Şuşa Zirvə görüşü hədəflərə doğru birlikdə addımlamaq imkanını genişləndirəcək

 

 

Ötən gün Şuşada ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərləri qeyri-rəsmi Zirvə görüşündə bir araya gəldilər. Dövlət başçıları qeyri-rəsmi görüş çərçivəsində Şuşa şəhərində görülən işlərlə tanış olub, şəhəri gəziblər.

Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı qərar ötən ilin noyabrında Astanada TDT-nin "Türk Əsri" çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə verilib. Qeyri-rəsmi zirvə toplantısının keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Görüşün həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin təsdiqidir. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin yüksək səviyyədə müzakirəsi reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Milli Məclisin deputatı Fazil Mustafa qəzetimizə açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə toplantısının Şuşada keçirilməsi böyük əhəmiyyətə malikdir. Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtında belə bir tədbirin keçirilməsi bu hadisənin qədər möhtəşəm, türk dünyası üçün necə önəmli olduğunu bir daha göstərir. "Ona görə Şuşada keçirilən bu tədbir bilavasitə türk dövlətinin həm öz suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün simvolik mənasını daşıyır. Burada diqqətçəkən bir nöqtə var. Bu, ilk növbədə türk dövlətlərini birləşdirən, dil, mədəniyyət, tarixdir. İkinci isə müasirlikdir. Şuşa hər cəhəti özündə ehtiva edən belə bir şəhər, mərkəzdir", - deyə deputat əlavə edib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə müzakirə olunan məsələlər, alınan qərarlar türk dünyasının gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Adətən belə qeyri-rəsmi görüşlərdə daha çox problemləri müzakirə etmək imkanı olur. Burada problemlərin mahiyyətini anlamaq anlatmaq şəraiti mövcuddur.

F.Mustafa Türk Dövlətləri Təşkilatının məhz bu qeyri-rəsmi Zirvə toplantısının da gələcək birliyimizin, çağdaşlıq modelimizin doğru istiqamətlərini müəyyənləşdirəcəyinə əminliyini ifadə edib.

O vurğulayıb ki, bu görüş hədəflərə doğru birlikdə addımlamaq imkanını genişləndirəcək: "Türk dövlətlərinin birlikdə aldığı qərarların yerinə yetirilməsindən çox şey asılı olacaq. Tarixin bizə verdiyi bu fürsəti heç vaxt itirməməli bunu daha da irəli aparmağa çalışmalıyıq".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 7 iyul, № 140.- S.7.