Türk
birliyinin qlobal gücə çevrilməsi
zamanın tələbidir
Qarabağ Bəyannaməsi həmrəyliyin,
yüksələn nüfuzun
təzahürüdür
Azərbaycanın Qarabağ
zəfəri ümumilikdə
türk dünyası
adına qazanılan parlaq qələbə kimi qızıl hərflərlə salnamələrə
həkk olundu. Bütün türkdilli xalqların qürurlandığı
bu şanlı qalibiyyət, heç şübhəsiz, türk
birliyinin daha da güclənməsinə
böyük təkan verdi.
Azərbaycan ərazi
bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra Türk Dövlətləri
Təşkilatının (TDT) Şuşada qeyri-rəsmi
Zirvə görüşünün
keçirilməsinin, Qarabağ
Bəyannaməsinin imzalanmasının
isə rəmzi mənası oldu.
Qardaş həmrəyliyi
2009-cu ildə qədim
türk diyarı Naxçıvanda təməli
qoyulan Türk Şurasının (indi Türk Dövlətləri
Təşkilatının) qarşısına
qoyduğu məqsəd
və hədəflərə
çatması üçün
ötən dövr ərzində ölkəmiz
xüsusi səylər
göstərib. Təşkilata
sədrliyi dövründə
Azərbaycan türk dövlətləri arasında
əlaqələrin daha
da genişlənməsi
üçün yeni təşəbbüslərlə çıxış edib.
"Türk ölkələri
ilə əlaqələrin
genişləndirilməsi, türk
dünyasının və
Türk Dövlətləri
Təşkilatının gücləndirilməsi
Azərbaycanın xarici
siyasətinin prioritet istiqamətidir" deyən
TDT-nin dövlət başçılarının Şuşada
qeyri-rəsmi Zirvə
görüşü zamanı
Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycan həmişə türk dünyasının sıx
birləşməsi, onun
siyasi, iqtisadi və hərbi qüdrətinin artması,
qlobal arenada güc mərkəzinə
çevrilməsi naminə
səylər göstərib.
2020-ci ildə qazandığı
qələbə ilə
türk birliyini gücləndirən, türkdilli
ölkələrin etnosiyasi
coğrafiyasını bərpa
edən Azərbaycanın
bu misilsiz töhfələri türkdilli
ölkələr tərəfindən
təqdir olundu. O da təsadüfi deyildi ki, TDT-nin Əməkdaşlıq
Şurasının İstanbulda
keçirilən VIII Zirvə
Görüşü zamanı
Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görüldü.
Vətən müharibəsində
qardaş Türkiyənin
ölkəmizə siyasi,
mənəvi dəstəyi
bizə əlavə güc verdi. 2021-ci ildə isə Türkiyə ilə Azərbaycan Şuşa Bəyannaməsini imzalayaraq
iki qardaş ölkə arasında əzəldən var olan əlaqələri strateji müttəfiqlik səviyyəsinə ucaltdılar.
Bu günə qədər Türk Dövlətləri Təşkilatına
üzv ölkələrin
liderlərinin Qarabağ
və Şərqi Zəngəzura bir neçə dəfə səfər etmələri
də ölkələrimizin
həmrəyliyinə örnəklərdir.
Xüsusi qeyd edək ki, türkdilli
ölkələr işğaldan
azad olunan torpaqlarımızda həyata
keçirilən quruculuq
işlərinə də
dəstəklərini göstərirlər.
Füzuli rayonunda Özbəkistan və Qazaxıstan tərəfindən
məktəb və yaradıcılıq mərkəzi
inşa edilərək
istifadəyə verilib.
Eyni zamanda Qırğızıstan tərəfindən
Ağdamda bir məktəbin inşasına
başlanılıb. Cəbrayıl
rayonundakı bir məntəqədə isə
Macarıstanın maliyyə
dəstəyi ilə bir məktəb inşa ediləcək. Bunlar dost ölkələrin
Azərbaycan xalqına
hədiyyələridir.
Şuşa Zirvə
görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban,
Türkiyənin vitse-prezidenti
Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin
Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının
Baş katibi Kubanıçbek Ömüralıyev
iştirak etdilər. Türkdilli ölkələrin
ali şəxslərinin
Qarabağda toplanması,
türk dünyası
adına mühüm qərarlar qəbul etmələri tarixi hadisə oldu.
Uğurlu ticarət
dövriyyəsi
Türk dövlətlərinin
birgəliyində aparıcı
rolu olan Azərbaycan, həmçinin
əlaqələri və
əməkdaşlıqları daha da güclənən
TDT-yə üzv dövlətlər dünyada
baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı həmrəyliklə
mübarizə aparırlar.
Ötən il fevralın 6-da qardaş Türkiyədə baş
verən ardıcıl
iki dəhşətli
zəlzələnin fəsadlarının
aradan qaldırılması
istiqamətində də
türkdilli ölkələr
səylərini birləşdirdilər.
Eyni zamanda Azərbaycan xalqı və dövləti maddi mənəvi dəstəyi ilə zəlzələnin baş
verdiyi gündən etibarən Türkiyənin
yanında oldu. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə
martın 16-da Ankarada,
əslində Şuşada
keçirilməsi planlaşdırılan,
Türk Dövlətləri
Təşkilatının dövlət
başçılarının fövqəladə Zirvə
görüşü keçirildi.
Bu Zirvə görüşü zamanı
Türkiyədə baş
verən zəlzələ
nəticəsində yaranan
fövqəladə vəziyyətlə
bağlı məsələlər
ən yüksək səviyyədə müzakirə
edildi.
Azərbaycanın xarici
siyasətində türk
dövlətləri ilə
əlaqələr əsas
istiqamət kimi müəyyənləşdirilib. Ölkəmizin bu yöndə həyata keçirdiyi məqsədyönlü
siyasət nəticəsində
türk dövlətləri
arasında siyasi,
diplomatik, mədəni
əlaqələrlə yanaşı,
iqtisadiyyat, ticarət sahələrində də
böyük uğurlar
qazanılıb.
2024-cü ilin yanvar-mart
ayları ərzində
Azərbaycanın Türk
Dövlətləri Təşkilatına
üzv və müşahidəçi statusa
malik ölkələrlə
ticarət dövriyyəsi
1 milyard 709,1 milyon
ABŞ dolları təşkil
edib. Bu da ölkəmizin ümumi ticarət dövriyyəsinin 17,6 faizinə
bərabər olub.
Xatırladaq ki,
ötən il Azərbaycanın TDT-yə
üzv ölkələrlə
ticarət dövriyyəsi
8 milyard 208 milyon dollar təşkil edib ki, bu
da əvvəlki illə müqayisədə
23,7 faiz çoxdur. Ümumilikdə, ötən
il təşkilata üzv ölkələrlə
aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 16 faizinə
bərabər olub.
Statistikadan da aydın göründüyü
kimi, Azərbaycanın
türkdilli ölkələrlə
əlaqələri və
əməkdaşlığı getdikcə daha da genişlənir.
Orta dəhliz layihəsi Azərbaycanın
türk dünyası
ölkələrinin birliyinə
mühüm töhfəsidir.
Ölkəmiz dəhlizin
inkişafı və səmərəliliyi məqsədilə
öz ərazisində
zəruri infrastrukturu təmin edir. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük
qabiliyyəti Azərbaycanın
sərmayələri hesabına
1 milyon tondan 5 milyon tona qədər
artıb. Azərbaycan
eyni zamanda Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini
ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz
hazırda dəmir yolu daşımalarının
həcminin ildə 15 milyon tona qədər
artırılması üzərində
işləyir, zərurət
yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Xəzər dənizində
50-dən çox ticarət
gəmisi olan Azərbaycan türk dövlətləri üçün
önəmli tranzit xidmətləri göstərir.
Artan yükdaşımaları
nəzərə alaraq,
hazırda Bakı Gəmiqayırma Zavodunda 6
gəmi inşa edilir.
Mühüm dəstək
Şuşada qeyri-rəsmi
Zirvə görüşü
zamanı Prezident İlham Əliyev söylədi ki, Türk Dövlətləri
Təşkilatının cari
büdcəsi və strukturu birlikdə nəzərdə tutulan hədəflərin reallaşdırılması
üçün yetərli
deyil. Buna görə Azərbaycan bu günlərdə təşkilatın katibliyinin
hesabına 2 milyon
ABŞ dolları məbləğində
vəsait köçürüb.
Dövlətimizin başçısı
diqqətə çatdırdı
ki, "Şərq-Qərb"
nəqliyyat dəhlizinin
genişləndirilməsi qarşıda
duran prioritet məsələlərdən biridir.
"Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha
da dərinləşməsinə
xidmət edən növbəti uğurlu addımdır. İnanıram
ki, fond vasitəsilə bir çox sahələrdə
birgə layihələrə
sərmayə qoyulacaqdır"
deyən Prezident İlham Əliyev enerji sahəsində strateji tərəfdaşlığın,
o cümlədən bərpaolunan
enerji və enerji səmərəliliyi
sahəsində əməkdaşlığın
çox əhəmiyyətli
olduğunu bildirdi.
Prezident Xəzər
dənizi vasitəsilə
Azərbaycan ərazisindən
Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan
"Rəqəmsal İpək
Yolu" layihəsinin
də mühüm təşəbbüslərdən biri olduğunu diqqətə çatdırdı.
Azərbaycanın təşəbbüsü
ilə iyulun 6-da Şuşada TDT-nin "Nəqliyyat, bağlantı
və iqlim fəaliyyəti vasitəsilə
dayanıqlı gələcəyin
qurulması" mövzusunda
qeyri-rəsmi Zirvə
görüşündə Qarabağ Bəyannaməsinin
imzalanmasının isə
xüsusi tarixi-siyasi əhəmiyyəti oldu. Bu həm türk
dövlətlərinin "Qarabağ Azərbaycandır"
həqiqətini türk
diyarından bir daha dünyaya bəyan etməsi, həm də qardaş ölkələrin
sarsılmaz birliyinin təzahürü oldu.
Qarabağ Bəyannaməsində
TDT-nin qeyri-rəsmi Zirvə görüşünün
2023-cü ildə "Türk
dünyasının mədəniyyət
paytaxtı" olmuş
Şuşa şəhərində
keçirilməsinin tarixi
dəyəri vurğulanıb.
Bildirilib ki, strateji tərəfdaşlığın
daha da möhkəmləndirilməsi
və dərinləşdirilməsi,
TDT-nin kollektiv strategiyasının formalaşdırılması
üçün siyasi,
iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət
sahələrində türk
dövlətlərinin tam
potensialından və
imkanlarından istifadə
edilməsi vacibdir.
Ümumiyyətlə, Qarabağ Bəyannaməsinin
imzalanmasının türk
dünyasının həmrəyliyini,
Türk Dövlətləri
Təşkilatının qlobal
nüfuzunu daha da gücləndirəcəyi
şəksizdir.
"XXI əsr türk
dünyasının inkişafı
əsri olmalıdır"
Milli köklərimizlə,
ortaq dəyərlərimizlə
sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin
həmrəyliyində Azərbaycanın
xüsusi yeri var. O cümlədən Türk Dövlətləri
Təşkilatının beynəlxalq
güc kimi müəyyənləşdirilməsində Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri əsas
rol oynayır.
Dünyanın qütbləşdiyi,
geosiyasi proseslərin intensivləşdiyi, müharibələrin
aparıldığı hazırkı
dövrdə türkdilli
ölkələrin bütün
sahələrdə güclərini
birləşdirmələri olduqca vacib əhəmiyyət
kəsb edir. Buna görə elə qarşıdakı
çağırış da "türk dünyası ailəsi"nin
həmrəyliyinin daha
da gücləndirilməsi
istiqamətindədir. Necə
ki bu barədə
Prezident İlham Əliyev Qarabağ Bəyannaməsinin imzalandığı
TDT-nin Şuşadakı
qeyri-rəsmi Zirvə
görüşündə bəyan edib: "Türk Dövlətləri
Təşkilatı dünya
miqyasında güc mərkəzlərinin birinə
çevrilməlidir. Biz
böyük coğrafi
məkanı əhatə
edirik, üzv ölkələrdə müsbət
demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız
döyüş meydanlarında
özünü dəfələrlə
göstərmişdir. Zəngin
təbii resurslarımız,
onların nəqli üçün müasir
infrastruktur, Mərkəzi
Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat
dəhlizləri, zəngin
və qədim tariximiz, mədəniyyətimiz
bizim böyük sərvətimizdir. Xalqlarımızın
ənənəvi dəyərlərə
sadiqliyi və eyni etnik köklərə
malik olmaları ölkələrimizi sıx
birləşdirir. XXI əsr
Türk dünyasının
inkişafı əsri
olmalıdır".
Yasəmən MUSAYEVA,
Azərbaycan.-2024.-
10 iyul (¹ 142).- S.5.