Prezident
İlham Əliyev Şuşa sutəmizləyici qurğular
kompleksinin açılışında iştirak edib
Qarabağ
tarixinin yeni dövrü
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də
Şuşa sutəmizləyici qurğular kompleksinin
açılışında iştirak edib.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Zaur Mikayılov dövlətimizin başçısına
görülən işlər barədə məlumat verdi.
Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Şuşa şəhəri 2020-ci il noyabrın 8-də
şanlı Azərbaycan Ordusu tərəfindən
işğaldan azad edildikdən qısa müddət sonra şəhərin
içməli su təminatının bərpasına
başlanılıb. Mütəxəssislər tərəfindən
Şuşanın su mənbələrinin, magistral xətlərin,
paylayıcı şəbəkələrin və digər
hidrotexniki qurğuların mövcud vəziyyəti
araşdırılarkən məlum olub ki, şəhəri
içməli su ilə təmin edən mənbələr və
magistral kəmərlər məqsədli şəkildə
dağıdılıb və nəticədə suyun nəqli
dayandırılıb.
Təxirəsalınmaz
Tədbirlər Proqramına əsasən Kiçik Kirs mənbəyi
və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı
hissələri qısa müddətdə təmir olunub və
2020-ci il noyabrın 25-də Şuşa şəhərinə
suyun verilməsi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin
digər su mənbəyi - Zarıslı
sugötürücü qurğusu, uzunluğu 14,3 kilometr olan
Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı
hissələrinin bərpasına başlanılıb və
2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə
suyun verilməsi təmin edilib.
Şəhərin
perspektiv inkişafı, həmçinin ilin müəyyən
dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində
məhsuldarlığın kəskin azalması səbəbindən
alternativ su mənbəyinin yaradılması layihəsinin
icrasına başlanılıb. Bu məqsədlə
Daşaltı kəndinin yaxınlığında,
Zarıslı çayının məcrasında tutumu 25 min
kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və
diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni kəmər
inşa edilib. Eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3
kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin
istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 426 və 530
millimetr olan borularla əvəzlənib. Beləliklə, 2022-ci
ilin dekabrında Şuşaya yeni mənbədən suyun verilməsi
nəticəsində evlər, dövlət qurumlarının
inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri
və digər obyektlər fasiləsiz içməli su ilə
təmin edilib.
Şuşa
şəhərinə verilən içməli suyun keyfiyyət
göstəricilərinin standartlara uyğunluğunu təmin
etmək məqsədilə Təxirəsalınmaz Tədbirlər
Proqramı çərçivəsində mövcud sutəmizləyici
qurğunun yenidən qurulması layihəsinin icrasına
başlanılıb. Qurğuda 12 qum süzgəci, daxili
kommunikasiya xətləri və digər hidrotexniki
avadanlıqlar, reagent təsərrüfatı və zərərsizləşdirici
qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara
hazır vəziyyətə gətirilib.
Görülmüş işlər nəticəsində
qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5
min kubmetrə çatdırılıb. Hazırda şəhərdə
yaşayan, çalışan və səfər edən 3500-dən
çox insan bu təmizləyici qurğuda sutka ərzində
emal olunan və standartlara tam uyğun içməli su ilə
təmin edilir. Layihənin növbəti mərhələsində
Şuşa şəhərinin dayanıqlı su təchizatı
məqsədilə məhsuldarlığı sutkada 8 min
kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici
qurğunun inşası nəzərdə tutulur. Şuşa
şəhərinin su təchizatının
dayanıqlılığının təmin olunması məqsədilə
ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib.
Həmin anbarlardan birinin tikintisi davam etdirilir.
Dövlətimizin
başçısı Şuşa sutəmizləyici
qurğular kompleksində görülən işlərə
dair videoçarxa da baxdı.
Bildirildi ki,
2040-cı ilə Şuşanın perspektiv inkişafı nəzərə
alınmaqla hazırlanan su təchizatı, kanalizasiya və
yağış suları sisteminin yenidən qurulması layihəsinə
əsasən, şəhərin orta günlük su tələbatı
saniyədə 105 litr təşkil edəcək. Şəhərə
içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən,
həmçinin Zarıslıçay su anbarından veriləcək.
Şəhərin
Baş planına uyğun hazırlanmış layihəyə əsasən,
Şuşada 24 kilometr magistral su kəməri, 44 kilometr
içməli, 42 kilometr tullantı və 41 kilometr
yağış su şəbəkələri inşa olunacaq.
Şəhərdə formalaşan tullantı sularının
tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə
məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu
inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən
su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına
axıdılacaq. Şuşa şəhərində
yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında
idarə olunacaq. Suyun mənbədən götürülməsi,
nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və
digər proseslər SCADA sistemləri vasitəsilə onlayn
rejimdə tənzimlənəcək.
Prezident
İlham Əliyev Şuşa sutəmizləyici qurğular
kompleksini işə saldı.
Azərbaycan.-2024.-
6 iyul, № 139.- S.4.