Prezident
İlham Əliyev Xankəndidə Qarabağ Universitetində
görülən işlərlə tanış olub
Qarabağ
tarixinin yeni dövrü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Xankəndi şəhərində Qarabağ Universitetində
görülən işlərlə tanış olub.
AZƏRTAC xəbər
verir ki, elm və təhsil naziri Emin Əmrullayev ali təhsil
ocağında görülən işlərlə
bağlı dövlətimizin başçısına məlumat
verdi.
Bildirildi ki,
universitet binasının fasadında rəngləmə işləri
aparılıb, əsas giriş hissənin isə tarixi
formasına qaytarılması üçün əlavə dəyişikliklər
edilib. Binanın dəhlizlərinin döşəmələri
sökülərək yenilənib. Daxili divarların
suvağı təzələnib, suvaqaltı kommunikasiya xətləri
dəyişdirilib. Bütün otaqlar müasir tələblərə
uyğun mebel və avadanlıqlarla təchiz olunacaq.
Universitetin ərazisində geniş abadlıq işləri
görülüb. Binanın qarşısındakı park
sökülərək müasir tələblərə
uyğun yeni park salınıb.
Qeyd edildi ki,
ölkənin və regionun ehtiyacları, həmçinin beynəlxalq
əmək bazarının müasir trendləri nəzərə
alınmaqla, ilkin mərhələdə Qarabağ Universitetində
kadr hazırlığı 6 fakültədə - Pedaqoji,
İncəsənət, Humanitar və sosial elmlər,
İqtisadiyyat, Mühəndislik və Turizm fakültələrində
aparılacaq. 2024/2025-ci tədris ili üçün
universitetdə ümumilikdə 27 ixtisas üzrə 1120 tələbənin
təhsil alması nəzərdə tutulur. Bundan əlavə,
universitetdə 8 ixtisas üzrə SABAH qrupları
yaradılacaq. Müxtəlif ali təhsil müəssisələrinin
birinci tədris ilini (kursunu) bitirmiş tələbələri
arasında imtahan və müsahibə keçirilməklə əlavə
olaraq 200-250 tələbənin də sentyabrda Qarabağ
Universitetinin SABAH qruplarında təhsil alması
planlaşdırılır. Bununla bağlı müvafiq elan
verilib və qeydiyyat prosesi başlanılıb.
Qəbul
aparılacaq ixtisaslar üzrə yeni məzmunlu təhsil
proqramlarının hazırlanması işinə start verilib.
Beynəlxalq təcrübəyə əsaslanmaqla müasir
dövrün tələblərinə uyğun olaraq Qarabağ
Universitetinin strukturu hazırlanıb və təsdiqlənib.
Eyni zamanda, Qarabağ Universiteti tərəfindən ştat cədvəli
təsdiq edilib və ilkin olaraq universitetdə zəruri vəzifələr
üzrə təyinatlar aparılıb. Universitetin inzibati və
elmi-pedaqoji kadr potensialının daha peşəkar
formalaşdırılması üçün ardıcıl
olaraq bir sıra vəzifələr üzrə vakansiya
elanları verilib. Proqram rəhbərləri (dekanlar)
üçün vakansiya müraciətləri dəyərləndirilib
və müvafiq komissiya tərəfindən müsahibələr
keçirilib, hazırda həmin vəzifələrə təyinatlar
aparılır.
Qarabağ
Universitetinin loqo, brendinq və promo məhsullarının,
sosial media strategiyasının, tanıtım
videoçarxlarının hazırlanması istiqamətində
işlər davam etdirilir.
Tələbələr
Qarabağ Universitetinə Dövlət İmtahan Mərkəzinin
qəbul imtahanları (I tədris ilinə), Elm və Təhsil
Nazirliyinin SABAH qruplarına imtahan və müsahibələri əsasında
(II tədris ilinə) cəlb ediləcəklər. Regional təhsil
idarələri vasitəsilə buraxılış siniflərində
təbliğat işləri aparılır. Yüksək bal
toplamış abituriyentlərin Qarabağ Universitetinə səfərlərinin
təşkili planlaşdırılır.
Diqqətə
çatdırıldı ki, Qarabağ Universitetində təhsil
alacaq tələbələr üçün bir sıra
imtiyazlar da nəzərdə tutulub. Belə ki, burada təhsil
alacaq tələbələr ödənişsiz mənzil tipli
yataqxana, təqaüd, həmçinin kompüterlə (notbuk)
ilə təmin olunacaqlar. Ən yüksək bal toplayan tələbələrə
əlavə təqaüd veriləcək. Tələbələr
üçün ekoloji təmiz universitet şəhərciyi
yaradılacaq.
Xatırladaq
ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin
yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama
əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun
yüksəkixtisaslı kadr tələbatının ödənilməsi
və tarixən mövcud olmuş təhsil ənənələrinin
yaşadılması məqsədilə Xankəndi şəhərində
yerləşən ali təhsil müəssisəsinin əsasında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs
yaradılıb.
Azərbaycan.-
2024.- 6 iyul, ¹ 139.- S.2.