İranın IX prezidenti Məsud
Pezeşkian oldu
Yeni
lider ölkəsini daha açıq dövlətə
çevirəcəyini və vətəndaşların
azadlıqlarını genişləndirəcəyini vəd
edib
İranda
keçirilən növbədənkənar prezident seçkilərinin
ikinci turunda islahatçı qanadın namizədi,
keçmiş səhiyyə naziri, etnik azərbaycanlı Məsud
Pezeşkian qalib gəlib. İslam Respublikasının
Seçki Qərargahının rəsmi nümayəndəsi
Möhsün Eslami bildirib ki, 30,530 milyon bülletenin
hamısının emalının nəticələrinə əsasən,
Pezeşkian 16,384 milyon səs toplayıb. Bu, ümumi səslərin 53,6
faizidir.
Seçkilərin
nəticələri açıqlandıqdan sonra Məsud
Pezeşkian səs verməyə gələn tərəfdarlarına
təşəkkür edib. Dövlət televiziyasındakı
çıxışında o deyib: "Biz hamıya dost əli
uzadacağıq, biz hamımız bu ölkənin
insanlarıyıq, biz hər bir vətəndaşdan ölkənin
tərəqqisi üçün istifadə etməliyik".
İran lideri Ayətullah
Əli Xameneinin respublikanın Ali Milli Təhlükəsizlik
Şurasındakı nümayəndəsi, mühafizəkar Səid
Cəlili isə 13,538 milyon - 44,3 faiz səs əldə edib. Rəsmi
məlumata görə, seçici fəallığı 49,8
faiz olub.
İranda təxminən
61 milyon insan səsvermə hüququna malikdir. Prezident
seçkilərinin birinci turunda seçici fəallığı
təxminən 40 faiz təşkil edib ki, bu da İslam
Respublikası tarixində ən aşağı göstəricidir.
Xatırladaq ki,
iyunun 28-də keçirilən seçkilərin birinci turunda
prezidentliyə namizədlərdən heç biri 50 faizdən
çox səs toplaya bilmədiyi üçün qalib müəyyən
edilməmişdi. Pezeşkian və Cəlilidən başqa,
prezidentlik uğrunda mübarizəyə daha iki namizəd -
parlamentin spikeri Məhəmməd Bağer Qalibaf və Daxili
İşlər və Ədliyyə Nazirliyinin keçmiş
rəhbəri Mostafa Purməhəmmədi
qatılmışdılar.
Pezeşkian və
Cəlili böyük fərqlə ikinci tura yüksəlmişdi.
24,5 milyon bülletenin işlənməsinin nəticələrinə
əsasən, keçmiş səhiyyə naziri 10,4 milyona
yaxın, Təhlükəsizlik Şurasının
üzvü 9,5 milyona yaxın səs toplamışdı.
Mübarizədən kənar qalan Qalibaf və Purməhəmmədi
müvafiq olaraq 3,3 milyon və 206 min səs
qazanmışdılar.
İslahatçı
siyasətçi Məsud Pezeşkian İran İslam
Respublikasının 9-cu prezidentidir. O,1954-cü il sentyabrin
29-da İranın Qərbi Azərbaycan əyalətinin Mehabad
şəhərində anadan olub. İran Tibb Elmləri
Universitetini ürək çərrahiyyəsi ixtisası
üzrə bitirib. İraqla müharibə zamanı hərbi həkim
kimi xidmət göstərib. 1994-1999-cu illərdə Təbriz
Tibb Elmləri Universitetinə rəhbərlik edib, 2001-2005-ci
illərdə islahatçı Məhəmməd Hatəminin
hökumətində səhiyyə naziri işləyib.
2016-2020-ci illərdə parlamentdə birinci vitse-spiker vəzifəsində
çalışıb.
Pezeşkian iki dəfə
prezident seçkilərində iştirak etmək
üçün sənədlərini təqdim edib. 2013-cü
ildə Əli Əkbər Haşimi Rəfsəncanini dəstəkləyərək
namizədliyini geri götürüb, 2021-ci ildə isə
Konstitusiya Keşikçiləri Şurası
Pezeşkianın seçkilərdə iştirakına icazə
verməyib.
Məsud
Pezeşkian anti-İran sanksiyalarını aradan
qaldırmağın əsas yollarından biri kimi ABŞ və
digər Qərb ölkələri ilə danışıqlar
vasitəsilə Tehranın nüvə proqramına dair
razılaşmanın bərpasını vacib hesab edir.
Seçki kampaniyası zamanı Məsud Pezeşkian
İranı daha açıq dövlətə çevirəcəyini
və vətəndaşların azadlıqlarını
genişləndirəcəyini vəd edib.
O, ABŞ ilə
münasibətlərin
yaxşılaşdırılmasını və
qadınların hüquqlarını, o cümlədən
hicabdan azad olunmasını müdafiə edib. Eyni zamanda yeni
prezident İran İslam Respublikasında əsas söz sahibi
olan Ayətullah Əli Xameneiyə sədaqətini
vurğulayıb.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.14.