Milli
Məclisə seçkilərdə
namizədliyin irəli
sürülməsinə dair
tələblər
Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il
28 iyun tarixli Sərəncamı
ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilər 2024-cü il
sentyabrın 1-nə təyin
edilib. Azərbaycan Respublikası Konstitusiyasının
56-cı maddəsinə əsasən
ölkə vətəndaşlarının
bu seçkilərdə
seçmək və seçilmək hüququ var. Daha konkret
desək, səsvermə
günü də daxil olmaqla 18 yaşına çatmış
Azərbaycan Respublikasının
hər bir vətəndaşı seçmək,
seçkilərin gedişini
müşahidə etmək,
seçkiqabağı təşviqat
aparmaq və seçki qanunvericiliyində
nəzərdə tutulmuş
digər seçki hərəkətlərinin həyata
keçirilməsində iştirak
etmək hüququna (aktiv seçki hüququ) malikdir.
Bununla belə bəzi hallarda bu hüquq qanunvericilikdə
nəzərdə tutulmuş
qaydada məhdudlaşdırıla
bilər. Məsələn,
məhkəmənin qərarı
ilə fəaliyyət
qabiliyyətsizliyi təsdiq
olunmuş şəxslər
aktiv seçki hüququndan məhrumdurlar.
Vətəndaş aktiv
seçki hüququndan
məhrumdursa, onun heç bir halda passiv seçki
hüququ yarana bilməz. Bəzi şəxslər isə tutduqları vəzifələrinə
görə - hərbi
qulluqçular (hərbi
qulluqda olduqları müddətdə), hakimlər
(hakim olduqları müddətdə), dövlət
qulluqçuları (dövlət
qulluğunda olduqları
müddətdə), din
xadimləri (peşəkar
dini fəaliyyət ilə məşğul olduqları müddətdə)
Milli Məclisin deputatı ola bilməzlər. Göstərilən
şəxslər namizədliklərini
irəli sürdükləri
zaman seçkili vəzifəyə seçiləcəyi
halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyinə
dair yazılı öhdəlik götürür
və bu barədə ərizə yazır.
Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının seçkilərdə
iştirak etmək hüququna malik olan hər bir
vətəndaşı qanunla
müəyyən edilmiş
qaydada deputat seçilə bilər. Bu məqsədlə Seçki Məcəlləsinin
53 və 54-cü maddələrinə
uyğun olaraq birmandatlı seçki dairəsi üzrə namizədlər vətəndaşların
özləri, təşəbbüs
qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən irəli
sürə bilər.
Qanunvericilik deputatlığa
namizədlərə aid
tələblərin dairəsini
müəyyən etmişdir.
Belə ki, ikili vətəndaşlığı
olan (ikili vətəndaşlığı qalanadək), xarici dövlətlər qarşısında
öhdəliyi olan (həmin öhdəliklərə
xitam verilənədək),
fəaliyyət qabiliyyətsizliyi
məhkəmə tərəfindən
təsdiq edilmiş şəxslər, ağır
və xüsusi ilə ağır cinayətlərə görə
məhkum olunmuş şəxslər seçkilərdə
deputatlığa namizəd
ola bilməzlər. Xarici dövlətlər qarşısında öhdəliyi
olan dedikdə, 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn
davamlı, möhkəm
və sabit münasibətlərin mövcudluğuna
səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən
artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi
öhdəliklər başa
düşülür.
Azərbaycan Respublikasının
ərazisində beş
ildən az olmayaraq daimi yaşayan, lakin vətəndaşlığı olmayan şəxslər isə Milli Məclisə seçkilərdə
yalnız özlərinin
səsvermə hüququndan
istifadə edə bilərlər.
Milli Məclisə
seçkilərdə seçki
hüququ olan vətəndaşlar namizədliklərini
öz təşəbbüsləri,
seçicilərin təşəbbüs
qrupu, siyasi partiya, siyasi partiyaların blokları vasitəsilə irəli sürə bilərlər.
Namizədliyini irəli
sürən vətəndaş
müvafiq seçki dairəsinin dairə seçki komissiyasına namizədliyin irəli sürülməsinə dair
bildiriş, Seçki
Məcəlləsinin 53-cü maddəsinin tələblərinə
uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə
deputatlığa namizədliyi
irəli sürülmüş
şəxsin soyadı,
adı, atasının
adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriya nömrəsi, verilmə tarixi və ya etibarlılıq
müddəti, əsas
iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət
növü), məhkumluğu,
vətəndaşlığı və başqa dövlətlər qarşısında
öhdəliyinə dair
məlumatlar, habelə
deputat seçiləcəyi
halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyi barədə öhdəliyi
göstərilməlidir), namizəd
tərəfindən səlahiyyətli
nümayəndə təyin
edilibsə, həmin səlahiyyətli nümayəndəyə
aid notariat qaydasında təsdiq edilmiş vəkalətnamə,
namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair
məlumat daxil edibsə, bu barədə təsdiqedici
sənəd təqdim
etməlidir.
Müvafiq seçki
dairəsinin ərazisində
daimi yaşayan və seçki hüququ olan ən azı 50 nəfərdən ibarət
Azərbaycan Respublikasının
vətəndaşları seçicilərin
təşəbbüs qrupunu
yarada bilər. Həmin təşəbbüs
qrupunun formalaşması
qaydası "Azərbaycan
Respublikasının Milli
Məclisinə seçkilərdə
vətəndaşların öz
təşəbbüsü ilə deputatlığa namizədliyinin irəli sürülməsi, seçicilərin
təşəbbüs qruplarının
yaradılması və
onlar tərəfindən
deputatlığa namizədin
irəli sürülməsi
qaydaları haqqında
Təlimat"la
müəyyən edilmişdir.
Təşəbbüs qrupunun yaranması üçün seçkilərdə
iştirak etmək hüququ olan vətəndaşlar öz
yığıncağını keçirməlidirlər. Həmin yığıncaqda seçicilərin
təşəbbüs qrupunun
yaradılması və
təşəbbüs qrupunun
nümayəndəsinin müəyyən
edilməsi, deputatlığa
namizədliyin irəli
sürülməsi, namizədliyin
irəli sürülməsinin
təsdiqi üçün
müvafiq seçki komissiyasına bildirişlə müraciət
edilməsi məsələləri
həll olunur. Eyni zamanda yığıncağın
gündəliyinə çıxarılaraq
müzakirə edilmiş
hər bir məsələ barədə
qərar qəbul olunur və yığıncağın protokolu
tərtib edilir. Prosesin sonunda qanunvericiliyin tələbinə
uyğun olaraq, sözügedən protokolu
iclasın sədri və katibi imzalayır. Bundan sonra seçicilərin təşəbbüs qrupunun
irəli sürdüyü
namizədin sənədlərini
seçki komissiyasına
seçicilərin təşəbbüs
qrupunun nümayəndəsi
və ya namizəd təqdim edə bilər. Namizəd seçicilərin
təşəbbüs qrupu
tərəfindən irəli
sürüldükdə seçicilərin
təşəbbüs qrupunun
yaradılması və
namizədliyin irəli
sürülməsi barədə
yığıncağın protokolu, namizədin irəli sürülməsinə
təşəbbüs edilməsi
barədə bildiriş,
Seçki Məcəlləsinin
53-cü maddəsinin tələblərinə
uyğun tərtib edilmiş öhdəlik ərizəsi (ərizədə namizədliyi
irəli sürülmüş
şəxsin soyadı,
adı, atasının
adı, onun doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, şəxsiyyət vəsiqəsinin
və ya onu əvəz edən sənədin seriya nömrəsi, verilmə tarixi və ya etibarlılıq
müddəti,
əsas iş və ya xidmət
yeri, tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət
növü), məhkumluğu,
vətəndaşlığı və başqa dövlətlər qarşısında
öhdəliyinə dair
məlumatlar, habelə
deputat seçiləcəyi
halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam verəcəyi barədə öhdəliyi
göstərilməlidir), namizəd
tərəfindən səlahiyyətli
nümayəndə təyin edilibsə, səlahiyyətli nümayəndəyə
aid notariat qaydasında təsdiq edilmiş vəkalətnamə,
namizəd öz ərizəsində siyasi mənsubiyyətinə dair
məlumat daxil edibsə, bu barədə təsdiqedici
sənəd təqdim
olunmalıdır.
Namizədliyin irəli
sürülməsi ilə
əlaqədar təqdim
edilmiş sənədlərə
dairə seçki komissiyası tərəfindən
5 gün müddətində
baxılır, namizədliyin
irəli sürülməsinin
təsdiq olunub-olunmaması
barədə müvafiq
qərar qəbul edilir və həmin qərar namizədə və ya onun səlahiyyətli
nümayəndəsinə verilir.
Seçki Məcəlləsində
nəzərdə tutulan
tələblərə əməl
olunmaması, yəni yuxarıda sözügedən
sənədlərin lazımi
qaydada rəsmiləşdirilməməsi
və ya namizədlərin irəli
sürülməsində qanunla
müəyyənləşdirilmiş qaydanın pozulması namizədliyin irəli sürülməsinin təsdiq
edilməsindən imtina
üçün əsas
ola bilər. Namizədin qeyə alınması üçün
təqdim edilən sənədlərdəki səhvlər
və pozuntular namizəd tərəfindən
düzəlişlərin edilməsi
yolu ilə aradan götürülə
bilərsə, dairə
seçki komissiyası
qanunvericiliklə müəyyənləşdirilmiş
müddətdə namizədi
bu haqda xəbərdar edir və onun tərəfindən
müvafiq düzəlişlər
edildikdən sonra namizədliyin irəli sürülməsini təsdiqləyir.
Milli Məclisə
seçkilərdə namizədliyin
irəli sürülməsi
siyasi partiyalar və siyasi partiyalar blokları tərəfindən də
həyata keçirilə
bilər. Həmin subyektlər tərəfindən
namizədliyin irəli
sürülməsi qaydası
Seçki Məcəlləsi
və Mərkəzi Seçki Komissiyasının
müvafiq normativ xarakterli aktları ilə tənzimlənir.
Arifə Muxtarova,
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
katibi
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.9.