Türk dünyasının diqqəti yenidən Şuşaya yönələcək

 

 

Dünyanın ən qədim xalqlarından olan türklər min illər boyu geniş coğrafi ərazilərdə yaşayıblar. Məskunlaşdıqları hər yer bu gün müxtəlif dövrlərin, ayrı-ayrı əsrlərin yadigarları olan ölkə və dünyaəhəmiyyətli abidələrin zənginliyi ilə diqqəti cəlb edir. Çünki türkəsilli xalqlar tarix, mədəniyyət yaratmaqla yanaşı, onu yaşatmağı, qoruyaraq nəsildən-nəslə ötürməyi də bacarıblar.

Güclü dövlət qurmağa qadir olan türk xalqlarının tarixi Böyük Hun İmperatorluğu, Göytürk xaqanlığı, Böyük Səlcuq İmperiyası, Osmanlı İmperiyası, Səfəvilər kimi qüdrətli dövlətləri ilə şanlı, şöhrətli olub. Türklər həm də tarixboyu dünya dövlətlərinin siyasətinə, mədəniyyətinə, iqtisadiyyatına böyük, həlledici təsir göstərə biliblər.

Türk dövlətlərinin birliyi məsələsi əsrlər idi ki, türkəsilli xalqları düşündürürdü. Qabaqcıl övladları bu istiqamətdə cani-könüldən çalışır, fikir mübadilələri, müzakirələr aparırdılar. Hələ XIX əsrin sonlarında böyük söz və fikir adamı İsmayıl bəy Qaspıralının "Dildə, işdə, fikirdə birlik" ideyası türk dünyasının mənəvi hədəfi oldu. XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanın Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqa görkəmli ziyalıları türk dünyasının sıx birləşməsinə böyük səylər göstərdilər.

XXI əsrdə türk dövlətlərinin, türkəsilli xalqların bir araya gəlməsi əhəmiyyətli məsələ kimi qarşıda dayanmışdı. Türk Dövlətləri Təşkilatı (TDT) da məhz dünya sivilizasiyasına böyük töhfələr vermiş, bəşəriyyətə dahi alimlər, mütəfəkkirlər bəxş etmiş, çoxlu şan-şöhrətli dövlətlər, imperiyalar yaratmış türk xalqlarının dövrümüzdə qloballaşma fonunda etnik köklərini unutmamaları, öz mədəniyyətlərinə sahib çıxmaları, qorumaları böyük əhəmiyyət kəsb etdiyi, hərtərəfli əməkdaşlığın yaranması və möhkəmlənməsi labüd olduğu bir vaxtda, 2009-cu ilin oktyabrında Naxçıvanda yaradıldı.

Qeyd edək ki, türk dövlətlərinin ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirildi. IX Türkdilli Ölkələr Dövlət Rəhbərləri Zirvəsi 2009-cu il oktyabr 3-də Naxçıvan şəhərində təşkil olundu. Evsahibliyi etdiyimiz tədbirə Türkiyə Prezidenti Abdullah Gül, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev və Türkmənistan Prezidenti köməkçisi Xıdır Saparliyev qatıldılar. Zirvə görüşünü açan Prezident İlham Əliyev olduqca vacib bir məqama diqqət çəkdi. "Bizim birliyimiz təkcə ölkələrimizi gücləndirmir, bizim birliyimiz böyük mənada regional əməkdaşlığın da çox vacib amilidir", - deyə dövlətimizin başçısı bildirdi.

Naxçıvanda keçirilən Zirvə görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indiki Türk Dövlətləri Təşkilatı) yaradılması haqqında Naxçıvan Sazişini imzaladılar. İştirakçı dövlətlər arasında əməkdaşlığın yüksəldilməsi müqavilənin əsas məqsədi idi. Naxçıvan Sazişi ilə türk dövlətlərinin təşkilatlanması özünün yeni mərhələsinə qədəm qoydu. Sazişin imzalandığı gün - 3 oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edildi.

Türk dövlətləri birliyinin sıraları ildən-ilə genişlənir. Təşkilat yarandığı zaman onun dörd üzv ölkəsi vardı. Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir. Hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.

Naxçıvanda təşkil olunmuş Zirvə görüşündən sonra Türk Dövlətləri Təşkilatı böyük inkişaf yoluna qədəm qoydu. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı adı altında ötən il noyabrın 3-də Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündəki çıxışında etnik və mədəni köklərimizin, dilimizin, ortaq keçmişimizin münasibətlərimizin təməlini təşkil etdiyini vurğuladı: "2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir".

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində söylədi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: "Bu, bizim üçün prioritetdir".

Regional və beynəlxalq güc mərkəzinə çevrilən Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin liderlərinin iştirakı ilə iyulun 5-6-da Şuşa şəhərində sammitin keçirilməsi daha bir tarixi hadisəyə çevriləcək. Beləliklə, bu dəfə türk dünyasının diqqəti yenidən şanlı tariximizin bir parçası olan Şuşaya yönələcək.

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 5 iyul (№ 138).- S.6.