Ötən həftə
türk dünyasının
qəlbi Şuşada
döyündü. 5-6-iyul 2024-cü il tarixində bu mədəniyyət məkanında Türk Dövlətləri Təşkilatına
(TDT) daxil olan ölkələrin dövlət
rəhbərlərinin qeyri-rəsmi
Zirvə görüşü
uğurla baş tutdu. Görüşdə
Azərbaycan, Özbəkistan,
Qırğız, Qazaxıstan
prezidentləri, Türkiyə
Respublikasının vitse-prezidenti,
Macarıstanın baş
naziri, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti,
Türk Dövlətləri
Təşkilatının Baş
katibi iştirak edirdilər.
Belə bir Zirvə görüşünün
keçirilməsi Azərbaycanın
təşəbbüsü idi. Türk Dövlətləri Təşkilatının
(TDT) dövlət başçılarının
Şuşada qeyri-rəsmi
Zirvə görüşünün
keçirilməsi qərarı
2023-cü ilin noyabrında
Astanada - TDT-nin "Türk Əsri" çağırışı altında təşkil olunan 10-cu yubiley Zirvə görüşündə
verilmişdi. Bu cür möhtəşəm
tədbirlər, türk
ölkələrinin liderləri
arasında kommunikasiyaların
daha da gücləndirilməsi,
gündəmin aktual məsələləri ətrafında
birgə müzakirə
imkanlarının genişləndirilməsi,
birliyimizin möhkəmləndirilməsi
məqsədinə xidmət
edir.
İldə bir
dəfə keçirilməsi
nəzərdə tutulan
tədbirin möhtəşəmliyi,
ona olan qlobal maraq və
doğurduğu reaksiyalar
Türk Dövlətləri
Təşkilatının artıq
proseslərə geniş
təsir imkanlarına
malik regional və qlobal güc mərkəzinə
çevrilməsi reallığını
bir daha göstərir. Eyni zamanda belə bir reallığın yaranmasında, təşkilatın
böyük bir güc kimi yeni
dünya düzənində
öz yerini möhkəmləndirməsində Azərbaycanın müstəsna
rolunu bir daha nümayiş etdirir.
Tədbirdə çox
mühüm qərarlar
qəbul olundu. Bu baxımdan Şuşa sammitini bütün türk dünyasının həyatında
tarixi sammit də adlandıra bilərik. Bu tarixiliyi şərtləndirən
əsas amillərdən
biri budur ki, TDT-yə daxil olan ölkələrin
dövlət rəhbərlərinin
qeyri-rəsmi Zirvə
görüşü Azərbaycanın
işğaldan azad edilmiş ərazisində
keçirilən ilk beynəlxalq səviyyəli
tədbir oldu. Həmçinin sammit çərçivəsində "Qarabağ Bəyannaməsi"
imzalandı ki, bu mühüm sənəd də türk birliyinin daha da möhkəmləndirilməsinə
xidmət edəcək,
TDT-nin beynəlxalq nüfuzunu gücləndirəcək.
Bir ailə, bir
dünya, bir tarix
Azərbaycan
türk ölkələri ilə əlaqələrin
genişləndirilməsini, türk dünyasının və
Türk Dövlətləri Təşkilatının gücləndirilməsini
öz xarici siyasətinin əsas prioritet istiqamətlərindən
biri kimi müəyyənləşdirib. Dövlətimizin
başçısı İlham Əliyev 14 fevral 2024-cü ildə
parlamentdə keçirilən andiçmə mərasimində
bu məqama xüsusi diqqət yönəldərək bildirdi
ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da
öz addımlarımızı atacaq, ilk növbədə
Türk Dövlətləri Təşkilatı çərçivəsində
səylərimizi davam etdirəcəyik: "Bu, bizim
üçün prioritetdir, mən bunu açıq demək
istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər
kəsə bunu aydın göstərir... Əgər kimsə
hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə
bilərəm ki, bizi heç yerdə gözləmirlər və
bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə,
xüsusilə işğal dövründə bizi
çaşdırmaq üçün, yəni gözdən pərdə
asmaq üçün müəyyən vədlərlə cəlb
etməyə çalışırdılarsa, indi o maskalar da
yırtıldı və açıq-aydın burada
ayırıcı xətlər müşahidə olunur. Biz o
ayırıcı xətləri çəkməmişik, biz
bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta
cəmi üç ölkənin yerləşdiyi Cənubi
Qafqazda bu gün bu ayırıcı xətləri
açıq-aydın görürük. Belə olan halda, bizi
haradasa qəbul etmək istəməyənlərə biz
baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz
türk dünyasıdır".
Azərbaycan TDT-yə
üzv olan bütün ölkələrlə qardaşlıq
münasibətlərinə malikdir. Onları birləşdirən
ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər
ölkələrimizin qarşılıqlı fəaliyyətinin
əsasını təşkil edir. Ölkəmiz təşkilatın
gücləndirilməsinə xidmət edən siyasəti
uğurla aparır. Türk dünyası bu gün planetimizin mənzərəsinə
müsbət yöndə həlledici təsir göstərməkdən
ötrü çox böyük potensialı özündə
birləşdirir. Bu potensiala türk dövlətlərinin əhatə
etdiyi böyük coğrafiya, sarsılmaz hərbi güc,
iqtisadiyyat, zəngin təbii sərvətlər, geniş və
şaxələnmiş nəqliyyat yolları, gənc və
getdikcə sayı artan əhali daxildir.
İntibah
çağı
Qeyd etdiyimiz
potensial zaman-zaman özünü göstərir. Türkiyənin
beynəlxalq hərbi təhdidlərə qarşı
atdığı uğurlu addımlar, qardaş ölkənin
hər kəsin hesablaşdığı hərbi qüdrəti, Azərbaycan
Ordusunun Vətən müharibəsindəki misilsiz tarixi zəfəri
türk ölkələrinin hərbi potensialının
döyüş meydanlarındakı nümayişidir. Amma bu
güc kiməsə qarşı yönəlməyib,
çoxlarından fərqli olaraq hər hansı qəsbkar
niyyətlərə xidmət etmir, əksinə, regionun təhlükəsizliyi,
bu torpaqlarda sülhün, əmin-amanlığın, sabitlik və
inkişaf mühitinin qorunması niyyətinə yönəlib.
Türk Dövlətləri Təşkilatına üzv
ölkələrdə müsbət demoqrafik dinamika ilə
sağlam təfəkkürlü, öz yurduna, tarixinə,
soykökünə bağlı, yüksək intellektli, gələcəyə
aydın baxışı olan gənclik yetişir. Bu
coğrafiyada elm-təhsil, mədəniyyət inkişaf edir,
bəşər tarixinə bir-birindən qiymətli incilər
bəxş etmiş türk birliyi öz tarixində yeni bir
intibah çağının əsasını qoyur. Zəngin
təbii resurslar, onların nəqli üçün müasir
infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və
Qara dəniz limanları ilə birləşdirən nəqliyyat
dəhlizləri ilə bir arada zəngin və qədim tarix, mədəniyyət
türk dünyasının böyük sərvətidir.
Məlum
olduğu kimi, hazırda "Şərq-Qərb" nəqliyyat
dəhlizinin genişləndirilməsi Azərbaycan və
türk dövlətləri üçün əsas prioritetlərdəndir.
Orta dəhlizin ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir
yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə
sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona
çatdırılıb. Xəzər
dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan
türk dövlətləri üçün önəmli
tranzit xidmətləri göstərir.
Yükdaşımaların artmasını nəzərə
alaraq, hazırda Bakı Gəmiqayırma Zavodunda 6 gəmi inşa
edilir. Gələn il ölkəmizin 9-cu beynəlxalq hava
limanı Laçında istismara veriləcək. Ələt
Beynəlxalq Ticarət Limanının yükötürmə
qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Türk dövlətləri ilə enerji sahəsində, o
cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi
sahəsində də tərəfdaşlığımız
davam edir və birliyimizin daha da gücləndirilməsi
üçün yeni imkanlar yaradır. Xəzər dənizi
vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya
arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi
daşıyan "Rəqəmsal İpək yolu" layihəsi
də mühüm təşəbbüslərdən biridir.
Bu il Azərbaycanın
COP29 kimi mühüm bir beynəlxalq konfransa evsahibliyi etməsi,
200-ə yaxın ölkənin məhz Azərbaycanın namizədliyini
dəstəkləməsi də
beynəlxalq ictimaiyyətin bizə olan böyük
etimadının bariz nümunəsi kimi təkcə Azərbaycanın
deyil, bütün türk dünyasının böyük
uğurudur. Çünki Azərbaycanın təşəbbüsü,
fəal iştirakı ilə son onilliklərdə
böyük uğurla reallaşdırılan qlobal təşəbbüslərin
dolayı, yaxud birbaşa ən mühüm məqsədlərindən
biri də məhz türk dünyasının sıx birləşməsi,
onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması,
qlobal arenada güc mərkəzi kimi öz mövqelərini,
nüfuz dairəsini genişləndirməsidir. Bu mənada Azərbaycanın
ardıcıl səyləri ilə XXI əsr türk əsri
olmaqla bərabər, həm də türk dünyasının
inkişafı əsrinə çevrilir.
Ortaq tarixi
köklər, eyni soy-kökə, adət-ənənələrə,
milli-mənəvi dəyərlərə aidlik duyğusu bu təşkilatda
ümumi ali məqsədlər işığında birləşmiş
ölkələrimizin birliyini daha da gücləndirir. Həmçinin
qloballaşma çağının dağıdıcı təhdidləri
qarşısında türk ellərinin milli ruhunu, kimliyini
qoruyur. Azərbaycan müştərək səylərlə
TDT-nin qlobal arenanın önəmli aktoruna, güc mərkəzinə
çevrilməsi üçün bütün
imkanlarını ortaya qoyur və başqa türkdilli ölkələri
də buna nail olmaqdan ötrü səyləri birləşdirməyə
çalışır.
Azərbaycan
Türk Dövlətləri Təşkilatının cari
büdcəsinin formalaşmasında, strukturunun müasir
çağırışlara, qarşıya qoyulmuş hədəflərə
uyğun təkmilləşdirilməsində də səylərini
əsirgəmir. Ölkəmizin bu günlərdə təşkilatın
Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində
vəsait köçürməsi buna bir nümunədir.
Türk
dünyasının birlik qalası
Türk Dövlətləri
Təşkilatına daxil olan ölkələrin dövlət
rəhbərlərinin qeyri-rəsmi Zirvə
görüşünün Qarabağın tacı, Zəfərimizin
rəmzi olan Şuşada keçirilməsinin xüsusilə
böyük simvolik mənası var. Şuşa şəhəri
mühüm mərkəzlərdən biri kimi tarixən Azərbaycanın
və regionun mədəni, ictimai-siyasi həyatında
böyük rol oynayıb. Qeyrət qalamız olan
Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən
işğal edilməsi xalqımızın böyük faciəsi
idi. Azərbaycan xalqı bu işğalla heç zaman
barışmadı, qəlbimizdəki Qarabağ acısı,
Şuşa nisgili qaysaq bağlamadı. Həmişə
Şuşaya və işğal altında olan digər ərazilərimizə
qayıtmaq arzusu ilə yaşadıq və şükürlər
olsun ki, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti, ordumuzun gücü sayəsində
buna nail olduq. Məhz 2020-ci ilin 8 noyabrında
Şuşanın azadlığından sonra Ermənistanın
faktiki kapitulyasiya aktına qol çəkmək məcburiyyətində
qalması və İkinci Qarabağ müharibəsinin başa
çatması faktı nəzərə alınaraq 8 Noyabr
günü Zəfər Günü elan edildi.
Azadlığına
qovuşduqdan sonra Şuşa türk dövlətlərinin
siyasi-mədəni birliyində də önəmli rol
oynamağa başladı. 2021-ci ildə Şuşa şəhəri
"Azərbaycanın mədəniyyət paytaxtı" elan
olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən
Şuşanın təməlinin qoyulmasının 270-ci
ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda
"Şuşa ili" elan edildi. Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı Şuşa şəhərini 2023-cü il
üçün "Türk dünyasının mədəniyyət
paytaxtı", ICESCO isə 2024-cü il üçün
"İslam dünyasının mədəniyyət
paytaxtı" elan etdi. Azərbaycanla Türkiyə
arasındakı münasibətləri ən yüksək səviyyədə
rəsmiləşdirən "Şuşa Bəyannaməsi"nin
2021-ci ilin 15 iyununda məhz bu gözəl məkanda
imzalanması bu əzəli-əbədi yurdumuzun türk əsrindəki
tarixi rolunun ifadəsidir. Bu mənada,
Şuşa artıq həm də türk dünyasının
birlik qalasıdır.
Torpaqlarımız
azad edildikdən sonra Azərbaycan Qarabağda, Şərqi Zəngəzurda
bərpa-quruculuq işlərini uğurla həyata keçirir.
Keçmiş məcburi köçkünlərimizin
doğma yurdlara qayıdışı başlanıb.
Böyük qayıdış proqramının icrası
çərçivəsində bu günə qədər 8
minə yaxın keçmiş məcburi köçkün
Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə
və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər
20 min insanın azad edilmiş torpaqlara qayıdışı nəzərdə
tutulur. İndiyə qədər türk dövlətlərinin
rəhbərləri də azad edilmiş torpaqlara
ayrı-ayrılıqda səfərlər ediblər. Türkiyə
Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla,
Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa
və Füzuliyə, Qırğızıstan Prezidenti
Füzuli və Ağdama səfər ediblər. Bir çox
türk dövlətlərinin maliyyə dəstəyi ilə
azad yurdlarımızın dirçəlişinə
qardaşlıq töhfəsi kimi məktəblər, mədəniyyət
mərkəzləri inşa olunub.
Xüsusilə
qürur doğuran həqiqət bundan ibarətdir ki, Türkiyə
və Azərbaycan arasındakı doğmalığı ifadə
etməkdən ötrü uzun illərdən bəri səslənən
"Bir millət, iki dövlət" ideyası indi digər
türk dövlətlərini də əhatə etməyə
başlayıb. Artıq başqa türk dövlətləri də
bu bir millət vəhdətində özlərini
görür, həyata keçirdikləri siyasəti,
inkişaf strategiyasını buna uyğun qururlar. Bu, türk
xalqlarının XXI əsrdəki ən böyük nailiyyətidir
və belə bir tarixi nailiyyətin əldə olunmasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müstəsna rolu var.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.9.