Qarabağ Bəyannaməsi türk birliyinin daha da inkişafında həlledici rol oynayacaq

 

 

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-rəsmi sammitinin ildə bir dəfə keçirilməsi təşəbbüsü Prezident İlham Əliyevə məxsusdur. Təşkilata üzv dövlətlər tərəfindən Azərbaycan Prezidentinin bu təşəbbüsü dəstəklənib Şuşa şəhərində TDT-nin dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü baş tutub".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Deputat bildirib ki, bu, böyük tarixi hadisədir. Zirvə görüşündə iştirak edən dövlət başçıları Şuşanı türk dünyasının həmrəyliyinin rəmzi hesab edirlər.

Prezident İlham Əliyev sammit çərçivəsində çıxış edərək Türk Dövlətləri Təşkilatını müasir dövrdə qlobal siyasətdə yeri olan çox təsirli bir subyekt kimi görmək istədiyini bir daha vurğuladı. Azərbaycanın təşəbbüsləri digər platformalarda olduğu kimi, Türk Dövlətləri Təşkilatının da strukturunun təkmilləşdirilməsinə xidmət edir, əməkdaşlıq imkanlarının genişləndirilməsini şərtləndirir. Ümumiyyətlə, təşkilatın daha perspektivli bir subyektə çevrilməsinə imkan verir. Prezident İlham Əliyev bu məqama xüsusi toxunaraq hazırkı strukturun, maliyyələşməsinin bütövlükdə təşkilata üzv olan ölkələrin resurslarına tam uyğun olmadığını bildirdi. "Bu baxımdan Prezident İlham Əliyev bir nümunə göstərdi. Türk Dövlətləri Təşkilatının Katibliyinin hesabına Azərbaycan tərəfindən 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüldüyünü bildirdi. Hesab edirəm ki, dövlət başçısı bununla gələcəkdə Türk Dövlətləri Təşkilatının daha funksional olması bir təşkilat kimi daha sürətlə strukturlaşması istiqamətində ilk addımı atdı. Bundan sonrakı mərhələdə digər üzv ölkələrin analoji addımı atacağını düşünürəm", - deyə deputat əlavə edib.

 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində prioritet əməkdaşlıq istiqamətlərinə diqqət çəkdiyini qeyd edən E.Mirbəşiroğlu bildirib ki, dövlətimizin başçısı nəqliyyat, logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu istiqamətdə Azərbaycanın malik olduğu infrastrukturun əhəmiyyətinə toxunub, ayrıca olaraq ölkəmizin atdığı addımları xatırladıb. Bu bir daha ona dəlalət edir ki, nəqliyyat, logistika sahəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin maraqlarına uyğun əməkdaşlıq sisteminin qurulması Azərbaycan üçün prioritetdir bu istiqamətdə dövlətimizin praktiki addımları kifayət qədər təsirlidir.

Prezident vurğuladı ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların həcmi bir milyon tondan 5 milyon tona qədər yüksəldilib. Nəzərə almaq lazımdır ki, bu imkanın yaradılmasında Azərbaycan dövlətinin həlledici rolu olub. Ayrıca olaraq Ələt Beynəlxalq Dəniz Ticarəti Limanının yük keçiricilik qabiliyyətinin 15  milyon tondan 25 milyon  tona yüksəldilməsini ölkə rəhbəri qeyd etdi. Bu məqamlar bir daha göstərir ki, Azərbaycan həqiqətən gələcək unikal əməkdaşlıq üçün çox əlverişli imkanlara sahibdir.

Deputat xatırladıb ki, tədbir iştirakçıları Azərbaycanın COP29-a evsahibliyinin əhəmiyyətini vurğulayaraq, bunu çox önəmli hadisə adlandırıblar: "Prezident İlham Əliyev türk dövlətləri rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfərlərini minnətdarlıq hissi ilə xatırladıb, onlara təşəkkürünü bildirib. Orada bərpa-quruculuq işlərinə göstərilən mənəvi dəstəklə bağlı fikrini bölüşüb. Eyni zamanda təhsil ocaqlarının, yaradıcılıq mərkəzinin tikilməsinə görə müvafiq ölkələrin rəhbərlərinə təşəkkürünü bildirib".

Deputatın fikrincə, qeyri-rəsmi Zirvə görüşünün əsas nəticəsi məhz Qarabağ Bəyannaməsinin imzalanması oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ Bəyannaməsinin imzalanması Türk Dövlətləri Təşkilatının bundan sonrakı inkişafında çox həlledici rol oynayacaq. 31 maddədən ibarət sənəddə türk dövlətlərinin gələcək əməkdaşlıqla bağlı mövqeləri sərgilənir. Çox vacib məsələlərlə bağlı strateji yanaşmalar öz ifadəsini tapıb".

E.Mirbəşiroğlu hesab edir ki, Qarabağ Bəyannaməsi Türk Dövlətləri Təşkilatının konstitusiyasıdır. Bu bəyannamə təşkilatın sürətli inkişafını şərtləndirəcək bir fəaliyyət strategiyasıdır. Bu baxımdan Azərbaycan növbəti dəfə çox mühüm tarixi  səhifə yazdı. Türk Dövlətləri Təşkilatının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü işğaldan azad edilmiş ərazilərimizə, xüsusilə Qarabağın incisi olan Şuşaya dünyanın diqqətini növbəti dəfə çəkdi bu, çox əlamətdar hadisə idi. Ən əsası isə Azərbaycan türk dünyasında həmrəyliyin möhkəmləndirilməsi gələcək əməkdaşlıq istiqamətlərinin daha da genişləndirilməsi, qarşılıqlı maraqlara cavab verən mövqelərin formalaşdırılması baxımından növbəti dəfə olduqca təsirli addım atdı.

 

Ə.QARDAŞXANOVA,

Azərbaycan.-2024.- 10 iyul (№ 142).- S.6.