Etibarlı tərəfdaşlığın bariz təcəssümü

 

 

ŞƏT-ə üzv dövlətlər Azərbaycanla yüksəksəviyyəli münasibətlərin formalaşmasında maraqlıdır

 

 

 

"Şanxay Əməkdaşlıq Təşkilatının Astana şəhərində "ŞƏT+" formatında keçirilmiş görüş Prezident İlham Əliyevin bu tədbirdə iştirakı çox vacib məqamlardan xəbər verir. Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu fakt ölkəmiz ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın dostluğun göstəricisi kimi qiymətləndirilməlidir".

Milli Məclisin deputatı Vüqar İskəndərov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan həm "Şərq-Qərb", həm "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzərində qarşılıqlı fəaliyyəti formalaşdıran ölkədir. Coğrafi mövqeyimiz nəqliyyat infrastrukturlarına qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika habına çevirmək imkanı qazandırıb. Prezident çıxışında bununla bağlı bir çox vacib fikirlər söyləyib. Həm Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyətinin artırılması qeyd olunub, həm Ələt Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılacağı vurğulanıb.

"Ümumiyyətlə, Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə ikitərəfli yüksəksəviyyəli münasibətlərin formalaşdırılması bir çox ölkə ilə konkret olaraq strateji tərəfdaş olmağımız dediklərimizə bariz nümunədir", - deyə deputat bildirib.

V.İskəndərov qeyd edib ki, Prezident İlham Əliyevin müxtəlif formatlı görüşlərində konkret məqamlara toxunulub əlaqələrin ən yüksək səviyyəyə çatdırılması üçün çox vacib məsələlər üzərində danışıqlar aparılıb. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" isə, təbii ki, Astana sammitinin zirvəsi sayılmalıdır.

 Çinlə Azərbaycanın bütün sahələrdə bir-birini dəstəklədiyini vurğulayan deputat bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevi dost tərəfdaş adlandırır. Eyni zamanda Azərbaycan da Çinin ərazi bütövlüyünü dəstəkləməklə, onun regionda qlobal arenada artan rolunü yüksək dəyərləndirir. Azərbaycan Çinlə yanaşı, ŞƏT-ə üzv olan digər dövlətlərlə münasibətlərinin formalaşmasında maraqlı olduğunu bəyan edir.

Deputat qeyd edib ki, budəfəki Zirvə görüşünün həm yüksək səviyyədə təşkil olunması, həm Prezident İlham Əliyevin orada iştirakı dövlət başçıları ilə görüşləri Azərbaycanın növbəti dəfə beynəlxalq diplomatiya müstəvisində çox böyük uğuru kimi qiymətləndirilməlidir.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 7 iyul (№ 140).- S.10.