Çin diplomatı: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının mühüm dialoq tərəfdaşdır

 

 

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) mühüm dialoq tərəfdaşdır, Çin isə ölkənizin onun tərkibində statusunun yüksəldilməsi səylərini dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Astanada keçirilən ŞƏT-in Zirvə toplantısının yekunlarına dair təşkil edilən mətbuat konfransında səsləndirib.

Diplomat deyib: “Azərbaycan 2016-cı ildə ŞƏT-in dialoq tərəfdaşı olub. Çin Azərbaycanın ŞƏT ilə əməkdaşlığı gücləndirmək səylərini dəstəkləyir və bu təşkilatda ölkənizin hüquqi statusunun yüksəldilməsinin tərəfdarıdır”.

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) yarandığı gündən ötən 23 il ərzində çətin inkişaf yolu keçib, əhali, ərazi və geniş təsir imkanları baxımından ən böyük regional beynəlxalq təşkilata çevrilib. ŞƏT-ə üzv dövlətlər Şanxay ruhuna sadiq qalaraq, birgə etimad, qarşılıqlı fayda, bərabərlik, konsolidasiya, mədəni müxtəlifliyə hörmət və ümumi inkişafa səy göstərərək beynəlxalq münasibətlər və regionlararası əməkdaşlıq etalonu yaratmış və bəşəriyyətin taleyi naminə icma qurmaq istiqamətində aparılan missiyanın inkişafına müsbət töhfə vermişlər. Astanada keçirilən Zirvə toplantısında çıxış edən Çinin Sədri Si Cinpin ŞƏT-in gələcək inkişaf istiqamətlərini göstərib. O qeyd edib ki, biz soyuq müharibə təhdidləri qarşısında təhlükəsizlik xəttini saxlamalıyıq. Eyni zamanda, ümumi, hərtərəfli, birgə və davamlı təhlükəsizlik konsepsiyasına riayət etməli, dialoq və əməkdaşlıq yolu ilə mürəkkəb və qarışıq təhlükəsizlik çağırışlarının öhdəsindən gəlməli, beynəlxalq mühitdəki böyük dəyişikliklərə qarşılıqlı fayda nöqteyi-nəzərindən cavab verməliyik. Biz uzunmüddətli sülh və ümumbəşəri təhlükəsizliyin hökm sürdüyü bir dünya qurmalıyıq.

Din Tao əlavə edib: “Biz real çağırışlar, təcrid siyasəti və proteksionizm qarşısında inkişaf hüququnu müdafiə etməliyik. Bununla yanaşı, inklüzivliyə və ortaq rifaha sadiq qalmalı, elm və texnologiyada innovasiyaları birgə təşviq etməli, sabitliyi qorumalı, regionların daxili iqtisadi dinamikasını stimullaşdırmalı və ümumi inkişaf məqsədlərinə nail olmağa töhfə verməliyik.

Real müdaxilə çağırışları qarşısında həmrəylik şəraitində güclərimizi birləşdirməliyik. Biz əl-ələ verərək kənar müdaxilələrə müqavimət göstərməli, qarşılıqlı maraqları nəzərə alaraq bir-birimizə güclü dəstək verməli, daxili fikir ayrılıqlarını dinc danışıqlar yolu ilə həll etməli, problemli əməkdaşlığı həmrəylik və tolerantlıq ruhunda nizama salmalıyıq”.

 

Azərbaycan.-2024.- 6 iyul, № 139.- S.12.