaxələndirilməsi, xüsusilə də yüksək
texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd
təsərrüfatı, investisiyalar, aviasiya və digər
sahələrdə əməkdaşlığımızın
inkişaf etdirilməsi üçün böyük perspektivlər
vardır.
İnanıram
ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ
arasında müxtəlif sahələri əhatə edən
sıx əməkdaşlığın ölkələrimizin
maraqları və xalqlarımızın rifahı naminə
bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər
göstərəcəyik.
Bu xoş
fürsətdən istifadə edərək Sizə möhkəm
cansağlığı, işlərinizdə müvəffəqiyyətlər,
Amerika Birləşmiş Ştatlarının dost xalqına
daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyul 2024-cü il
Azərbaycan.-2024.-
5 iyul (№ 138).- S.1.