COP29 "yaşıl
dünya"ya doğru
daha bir addım olacaq
Bu gün dünyada baş verən müharibə və münaqişələr
biomüxtəlifliyi məhv
edir, zərərli maddələrin emissiyasını
artırır. Demək
olar ki, dünya iqlim dəyişikliyinin geri dönüşü olmayan
qırmızı xəttinə
daha da yaxınlaşıb.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyası (COP29) məhz
bu təhlükələrin
aradan qaldırılması
yollarını müzakirə
edəcək.
50-100 il əvvəl
əhali artımına,
insanların gündəlik
yaşayışına, həyat tərzinə, sosial vəziyyətinə müharibələr
mənfi təsir edirdisə, indi iqlim dəyişikliyinin fəsadları daha önə çıxır.
Bəşəriyyəti təhdid
edən iqlim dəyişikliyinə səbəbin
qlobal istiləşmə
və sənayedə inkişafın pik nöqtəyə çatması
olduğu bildirilir. Son yüz ildə
daha çox neft, qaz, kömür
yandırılır. Avtomobillərin
sayı durmadan artır. Hər gün atmosferə böyük həcmdə tullantı atılması,
eləcə də karbon qazının artması müşahidə
olunur və istiləşmə sürətlənir.
Ekstremal hava şəraiti, hidroloji və iqlim hadisələri
insan həyatına, milli iqtisadiyyata, şəhər və kənd mühitinə, qida və su
təhlükəsizliyinə öz mənfi təsirlərini
göstərir. Təəssüf
ki, biz belə
mənfi təsirlərin
statistikasında sürətli
artım dinamikasını
izləyirik. Ətraf mühitin çirklənməsi,
müxtəlif təbiət
hadisələri hər
il milyonlarla insanın həyatına son qoyur. Bir
sözlə, fəsadlar
çox ağırdır.
Faciələrin həll
yolları ötən
il Birləşmiş
Ərəb Əmirliklərində
baş tutan COP28-də
müzakirə olundu və müəyyən nəticələr əldə
edildi. Bir neçə ay sonra Bakının evsahibliyi edəcəyi COP29 və ardınca Braziliyada keçiriləcək COP30 konfransları
arasındakı əməkdaşlıq
qlobal istiləşmənin
artımının 1,5°C səviyyəsində
saxlamaq məqsədi daşıyır. Bu üçlüyün beynəlxalq
iqlim danışıqları
tarixində indiyə qədər görünməmiş
konfiqurasiya olduğu diqqətlərdən yayınmır.
Artıq COP28-ə sədrlik
etmiş Birləşmiş
Ərəb Əmirlikləri,
onun davamçıları
COP29-un sədri Azərbaycan
və COP30-un sədri
Braziliya qlobal iqlim danışıqlarının
əməkdaşlığını və davamlılığını
yaxşılaşdırmaq üçün tərəfdaşlığa
başladıqlarını elan ediblər. COP28-də qəbul edilən sazişə əsasən,
198 ölkə bu üç sədrliyə
Paris Sazişinin ən
iddialı məqsədinə
nail olmaq üçün "yol xəritəsi" üzərində
birgə işləməyi
tapşırıb. Birləşmiş
Millətlər Təşkilatının
iqlim ekspertlərinin (Giec) hesablamalarına görə, 1,5°C temperatur həddinə çox güman ki, 2030-2035-ci illərdə nail olunacaq. COP28-in sazişi qlobal danışıqlarda
əsas problem olan inkişaf etməkdə olan ölkələrə maliyyə
yardımına dair irəliləyişi ehtiva
etmədi. Bu ölkələrə maliyyə
yardımı məhz
Bakıda keçiriləcək
COP29-un əsas mövzusu
olacaq.
Qazaxıstanın paytaxtı
Astanada "ŞƏT plyus
" formatında keçirilən
görüşdə çıxış
edən Prezident İlham Əliyev məhz bu məqama toxunub: "Təxminən
200 ölkənin yekdil
dəstəyi ilə Azərbaycan bu il COP29-a evsahibliyi edəcək. Biz Bakıda keçiriləcək
COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında
körpü yaratmaq üçün səylərimizi
əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə
alacaq razılaşmanın
əldə edilməsinə
çalışacağıq. Azərbaycanın prioritetləri
sırasında həm
də iqlim dəyişikliyinin mənfi
təsiri səbəbindən
ekzistensial təhlükə
ilə üzləşən
inkişaf etməkdə
olan kiçik ada dövlətlərinə
dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi
texniki yardım fondunun yaradılması təşəbbüsü ilə
çıxış edib.
Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə
hazırlıq istiqamətində
ŞƏT ilə işi
davam etdirəcəyik.
Mən artıq
ŞƏT-ə üzv dövlətlərin
liderlərinə rəsmi
dəvət məktubları
ünvanlamışam və
həmkarlarımı noyabrda
Bakıda görəcəyimə
ümid edirəm".
Azərbaycanın mövqeyi
belədir ki, dünyanın bugünkü
mənzərəsi fonunda
hər bir ölkə öz məsuliyyətini dərk
edərək iqlim dəyişikliyinin fəsadlarına qarşı milli səviyyədə öz gündəliyini müəyyənləşdirməlidir. Aydın görünür
ki, ölkəmiz iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına
fəal şəkildə
qoşulanlar sırasında
yer alır. Neft sənayesində "sıfır
emissiya" hədəfini
müəyyənləşdirən Azərbaycanın məsuliyyətini
dünya dövlətləri
də təqdir edir. Məlumdur ki, qəbul olunmuş strategiyaya əsasən, beş milli prioritetdən biri ətraf mühit məsələləridir.
Azərbaycan 1990-cı illə
müqayisədə 2030-cu ilə
qədər istixana qazlarının miqdarını
35 faiz azaldılmasını
hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı
hədəf müəyyən
edilib ki, bu da 2050-ci ilə
qədər istixana qazlarının miqdarının
40 faiz azaldılmasından
ibarətdir.
Burada məqsəd
ondan ibarətdir ki, atmosferdə karbon qazının miqdarı azalsın və istiləşmənin
qarşısı alınsın.
Bəlkə də bir çox dövlətlərdə bu
öhdəliyi yerinə
yetirmək iqtisadi çətinliklər törədə
bilər. Çünki
karbon qazının atmosferə atılmasında
əsas artım sənaye və kənd təsərrüfatının
inkişafı ilə
əlaqədardır. Buna
görə də paralel olaraq bərpaolunan enerjidən istifadə olunmalıdır.
Həmin enerji mənbələri atmosferə
karbon və digər parnik qazlarının atılmasının
qarşısını alır.
Bu, dünyanın bir çox ölkələrində
tətbiq edilir. Azərbaycanda da belə layihələr mövcuddur, məmləkətimiz bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. Ölkəmizin iqtisadi cəhətdən əlverişli
və texniki baxımdan istifadəsi mümkün olan bərpaolunan enerji mənbələrinin potensialı
27000 MVt həcmində
qiymətləndirilir. 2030-cu ilədək qarşıya
qoyulan məqsəd bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizdən
çox artırılmasına
nail olmaqdan ibarətdir. Azad edilmiş ərazilərimiz
"yaşıl zona"
elan edildiyi üçün orada su, günəş və külək enerjilərindən istifadə
edilməsi nəzərdə
tutulub və bu istiqamətdə dayanmadan iş aparılır. Xəzər
dənizi üzərində
küləyin enerjisindən
istifadə etmək layihələri də işlənməkdədir. Karbohidrogen
resursları ilə zəngin olan ölkəmiz elektrik enerjisi istehsalında "yaşıl enerji"nin xüsusi çəkisinin
daha çox artırılmasını hədəfə
alıb.
Respublikamız BMT-nin
çağırışına qoşularaq neft sənayesində "sıfır
emissiya" hədəfi
müəyyənləşdirib. Qəbul olunan strategiyaya əsasən, indiki mərhələdə
ətraf mühit məsələləri ölkəmizin
beş milli prioriteti sırasında yer alır. Çünki ətraf mühit və "yaşıl artım" Azərbaycanın
dayanıqlı inkişafını
təmin edən önəmli amillərdəndir.
Bu məqsədlə qlobal iqlim dəyişikliklərinin
miqyasını nəzərə
alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli
yer verilir, təmiz enerji mənbələrindən istifadə,
tullantıların təkrar
emalı və çirklənmiş ərazilərin
bərpası təşviq
olunur. Yüksəkkeyfiyyətli
ekoloji mühitin təmini və "yaşıl enerji" məkanının yaradılması
da həmin məqsədə
xidmət edir. Milli səviyyədə öz məsuliyyətini və nümunəsini nümayiş etdirən Azərbaycanın, iqlim dəyişikliyinə qarşı
qlobal həmrəyliyin
möhkəmlənməsinə töhfələr vermək
imkanları böyükdür.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
7 iyul (¹ 140).- S.12.