COP29-dan Astana toplantısında
da geniş bəhs olundu
Yaşıl
dünya naminə həmrəylik ili - 2024
BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyası (COP29) Astanada keçirilən Şanxay Əməkdaşlıq
Təşkilatının (ŞƏT) Zirvə
toplantısında da əsas mövzulardan idi.
Çıxışlarda Azərbaycanın evsahibliyi edəcəyi
COP29-a uğurlar arzulandı və onun məhz müvəffəqiyyətlə
keçəcəyinə inam ifadə olundu.
"ŞƏT
plyus" formatında
görüşdə çıxış edən Azərbaycan
Prezidenti İlham Əliyev bu il təxminən 200 ölkənin
yekdil dəstəyi ilə ölkəmizin COP29-a evsahibliyi edəcəyi
məsələsinə də toxunmuşdur. Dövlətimizin
başçısı demişdir: "Biz dünyada ən
böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə
hazırlıq istiqamətində ŞƏT ilə işi
davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv
dövlətlərin liderlərinə rəsmi dəvət məktubları
ünvanlamışam və həmkarlarımı noyabrda
Bakıda görəcəyimə ümid edirəm".
Prezident
İlham Əliyev həmçinin bildirmişdir ki, biz
Bakıda keçiriləcək COP29 çərçivəsində
inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr
arasında körpü yaratmaq üçün səylərimizi
əsirgəməyəcəyik və inkişaf etməkdə
olan ölkələrin legitim maraqlarını nəzərə
alacaq razılaşmanın əldə edilməsinə
çalışacağıq. Azərbaycanın prioritetləri
sırasında həm də iqlim dəyişikliyinin mənfi
təsiri səbəbindən ekzistensial təhlükə ilə
üzləşən inkişaf etməkdə olan kiçik
ada dövlətlərinə dəstək yer alır. Ölkəmiz
inkişaf etməkdə olan kiçik ada dövlətləri
üçün xüsusi texniki yardım fondunun
yaradılması təşəbbüsü ilə
çıxış edib.
Xatırladaq
ki, dövlətimizin başçısı son dövrdə
mötəbər tədbirlərin hər birindəki
çıxışında COP29 mövzusuna geniş şəkildə
toxunur. Aprel ayında Almaniyanın paytaxtı Berlində
keçirilən "15-ci Petersberq İqlim Dialoqu"ndakı
çıxışında Prezidentimiz bildirmişdir ki,
COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla
seçilmək bizim üçün həqiqətən
böyük şərəfdir: "Biz bunu beynəlxalq
ictimaiyyətin Azərbaycana və gördüyümüz
işlərə, o cümlədən "yaşıl
enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin
əlaməti hesab edirik. Nəhayət, bu, böyük məsuliyyətdir,
çünki biz nəinki yaxşı tədbir təşkil
etməli, o cümlədən yaxşı nəticələrə
nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın
müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri
və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin
ölkələri arasında körpülər salmaq və ya
onları gücləndirmək, eləcə də onların həmrəyliyini
möhkəmləndirmək imkanını yaradacaq".
İndi Azərbaycan
bu qlobal tədbirə hazırlığın fəal mərhələsindədir.
Artıq COP29-a az vaxt qalır. Odur ki, yaxşı nəticələrə
nail olmaq üçün əlimizdən gələni edirik.
"Yaşıl gündəliyimiz" də artıq
dünyaya bəllidir. Əslində, Azərbaycanın bu
gündəliyi hələ COP29 qərarından əvvəl
icra olunmağa başlanıb. Xarici tərəfdaşlar və
sərmayədarlarla "yaşıl keçid" üzrə
nəhəng layihələrə start verilib. 2024-cü il
ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik
ili" elan edilib.
Prezident
İlham Əliyev digər bir vacib məqamı da
vurğulamışdır. Belə ki, COP29-un keçirilməsinə
qərar veriləndən dərhal sonra bəzi mətbuat
orqanları bir məsələdən
narazılıqlarını bildirdilər. Bundan əvvəlki
- 28-ci sessiyanın Birləşmiş Ərəb Əmirliklərində
keçirildiyini vurğulayaraq soruşdular ki, iqlim dəyişmələrinə
həsr olunan bu mötəbər tədbirə nə
üçün növbəti dəfə yenə neft-qaz
ölkəsi evsahibliyi edəcək? Prezident İlham Əliyev
Berlindəki bütün çıxışlarında məhz
həmin məsələyə bir daha münasibət
bildirmişdir. Qeyd etmişdir ki, neftlə, qazla zəngin olan
ölkələr haqqında hansısa miflər
yaradılmamalı, onlar buna görə qınaq obyektinə
çevrilməməlidir. Çünki bu ölkələr,
o cümlədən Azərbaycandan əvvəl COP-u
keçirmiş Misir və Birləşmiş Ərəb
Əmirlikləri iqlim məsələlərinin həlli
üçün böyük səylər göstərmişlər.
Dünyada bu məsələ ilə bağlı
ayrı-seçkilik, diskriminasiya aparılmamalıdır. Bu təbii
sərvət Tanrıdan verilən bir paydır və ölkələrə
bu nemətə görə qiymət verilməlidir. Əsas məsələ
isə həmin sərvətdən düzgün istifadə etməkdir.
Azərbaycana
gəldikdə, ölkəmizdə karbohidrogen ehtiyatlarından
əldə olunan gəlirlərdən düzgün istifadə
olunur. Buna görə də yoxsulluğun səviyyəsi son 20
il ərzində 50 faizdən 5 faizə enmişdir. Borcumuz
ümumi daxili məhsulun cəmi 7,9 faizinə bərabərdir.
Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə
ədalətli bölünür. Bu gün biz həm də erməni
vandallarının 30 il ərzində xarabaya çevirdiyi
Qarabağı və Şərqi Zəngəzuru yenidən
tikib-qururuq.
İyunun 4-də
Bakı Enerji Həftəsinin açılış mərasimindəki
çıxışında Prezident İlham Əliyev bir daha
vurğulamışdır ki, bizə qiymət verilən zaman
bütün bu amillər nəzərə
alınmalıdır. İndi iqlim dəyişikliyi hər bir
ölkə üçün
çağırışdır. Azərbaycan proaktiv
addımlar atmışdır və hazırda tərəfdaşları
ilə birgə çalışır. BƏƏ və
növbəti COP-a evsahibliyi edəcək Braziliya ilə birlikdə
"Troyka" təsis edilmişdir. Qoşulmama Hərəkatının
keçmiş sədri qismində Azərbaycan 120 ölkə
ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasında
körpülərin qurulmasına çalışır.
Avropa İttifaqına 10 üzv dövlət ilə Azərbaycan
arasında strateji tərəfdaşlıq haqqında bəyannamə
imzalanmışdır.
Prezidentimiz həmçinin
xatırlatmışdır ki, biz hazırda inkişafda olan
kiçik ada dövlətləri ilə fəal işləyirik.
Onların dəstəklənməsi məqsədilə
xüsusi fondun yaradılmasını
planlaşdırırıq: "Azərbaycan üçün
iqlim dəyişikliyi problemdir, onlar üçün isə
bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal
dərəcədə məsuliyyət nümayiş etdirməyə
və eyni zamanda beynəlxalq ictimaiyyətin müxtəlif
komponentləri arasında körpülər qurmağa
çalışırıq. Hesab edirəm ki, COP29 çərçivəsində
maliyyə məsələləri ilə yanaşı, əldə
edə biləcəyimiz ən böyük nəticə
qarşılıqlı ittihamlara son qoyulması
olacaqdır".
Dövlətimizin
başçısının dediyi kimi, biz baş verənlərə
görə bir-birimizi günahlandırmağı
dayandırmalı, səylərimizi səfərbər etməli,
iddialardan əl çəkməli və diqqətimizi
övladlarımız və nəvələrimizin
yaşamağa davam edəcəyi bu planetdəki həyatla
bağlı gündəliyimizə yönəltməliyik.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
6 iyul, № 139.- S.13.