Aida
Mahmudova fəaliyyətinə
yenidən başlayan
"YAY" Qalereyasının açılışında iştirak
edib
İncəsənət insan hisslərini təsvir edən vasitədir. Bəzən insanlar sözlərlə ifadə edə bilmədikləri hisslərini
çox rahatlıqla rəsmdə təsvir edə bilirlər. Sözsüz ki, hər şey incəsənətdir, əsas
məsələ isə
onu görməkdir.
Günümüzdə incəsənətə yeni
texnoloji anlam gəlib. Bu müasirlik bizim xeyrimizə olduğu qədər, həm də dövrümüzün
yaradıcılığını bizə təqdim edir. Bunu bizə
hiss etdirən
"YAY" Qalereyası böyük
məmnuniyyətlə yenidən
açılışını elan edir.
İyulun 5-də "YAY" Qalereyasında "Hər
şey yaxşı olacaq: Sabah və
ya nə vaxtsa" adlı qrup sərgisinin açılışı olub.
Açılışda iştirak
edən "YARAT" Müasir
İncəsənət Məkanının
təsisçisi, rəssam
Aida Mahmudova da qrup sərgisində
olan rəssamlardan biridir.
Sərginin açılışından
əvvəl sərginin
kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında
bildirib ki, müxtəlif medialarda çalışan və fərqli təcrübələri
olan səkkiz rəssam bu sərgidə bir araya gəlib.
Qeyd edilib ki, bu dəfə
Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir
Süleymanov və
CHINGIZ-in əsərlərindən
ibarət qrup sərgisi təqdim olunub.
Z.Məmmədova diqqətə
çatdırıb ki,
sərginin başlıca
məqsədi müəyyən
"düşüncə toxumlarının"
cücərməsinə sövq
etmək, insanları çətin dövrlərdə
incəsənətin gücünə
inanmağa vadar etməkdir.
Sərginin açılışında
çıxış edən
"YARAT" Müasir İncəsənət
Məkanının baş
kuratoru, sənətşünas
Fərəh Ələkbərli
başda "YARAT" Müasir
İncəsənət Məkanının
təsisçisi, rəssam
Aida Mahmudova olmaqla, sərgidə əməyi keçən
hər kəsə təşəkkürünü bildirib.
Sərgi ilə
tanış olan qonaqlara burada müasir dilemmalardan tutmuş introspektiv səyahətlərə qədər
geniş mövzuları
araşdırmaq təklif
olunur. Rəssamlar zaman və məkan
anlayışının mürəkkəblikləri
arasında məna axtarmaqla liminal məkanları, həmçinin
bizim kim olduğumuzu və əqidəmizi götür-qoy
etməyə məcbur
edərək identiklik
və kimlik məsələsini araşdırırlar.
Ekspozisiya özündə
rəssam "gündəliyini"
ehtiva edir. Bu gündəlik bəlkə də rəssamın şəxsən
özü üçün
məna kəsb edir, amma eyni
zamanda tamaşaçı
üçün rezonans
doğurur və kollektiv təcrübəni
əks etdirir.
Sərgi tamaşaçıları
incəsənətin dəyişikliklərə
səbəb olmaq kimi əzmini və qüdrətini nəzərdən keçirməyə
məcbur etməklə,
"incəsənət eyni
zamanda həm güzgü, həm də bir vasitədir"
düşüncəsi ilə
üz-üzə qoyur.
Əsərlərdə bizim ictimai-siyasi reallığımız ilə
dialoq, ruhumuza ünvanlanan və onunla danışan səmimi, açıq bir söhbət var. Burada suallar
yaranır, onlar bizi konflikt və
xaosu nəzərdən
keçirməyə, həmçinin
daxili aləmdə gözəllik və məqsəd tapmağa məcbur edir... Hər bir rəssam
özünəməxsus şəkildə
öz dövrünün
həqiqət carçısı
sayıla bilər və bizi öz
hekayələrində məna
tapmağa dəvət
edir.
Sənətsevər qonaqların sərgi ilə tanışlığından
sonra möhtəşəm
konsert proqramı təqdim edilib.
Sərgi dekabrın
8-dək davam edəcək.
Qeyd edək ki, 2012-ci ildə yaradılmış "YAY" Qalereyası UNESCO-nun dünya irsi siyahısına daxil olan Bakının qədim İçərişəhərində
yerləşir.
Qalereya Azərbaycanda
incəsənət infrastrukturunu
dəstəkləmək öhdəliyi
çərçivəsində qeyri-kommersiya təşkilatı
olan "YARAT" Müasir
İncəsənət Məkanı
tərəfindən təsis
edilib.
"YAY" Qalereyasının əsas fəaliyyəti Azərbaycan və digər ölkələrdən
olan istedadlı və perspektivli gənc rəssamların, tanınmış və təcrübəli sənətçilərin
əsərlərindən ibarət
sərgi-satış tədbirlərinin
keçirilməsinə yönəlib.
Qalereya incəsənət
nümunələrinin satışından
əldə edilən gəlirləri rəssamlar
və "YARAT" təşkilatı
arasında bölüşdürür.
"YAY" Qalereyasının digər prioritetlərindən
biri də fikir və təcrübə
mübadiləsi platforması
olaraq rəssamlar, həmçinin incəsənət
sahəsində çalışan
mütəxəssislər tərəfindən
aparılan mühazirələr,
seminarlar, habelə film nümayişləri və s. təşkil etməkdir.
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.11.