Beynəlxalq nüfuzun təntənəsi

 

 

İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatı ilə tərəfdaşlığın getdikcə daha da güclənəcəyini bəyan etdi

 

 

 

26 ölkəni bir araya gətirib 3 milyarddan çox insanı - dünya əhalisinin 40 faizindən çoxunu birləşdirən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti Zirvə görüşü Qazaxıstanın paytaxtı Astana şəhərində keçirildi. Əsas prinsipləri qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi olan və çoxsaylı ölkələri birləşdirən ŞƏT hazırda qlobal əməkdaşlıq platforması kimi qəbul edilir.

 

İkinci dəvət

 

 

 

Ərazisinə və əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 2 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var. Xatırladaq ki, 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən zirvə görüşündə Belarusun bu təşkilat çərçivəsində statusunun üzv dövlət səviyyəsinə yüksəldilməsi prosesinə başlanılmışdı. Astana toplantısında isə Belarus əsas üzv kimi qəbul edilmişdir.

Zirvə görüşü üzv ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsas məqsədləri üzv dövlətlər arasında siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Astanada "ŞƏT plyus" formatında keçirilən budəfəki sammitə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın zirvə görüşünə Azərbaycan Prezidenti də dəvət edilmişdi. Əlbəttə ki, Azərbaycanın belə mötəbər təşkilatın sammitinə dəvət olunması ölkəmizin, xüsusilə İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və ona göstərilən yüksək ehtiramın ifadəsi oldu. Xatırladaq ki, bu, İlham Əliyevin ŞƏT-in sammitində ikinci iştirakı idi. Bundan oncə - 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşünə də Azərbaycan Prezidenti dəvət olunmuşdu.

 

 

 

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir

 

 

 

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı məsələləri müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzindədir.

Prezident İlham Əliyev zirvə toplantısında çıxış edərək Azərbaycanla ŞƏT arasında mövcud olan münasibəti dəyərləndirdi. Dövlət başçısı ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu deyərək bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirdi.

Prezident Azərbaycanın imkanlarını dəyərləndirərək bildirdi ki, "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb.

Hazırda Azərbaycan tərəfdaşları ilə Orta dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Ölkəmiz həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. "Şimal-Cənub" dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda Azərbaycan dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.

 

 

 

Azərbaycan COP29 çərçivəsində ölkələr arasında körpü yaratmağa çalışacaq

 

 

 

Prezident Zirvə görüşündə həmçinin Azərbaycanın evsahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu qlobal konfransına hazırlıqlarla bağlı məlumat verdi və əsas məqsədi açıqladı:

"Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq".

Dövlət başçısı vurğuladı ki, Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib.

"Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik" -, deyən İlham Əliyev artıq ŞƏT-ə üzv olan dövlətlərin liderlərinə rəsmi dəvət məktublarını ünvanladığını da söylədi.

Ümumiyyətlə, ŞƏT ilə əməkdaşlıq Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib platformadır.

Prezident İlham Əliyevin Zirvə görüşlərində iştirakı və etdiyi çıxışlar ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. 

Astana Sammiti çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli və üçtərəfli əsasda çox mühüm görüşləri oldu və bu görüşlər çərçivəsində kifayət qədər önəmli mesajlar verildi. Azərbaycanın sülh gündəliyinin ədalətliliyi və dəstəklənməsi ilə bağlı Türkiyə, Çin, Pakistan, Rusiya kimi mühüm aktorların mövqeyi bir daha açıq şəkildə ifadə edildi. Bütün bu məqamlar Azərbaycana və onun liderinə hörmətin və etimadın ifadəsi idi.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2024.- 6 iyul, № 139.- S.12.