Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə tədbirləri təqdir edilir

 

Yaşıl dünya naminə həmrəylik ili - 2024

 

 

İndiyədək Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edib. Bu ilin noyabrında ölkəmizdə təşkil olunacaq Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) isə əhəmiyyətinə, miqyasına, missiyasına görə xüsusilə diqqət çəkir. Belə bir tədbirin keçiriləcəyi məkan kimi seçilməsi Azərbaycana beynəlxalq səviyyədə yüksək inamın, etimadın təzahürüdür.

Bu gün dünyada iqlim dəyişikliklərinin nəticələri həyacan təbili çalmağa əsas verir. Təbiətə vurulan zərərin qarşısının alınması artıq qlobal bir çağırışdır. İqlim dəyişikliyinin getdikcə daha təhlükəli hal alması, dünyamız üçün ümumi bəlaya çevrilməsi, təhdidlər yaratması zəruri tədbirlərin gücləndirilməsini tələb edir.

Azərbaycan bu qlobal çağırışa qoşulan ölkələr sırasındadır. Respublikamızda ətraf mühitin mühafizəsinə, ekologiyanın qorunmasına böyük diqqət göstərilir, bu istiqamətdə davamlı olaraq vacib işlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən müfaviq dövlət proqramları təsdiqlənib, fərman və sərəncamlar imzalanıb, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Bu ilin noyabrında isə dünyanın bir sıra ölkələrinin nümayəndələri Azərbaycanın paytaxtında bir araya gələcək, dünyanı təhdid edən qlobal problemləri birlikdə müzakirə edəcək, çıxış yolları axtaracaqlar. On minlərlə qonağın gəlməsi gözlənilən COP29-a Azərbaycan böyük məsuliyyətlə hazırlaşır. Dövlətimizin başçısı aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusundakı beynəlxalq forumda diqqətə çatdırdığı kimi: "Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir".

Bu beynəlxalq tədbirdən gözləntilər çoxdur. Prezident İlham Əliyev iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "ŞƏT plyus" formatında görüşdə çıxışında dedi: "Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq".

Dövlətimizin başçısı Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyin yer aldığını nəzərə çatdırdı. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. "Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik", - deyə dövlətimizin başçısı qeyd etdi.

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət etdi. Dövlətimizin başçısı dedi: "Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik. Mən artıq ŞƏT-ə üzv dövlətlərin liderlərinə rəsmi dəvət məktubları ünvanlamışam və həmkarlarımı noyabrda Bakıda görəcəyimə ümid edirəm".

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada "ŞƏT plus" formatında keçirilən görüşdə çıxışı zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkələrə iqlim gündəliyindəki məsələlərdə həmrəylik göstərməyə imkan verəcəyini qeyd etdi. O, mövcud reallıqlarda ekologiya və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın xüsusi aktuallıq kəsb etdiyini, bu sahədə vəziyyətin ciddi narahatlıq doğurduğunu vurğuladı. Qazaxıstan Prezidenti dedi: "Demək olar ki, bütün dövlətlərə böyük ziyan vuran müxtəlif təbii fəlakətlərin əhəmiyyətli dərəcədə artdığının şahidi olduq".

Qazaxıstanın bu yaxınlarda daşqınlara məruz qaldığını, bu daşqınların miqyasının qlobal istiləşmə prosesi ilə birbaşa bağlı olduğunu qeyd edən Kasım-Jomart Tokayev təkbaşına iqlim problemlərinin öhdəsindən gəlməyin mümkünsüzlüyünü vurğuladı: "Hesab edirəm ki, beynəlxalq ictimaiyyət iqtisadiyyatın karbonsuzlaşdırılması istiqamətində qətiyyətli kursu davam etdirməlidir. Lakin bütün dövlətlərin inkişafı və modernləşdirilməsi kimi aktual vəzifələrə xələl gətirməməlidir.  İqlim gündəliyi məsələlərinə dair həmrəyliyimizi bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı çərçivəsində göstərə biləcəyik".

Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevə bu tədbirin uğurla keçirilməsini arzuladı.

BMT Baş katibi Antonio Quterreş də Astanada "ŞƏT plyus" formatında keçirilən görüşdə bu il Bakıda keçiriləcək COP29-la bağlı gözləntisini dilə gətirdi. O qeyd etdi ki, bu il COP29 keçiriləcək, qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün indidən addımlar atılmalıdır. BMT-nin Baş katibi bildirdi ki, iqlim dəyişikliyi ilə mübarizə üçün daha böyük vəsait ayrılmalıdır: "COP29 maliyyə məsələləri ilə bağlı aydın strategiyaya ehtiyac duyur. İkinci məsələ süni intellektlə bağlıdır. Süni intellektlə bağlı risklərin azaldılması üçün texnologiya şirkətləri, vətəndaş cəmiyyəti institutları ilə birgə çalışmalıyıq. Bizə vahid bazar, vahid internet kimi yanaşmalar lazımdır. Qlobal Rəqəmsal Razılaşma bizim üçün çox vacibdir".

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2024.- 6 iyul, № 139.- S.13.