Azərbaycanın neft-qaz
ixracının başlanğıc nöqtəsi
Səngəçal
terminalı necə tikilirdi
Dünyada
böyük neft terminalları çoxdur. Nəhəng qaz
terminalları da az deyil. Eyni zamanda həm neft, həm qaz ixrac
edən möhtəşəm terminallar isə tək-təkdir.
Onlardan biri, bəlkə də birincisi Səngəçal
terminalıdır. Bura bir neçə neft və qaz ixracı
marşrutunun başlanğıc nöqtəsidir.
Səngəçal terminalı Bakıdan 55 kilometr cənubda,
Xəzərin sahilinə yaxın ərazidə yerləşir.
Terminal "Əsrin müqaviləsi" imzalandıqdan sonra
İlkin Neft Layihəsi çərçivəsində
inşa edildi. Əvvəlcə o, yalnız
"Çıraq" neftini ixrac etmək gücündə
idi. Növbəti yataqlardan gözlənilən yüksək
hasilat isə obyektin xeyli genişləndirilməsi zərurətini
meydana çıxardı.
Səngəçal terminalının genişləndirilməsinə
2002-ci il fevralın 20-də başlandı. Soyuq bir gün idi.
Yarımsəhra zonada yerləşən Səngəçalın
şaxta-sazağı daha sərt idi. Təməlqoyma mərasimi
çölün düzündə qurulmuş çadırda
keçirilirdi. Buraya əməliyyatçı şirkətin
və tərəfdaşlarının,
podratçıların, medianın nümayəndələri
toplaşmışdılar. İndi cəsarətlə demək
olar ki, bu, neft sənayemizin, ümumiyyətlə, Azərbaycanın
tarixində əlamətdar bir gün idi. Doğrusu, o zaman təsəvvürə
gətirmək belə çətin idi ki, cəmi bir neçə
ildən sonra bu çovğunlu-küləkli,
qumlu-palçıqlı ərazi dünyanın ən
böyük terminallarından birinin ünvanı olacaq.
Həmin gün hamının gözü
qarşısında Səngəçalda torpağa
basdırılan "Zaman kapsulu"nda gələcək nəsillərə
ünvanlanmış, inam və qətiyyət dolu bu sözlər
yazılmışdı: "İndi
başladığımız bu layihə Azərbaycanın
Şərq-Qərb dəhlizində aparıcı rolunun təsdiqlənməsinə
əsas verəcək, onun beynəlxalq nüfuzunu gücləndirəcəkdir...
Biz ümidvarıq ki, üç ildən sonra Səngəçal
neftin və qazın nəqli üzrə bir neçə nəhəng
boru kəmərini birləşdirən enerji
daşıyıcılarının nəqli sisteminin
dünyamiqyaslı regional mərkəzi və Xəzərlə
dünya bazarı arasında körpü olan bir obyektə
çevriləcək".
İndi Səngəçal terminalının regionun
neft-qaz ixracı mərkəzinə çevrildiyi bir vaxtda onun
necə tikildiyi mərhələ-mərhələ göz
önünə gəlir. Qeyd edildiyi kimi, əvvəl Səngəçalda
İlkin Neft Terminalı fəaliyyət göstərirdi. O,
1996-1997-ci illərdə tikilmişdi. Hazırkı nəhəng
terminal da 22-23 il əvvəl məhz bu obyektin
yaxınlığında ucalmağa başladı.
2002-ci ilin iyul ayında Səngəçal
terminalının genişləndirilməsi layihəsinin bir
hissəsi olan İlkin Mülki Tikinti İşləri
tamamlandı. Əvvəlcə sahə təmizləndi və
hamarlandı. Yağışın və dağlardan axan qar
sularının əraziyə tökülməməsi
üçün ətrafda drenaj kanalları qazıldı.
Giriş yolları çəkildi, su qurğuları inşa
edildi, fəhlələrin yaşaması üçün evlər
tikildi.
Sonra əsas tikinti işlərinə başlandı.
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri
və "Şahdəniz" qaz-kondensat yatağının
işlənməsi layihələrinə sanksiya veriləndən
sonra obyektdə aparılan işlər Səngəçal
Terminalının Genişləndirilməsi Proqramı (STGP)
adını aldı.
2003-cü ilin ortalarında Səngəçalda
"Azəri" yatağından ilkin neftin qəbulu
üçün lazımi işlərin yarısı artıq
görülmüşdü. Getdikcə sahədə işlər
şaxələnirdi. AÇG-nin birinci fazası ("Mərkəzi
Azəri") və ikinci fazası ("Qərbi Azəri"
və "Şərqi Azəri") üçün
qurğular tikilirdi. BTC-nin baş nasos stansiyasında, neft
borularının çəkilişində, digər tikinti sahələrində
işlər davam edirdi. 2003-cü ilin oktyabrında
"Şahdəniz" hissəsinin də inşasına
başlandı.
2005-ci ilin fevralında "Mərkəzi Azəri"
qurğuları istismar əməliyyatlarına təhvil
verildi. Martın 3-də sistem işə salındı. Bu zaman
tutumu 880 min barel olan üç neft çəni də
artıq istifadəyə verilmişdi.
2006-cı ilin martında ikinci faza
qurğularının istismar sınaqları uğurla
tamamlandı. Bu zaman artıq üçüncü fazanın
da ("Dərinsulu Günəşli") işlərinə
xüsusi diqqət yönəldilmişdi. Həmin ilin
ortalarında BTC baş nasos stansiyası "Azəri"
yatağından gələcək neftin hamısını qəbul
etmək üçün artıq yetərli gücə malik
idi.
2005-ci ilin sonlarında ərazidə "Şahdəniz"
qazı üçün iri texnoloji emal obyektinin inşası
davam edirdi. Tikintinin 84 faizi artıq tamamlanmışdı.
"Şahdəniz" obyektlərinin bir hissəsini də
kompressor stansiyasının tikintisi təşkil edirdi.
Qazın Azərbaycana, Gürcüstana və Türkiyəyə
ötürülməsi üçün istifadə ediləcək
bu kompressor və ölçmə stansiyası Cənubi Qafqaz
Boru Kəməri layihəsinin tərkib hissəsi idi. Obyektlər
2006-cı ilin ortalarında hazır olmaq üçün
qrafikə uyğun inşa edilirdi.
2007-ci il Səngəçal terminalının
genişləndirilməsinin axırıncı ili idi. May
ayının sonunda "Dərinsulu Günəşli" hissəsinin
tikinti işlərinin mexaniki başa çatmasına nail
olundu. Oktyabr ayında burada beşinci və altıncı
texnoloji xətlər istismara verildi. Bununla da STGP uğurla sona
çatdı. Bütün bunlar terminalda neftin texnoloji emal
gücünün gün ərzində 1 milyon bareldən
yuxarı səviyyədə olmasına imkan yaratdı.
Yüksəkrəqabətli tenderdə qalib gələrək
terminalın genişləndirilməsi proqramının
podratçısı olmaq hüququnu "Azfen-Tekfen"
alyansı qazanmışdı. "Tekfen" Türkiyənin
1956-cı ildə təsis edilmiş şirkətlər
qrupudur. "Azfen" isə "Tekfen"in SOCAR (Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti) ilə birgə
yaratdığı müəssisədir.
"Azfen-Tekfen" Azərbaycan-Türkiyə
alyansı ölkəmizin neft sektorunda bir sıra layihələri
uğurla yerinə yetirib. Bununla belə, onun həyata
keçirdiyi ən böyük layihənin STGP olduğunu desək,
yanılmarıq.
Səngəçalda yalnız BTC-nin baş nasos
stansiyasını "Spi Kapaq-Petrofak" (Fransa-ABŞ) birgə
müəssisəsi tikib. Bundan əlavə, terminalın araya-ərsəyə
gəlməsində onlarla yerli subpodratçı şirkət,
təchizat və xidmətlə məşğul olan müəssisə
iştirak edib.
Terminalı beynəlmiləl bir işçi qrupu tikib.
Lakin onun inşaatçılarının 70-80 faizi Azərbaycan
vətəndaşlarından ibarət idi. Bunlar da əsasən
Qaradağ rayonunun terminalətrafı yaşayış məntəqələrinin,
o cümlədən o vaxt qaçqın və məcburi
köçkünlərin məskunlaşdığı
"Ümid" qəsəbəsinin sakinləri idi. Tikintinin
ən qızğın çağında işlərin həcmindən
asılı olaraq burada 3500-4000, bəzən daha çox insan
çalışırdı. Qeyd edək ki, işə
götürülən vətəndaşlar əvvəlcədən
peşə təlimi keçir, Azərbaycanda ən iri neft-qaz
və ixrac, eləcə də terminaldakı genişləndirmə
layihələrinin əməliyyatçısı olan BP-nin
SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi,
Ətraf Mühitin Mühafizəsi) qaydalarını əxz
edirdilər. Onların hər biri özünü intizamı,
məsuliyyəti, keyfiyyətli işi ilə doğrultdu.
Səngəçal terminalının hər
qurğusunun, hər çəninin istifadəyə verilməsi
bir hadisə idi. Burada xalqımızın tarixində
özünə yer tutan mühüm hadisələr, əlamətdar
günlər də çox olub. 2002-ci il sentyabrın 18-də
burada üçüncü minilliyin nəhəng mühəndis
qurğusu olan BTC əsas ixrac neft kəmərinin təməlqoyma
mərasimi keçirildi. 2005-ci ilin fevral ayında "Azəri"
yatağının mərkəzi hissəsindən ilkin neft
hasil olundu. Sualtı kəmərlər bu nefti mart ayında Səngəçala
çatdırdı. Mayın 25-də terminalda böyük bir
təntənə quruldu. Bu dəfə dörd ölkənin -
Azərbaycanın, Gürcüstanın, Türkiyənin və
Qazaxıstanın prezidentlərinin iştirakı ilə Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə ilk
neft vuruldu.
STGP çərçivəsində Qaradağ rayonunda
geniş bir sosial sərmayə proqramı da həyata
keçirildi.
Səngəçalda aparılan inşaat işləri
böyükmiqyaslı idi. Ona görə də əvvəlcədən
ƏMSSTQ (Ətraf Mühitə və Sosial Sahəyə Təsirin
Qiymətləndirilməsi) sənədləri
hazırlanmışdı. Tikinti işləri zamanı bir
sıra yerli və qlobal əhəmiyyətli canlı növləri
təsirə məruz qala bilərdi. "Qırmızı
kitab"a düşmüş Aralıq dənizi
tısbağaları xüsusilə həssas idi. Ona görə
də tısbağalar qış yuxusunda ikən
ayrı-ayrı qutulara yığıldı. Terminalın ərazisində
qeyri-adi bir ferma - tısbağa ferması yaradıldı. Beləliklə,
bu canlılar təhlükədən qorundu, böyüdü,
artdı... Fürsətdən istifadə edib tısbağalara
alimlər, mütəxəssislər baş çəkdilər,
onları müşahidə edərək yeni bilgilər
qazandılar. Məktəblilər ekskursiyaya gələrək
maraq dünyalarını zənginləşdirdilər.
Terminal STGP-dən sonra da genişləndirildi, təkmilləşdirildi.
Bu, "Azəri-Çıraq-Günəşli",
"Şahdəniz" yataqlarında quraşdırılan
növbəti platformalardan çıxarılan karbohidrogenləri
qəbul etmək üçün zəruri idi. 3500 kilometrlik
"Cənub qaz dəhlizi" də Avropaya çatan yoluna
buradan start götürdü...
Deyilənlərə yalnız Səngəçal
terminalının fəaliyyətinə aid son rəqəmləri
əlavə etmək istərdik. Terminalın texniki emal sistemlərinin
gündəlik gücü hazırda 1,2 milyon barel neft və
kondensat, "Şahdəniz" qazı üçün təqribən
81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı
gücü isə (AÇG səmt qazı da daxil olmaqla)
gündəlik təqribən 100 milyon standart kubmetrdir. Qaz
terminaldan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi
sistemi də daxil olmaqla əsasən CQBK və terminalın qaz
emalı obyektlərini "Azəriqaz"ın qazpaylama
sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri
ilə ixrac olunur.
Flora SADIQLI,
Azərbaycan.-2024.-
9 iyul (№ 141).- S.15.