Türk
dövlətləri arasında əməkdaşlıq və
tərəfdaşlıq daha da inkişaf edəcək
Prezident
İlham Əliyev Şuşada Şimali Kipr Türk
Cümhuriyyətinin Prezidentini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin
Prezidenti Ersin Tatarı qəbul edib.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı Ersin Tatar ilə
Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində
keçirdiyi görüşləri məmnunluqla
xatırladı.
Söhbət
zamanı nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti
vasitəsilə dayanıqlı gələcəyin
qurulması mövzusunda keçiriləcək qeyri-rəsmi
Zirvə toplantısının Türk Dövlətləri Təşkilatının
gündəliyində duran məsələlərin dövlət
və hökumət başçıları səviyyəsində
müzakirəsi və reallaşdırılması
baxımından əhəmiyyəti qeyd olundu. Bu tədbirin
müntəzəm xarakter alacağına ümidvarlıq
bildirildi, onun Türk dünyasının inkişafına,
birliyinə xidmət edəcəyi vurğulandı.
Azərbaycan
Prezidenti ilə görüşlərini məmnunluqla
xatırlayan Ersin Tatar Türk Dövlətləri Təşkilatının
Şuşa şəhərində keçiriləcək
qeyri-rəsmi Zirvə toplantısına dəvətə
görə dövlətimizin başçısına təşəkkürünü
bildirdi və ölkəmizə ikinci dəfə səfər
etdiyini dedi.
Şimali
Kipr Türk Cümhuriyyətinin Prezidenti imzalanacaq Qarabağ Bəyannaməsinin
əhəmiyyətini qeyd etdi.
O, Prezident
İlham Əliyevin Türk Dövlətləri Təşkilatının
rəsmi Zirvə toplantıları ilə bərabər,
qeyri-rəsmi Zirvə toplantılarının keçirilməsi
təşəbbüsünü yüksək qiymətləndirdi.
Bunun mütəmadi xarakter alacağına, Türk dövlətləri
arasında əməkdaşlığın və tərəfdaşlığın
daha da inkişafına əsaslı töhfə verəcəyinə
əminliyini bildirdi.
Şimali
Kipr Türk Cümhuriyyətinin Prezidenti bu Zirvə
toplantısının nəqliyyat, əlaqələr və
iqlim fəaliyyəti kimi çox aktual məsələlərə
həsr olunduğunu vurğuladı.
Ersin Tatar
2022-ci ilin noyabrında Səmərqənddə
keçirilmiş Türk Dövlətləri Təşkilatının
Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin
bu təşkilatda müşahidəçi statusunu
almasından sonra əlaqələrin inkişafından məmnunluğunu
bildirdi.
Göstərdiyi
dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürünü
ifadə edən Ersin Tatar vurğuladı ki, dəfələrlə
o, öz bəyanatlarında da bu məsələləri qeyd
edib və Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyətinə
göstərdiyi həmrəyliyə, dostluğa,
qardaşlığa və dəstəyə görə təşəkkürlərini
bildirdi.
Azərbaycan
Respublikasının Milli Məclisində Şimali Kipr ilə
dostluq qrupunun yaradılmasını vacib addım kimi dəyərləndirən
Ersin Tatar Azərbaycan Mədəniyyəti Günlərinin
ölkəsində keçirilməsini məmnunluqla qeyd etdi.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2024.-
6 iyul, № 139.- S.6.