Fransa
DİN kütləvi iğtişaşlardan
narahatdır
Fransada iyunun
9-da Avropa Parlamentinə
keçirilən seçkilərdə
ifrat sağçı
"Milli Birlik" partiyası 31,36 faiz səs toplayaraq Emmanuel Makron koalisiyasını iki dəfədən çox
üstələdi. Böyük
məğlubiyyətlə üzləşən
Fransanın dövlət
başçısı partiyasının
Avropa seçkilərində
iflasından sonra parlamenti buraxaraq növbədənkənar seçkilər
elan etməli oldu. Lakin növbədənkənar
seçkilərin birinci
turundan qabaq aparılmış rəy
sorğuları göstərdi
ki, Emmanuel Makron seçkidə önə çıxa bilməyəcək.
Fransa Milli
Assambleyasına (parlamentin aşağı palatası)
seçkilərin birinci turu iyunun 30-da keçirildi. Lakin
seçkilərin ilk turu Emmanuel Makronun arzu etdiyi kimi olmadı,
qanun pozuntuları və etirazlarla yadda qaldı.
Seçkilərin
birinci turu Yeni Kaledoniyada xüsusilə gərgin keçdi.
Xatırladaq ki, orada hökumətin başlatdığı
seçki islahatına etirazlar hələ də tam səngiməyib.
Yerli xalqlarla yanaşı, Yeni Kaledoniyada 10 ildən artıq
yaşayan vətəndaşlara da səsvermə hüququ
verilib. May iğtişaşlarından sonra adaya əlavə
polis və jandarm dəstələri göndərilib.
Fransa Milli
Assambleyasına seçkilərin birinci turu Yeni Kaledoniyanın
Uailou kommunasında seçki məntəqələrində
qalmaqallı oldu. "Outre-mer La Premiere" telekanalı naməlum
şəxslər tərəfindən şəhər
meriyasının girişinin avtomobillə
bağlanılması və onun yandırılması barədə
məlumat yaymışdı.
Hadisə iyunun
30-a keçən gecə, meriya binasında seçki məntəqələri
açılmazdan əvvəl baş verib. Yanan avtomobillə
yanaşı, naməlum şəxslər girişdə
ağır beton blok və ağacdan baryerlər qoyublar. Nəticədə
nə seçicilər, nə də kommunanın meri binaya
daxil ola biliblər. Beləliklə, seçki qutuları
quraşdırılmayıb, səsvermə pozulub.
Seçkilər
fransız xalqı tərəfindən də narazılıqla
qarşılandı. Fransada növbədənkənar
seçkilərin birinci turunun ilkin nəticələri
açıqlandıqdan sonra etiraz aksiyaları başlandı.
Fransa KİV-i Lion şəhərində fransız
nümayişçilərin mağazaların pəncərələrini
sındırdıqları, polisin gözyaşardıcı
qazdan istifadə etdiyi barədə məlumat yaydı.
İğtişaşçılar şəhərin mərkəzində
yanğınlar törətdilər. Eyni zamanda Parisdəki
Respublika meydanında nümayişçilər tüstü
bombaları yandıraraq seçkilərdə liderlik edən
"Milli Birlik" partiyasına etiraz etdilər.
Seçkilərin
birinci turu yarıtmaz siyasəti ilə Fransanı xaosa
sürükləyən Emmanuel Makrona heç bir etimadın
qalmadığını təsdiqlədi. ABŞ-nin nüfuzlu
"Politico" nəşrində yer verilmiş "Makronun
dövrü başa çatdı. Le Peni kimsə dayandıra
biləcəkmi?" sərlövhəli məqalədə
Fransada parlament seçkilərinin birinci turundan sonra Emmanuel
Makronun bütün qüvvələri ifrat
sağçıların qarşısının
alınmasına səfərbər etmək və ya öz hərəkatından
qalanı xilas etməyə çalışmaq kimi son dərəcə
ağrılı seçim qarşısında olduğu qeyd
edildi. Məqalədə yazılırdı: "Bazar
günü keçirilən parlament seçkilərinin birinci
turu Fransanın 46 yaşlı lideri üçün
alçaldıcı oldu və onun yeddi il əvvəl yeni,
autsayder siyasətçidən prezidentliyə yüksəlişi
qədər heyrətamiz hadisəyə çevrildi".
"Politico"
qeyd edirdi ki, Avropanın ikinci ən böyük
iqtisadiyyatı və qitənin yeganə nüvə
gücü indi ifrat sağçı hökumətin
yaradılmasına həmişəkindən daha
yaxındır və səsvermənin birinci turundan sonra Marin
Le Penin "Milli Birlik" partiyası liderlik edir.
Məqalədə
seçkilərin ikinci turu barədə deyilirdi: "Əgər
iyulun 7-nə planlaşdırılan ikinci turda "Milli
Birlik" parlament çoxluğunu qazansa (bu, tamamilə
mümkündür), o zaman ölkəni qismən də olsa
Avropa İttifaqını parçalamaq, miqrasiyaya qarşı
müharibə aparmaq və NATO-nu tərk etmək vədi ilə
ad çıxarmış siyasətçilər idarə edəcəklər".
Diqqətə
çatdıraq ki, Fransa Daxili İşlər Nazirliyi
(DİN) növbədənkənar parlament seçkilərinin
ikinci turundan sonra kütləvi iğtişaşların
baş verə biləcəyindən ehtiyat edir. Bu barədə
ölkənin Daxili İşlər Naziri Jerald Darmanen BFMTV
telekanalının efirində dedi: "İyulun 7-də vəziyyətin
nəzarətdən çıxa biləcəyini ehtimal etmək
üçün əsaslar var. İfrat solçu fəallar
etiraz aksiyaları təşkil edə bilər. Bundan əlavə,
digər şəhərlərdə, xüsusən də ifrat
sağçı və solçu fəalların cəmləşdiyi
Lion, Renn və Nant şəhərlərində
zorakılıq hallarının baş verməsi
mümkündür".
Bu səbəbdən
nazir Fransa şəhərlərində asayişi qorumaq
üçün 30 min polis və jandarmın cəlb edilməsi
barədə göstəriş verib. Onlardan 5 mini Paris və
şəhər ətrafında növbətçilik çəkəcək.
Nazir Jerald Darmanen
ən gərgin dövrün iyulun 7-dən 8-nə keçən
gecə, yəni səsvermə başa çatdıqdan sonra
olacağını bildirib.
Seçkilərin
ikinci turunda baş verə biləcəklərdən
böyük narahatlıq, təşviş başqa
qadağaların verilməsi ilə də nəticələndi.
Belə ki, Fransa Yeni Kaledoniyada seçkilərin ikinci turu
zamanı toplantıları qadağan edib. Bu barədə ərazi
Ali Komissarlığının sosial şəbəkələrdə
yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, iyulun
6-sı saat 06.00-dan 8 iyul saat 20.00-dək ictimai
yığıncaqların keçirilməsi qadağandır.
Həmçinin
regionda komendant saatı, silah gəzdirmək və spirtli
içkilərin satışına qoyulan qadağa iyulun 15-dək
uzadılacaq.
Diqqətə
çatdıraq ki, tədbirlər may və iyun aylarında
regionda baş verən etiraz aksiyaları fonunda həyata
keçirilib.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
7 iyul (№ 140).- S.14.