Azərbaycan
üçün daha bir beynəlxalq əməkdaşlıq
platforması
Şanxay Əməkdaşlıq Təşkilatı
ölkəmizi öz sıralarında görmək istəyir
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrinin yaşı çox olmasa da, əməkdaşlıq salnaməsi xeyli zəngindir. 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərin başçıları şurasının iclasında ölkəmizin tərəfdaş statusu barədə qərar qəbul olunub.
2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. 2022-ci ildə ŞƏT-in Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş zirvə görüşündə isə Prezident İlham Əliyev fəxri qonaq qismində iştirak edib.
Ölkəmizin yürütdüyü çevik siyasətlə bu qurumun üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurulub və həmin əlaqələr ildən-ilə genişlənir. Azərbaycan sağlam və səmimi dayaqlar üzərində qurduğu əməkdaşlığın inkişafı zəminində mötəbər təşkilatda müşahidəçi statusu almaq niyyətindədir. Ölkəmizə müşahidəçi statusunun verilməsi Şanxay Əməkdaşlıq Təşkilatı üçün də böyük fəxr və xeyirli tərəfdaş qazancı sayıla bilər. Azərbaycan-ŞƏT əlaqələri kontekstində siyasi, iqtisadi, xüsusilə nəqliyyat, kommunikasiya, enerji və digər sahələrdə əməkdaşlığın möhkəmlənməsi zamanın diktəsindən irəli gələn ehtiyacdır.
Təbii ki, ŞƏT-ə üzv dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlərimizin qurulması təşkilatla əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, ölkəmizin regional güc kimi formalaşmasını və dəstək qazanmasını da şərtləndirir. Belə nüfuzlu təşkilatla işbirliyi Azərbaycanın beynəlxalq səviyyədə səsinin eşidilməsi, mövqeyinin çatdırılması baxımından vacib platformadır. Prezident İlham Əliyevin zirvə görüşlərində iştirakı və çıxışları ölkəmizlə bağlı ən mühüm məsələlərin, prioritetlərin qlobal səviyyədə geniş ictimaiyyətə çatdırılmasını təmin edir. Astana müzakirələri bu qurumla əməkdaşlığın daha geniş sahələri əhatə etməsi, gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Hazırda dünyanın ən böyük beynəlxalq tədbirlərindən olan COP29-a hazırlıq çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmiz arasında daha fəal əməkdaşlıq məsələləri də diqqət mərkəzində saxlanılır.
İyulun 4-də "ŞƏT plyus" formatında keçirilən görüşdə ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunduğunu Azərbaycanla üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev bildirdi: "Şərq-Qərb və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. "Şimal-Cənub" dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq".
Astanada "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbulu da buna bariz nümunədir. Sənəddə yekdilliklə hesab olunur ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafı da yüksək qiymətləndirilir. Tərəflər Azərbaycan və Çin arasında sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcəklər. Onlar ikitərəfli ticarətin həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirirlər.
Bəyannaməyə əsasən, ölkələrimiz intellektual nəqliyyat sistemlərinin texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafına, habelə beynəlxalq nəqliyyat marşrutlarının fasiləsiz və tammiqyaslı fəaliyyəti üçün texniki-iqtisadi şəraitin təmin edilməsinə istiqamətlənirlər. Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı üzrə işçi qrupunun yaradılmasını dəstəkləyirlər. Həmçinin müəssisələrin Azərbaycan və Çində qarşılıqlı investisiya qoyuluşu və biznesin inkişafında, o cümlədən onların rezident qismində Azərbaycan və Çinin azad iqtisadi zonalarının və sənaye parklarının fəaliyyətində qarşılıqlı iştirakına təkan verilir.
Göründüyü kimi, Çin ilə ikitərəfli münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri yaranıb. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Astanada keçirilən ŞƏT-in növbəti Zirvə toplantısı çərçivəsində növbəti görüş isə ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tərəflər ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün nəqliyyat və kommunikasiya, "yaşıl enerji", emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və digər sahələrdə layihələrə diqqət yetirirlər. "Bir kəmər, bir yol" çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib sayırlar. Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin - (Orta dəhlizin) tikintisində və istismarında fəal iştirak edir. COP29-un ölkəmizdə keçirilməsini alqışlayır və Azərbaycanın konfransa sədrliyini dəstəkləyir.
Məlum olduğu kimi, bu ölkə ilk idxal mənbəyimiz və beş əsas ticarət tərəfdaşımızdan biridir. Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və "Bir kəmər, bir yol" layihəsinin mühüm hissəsi olan Orta dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Çin ilə enerji keçidi, bərpaolunan enerji sahəsində də əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrikmühərrikli avtobusların istehsalı sahəsində Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrikmühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
6 iyul, № 139.- S.12.