Siyasi partiyaların və siyasi partiyalar bloklarının Azərbaycan
Respublikasının Milli
Məclisinə seçkilərdə
iştirakının əsasları
Siyasi partiyalar və siyasi partiyaların bloku ölkədə keçirilən
seçkilərdə və
referendumda özünəməxsus
yeri olan çox mühüm seçki subyektlərindəndir.
Seçki təcrübəsi
göstərir ki, siyasi partiyaların seçkilərdə iştirak
fəallığı, onların
ictimai-siyasi proseslərə
təsir imkanları ildən-ilə artmaqdadır.
Bu, bir sıra
amillərlə yanaşı,
eyni zamanda siyasi partiyaların inkişafı, sıralarının
artması, ictimai-siyasi
proseslərə yaxından
cəlb olunması üçün ölkədə
onlara yaradılmış
əlverişli mühitlə
bağlıdır. Onu
da qeyd edək
ki, mövcud qanunvericilik seçkilər
zamanı siyasi partiyaların öz məqsəd və məramına uyğun olaraq bloklarda birləşmək, vahid platforma ilə çıxış etmək,
namizədlər irəli
sürmək imkanlarını
da tanıyır.
Seçki prosesinin
iştirakçılarından biri kimi siyasi
partiyalar blokunun yaradılma qaydası, fəaliyyət prinsipləri
və digər mühüm məqamlar Azərbaycan Respublikasının
Seçki Məcəlləsində
dəqiq, aydın və lakonik şəkildə öz əksini tapıb. Qanunvericilikdə belə müəyyən olunub ki, siyasi partiyaların
blokunu azı iki siyasi partiya
yarada bilər və siyasi partiya blokun tərkibinə daxildirsə,
seçkilərin keçirildiyi
dövrdə müstəqil
partiya kimi çıxış edə
və ya digər bloka daxil ola bilməz.
Siyasi partiyaların blokuna daxil olmaq
barədə qərar
isə bloka daxil olan hər
bir siyasi partiyanın nizamnaməsinə
uyğun qəbul edilməlidir. Yalnız yuxarıda qeyd edilən müvafiq qərar qəbul edildikdən sonra siyasi partiyaların səlahiyyətli nümayəndələri
blokun yaradılması
barədə birgə
qərar imzalayırlar.
Siyasi partiyalar blokunun hüquqi status əldə etməsi üçün
onun qeydə alınması zəruridir.
Bunun üçün
müvafiq siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikasının
Mərkəzi Seçki
Komissiyasına (MSK) bir
sıra sənədlər
təqdim etməlidir.
Bunlar bloka daxil olan siyasi
partiyaların nizamnamələrinin
notariat qaydasında təsdiq edilmiş surətləri, siyasi partiyaların bloka daxil olmaq haqqında
qərarları, blokun
yaradılması haqqında
siyasi partiyaların səlahiyyətli nümayəndələri
tərəfindən imzalanmış
və həmin partiyaların möhürləri
ilə təsdiqlənmiş
birgə qərardır.
Sözügedən sənədlər
Seçki Məcəlləsinin
tələblərinə uyğun
olaraq düzgün rəsmiləşdirildikdə, MSK 5 gün müddətində
siyasi partiyalar blokunu qeydə almalıdır. Əks təqdirdə, MSK siyasi partiyalar blokunun qeydə alınmasından
imtina edə bilər. Siyasi partiyalar blokunun qeydə alınması rəsmiləşdikdən sonra
onun tərkibinə hər hansı digər siyasi partiya daxil edilə
bilməz.
Qeyd edək ki, siyasi partiyalar
blokunun adı və emblemi ilə də bağlı konkret tələblər var. Siyasi partiyalar blokunun adı bloka daxil olmuş
partiyaların nümayəndələrinin
birgə iclasında müəyyənləşdirilməlidir. Blokun adlandırılmasında
həmin bloka daxil olmayan (seçkilərdə iştirak
edib-etməməsindən asılı
olmayaraq) və əvvəllər seçkilərdə
iştirak etmiş digər siyasi partiyaların adlarından
istifadə edilə bilməz. Əgər yeni qeydə alınmış siyasi partiyalar blokuna əvvəlki seçkilərdə
həmin bloku yaratmış siyasi partiyaların yarısından
çoxu daxil deyildirsə, yeni yaradılan bloka əvvəlki siyasi partiyalar blokunun adı verilə bilməz. Siyasi partiyaların bloku fiziki şəxsin adından və ya soyadından yalnız həmin şəxsin yazılı
razılığı əsasında
istifadə edə bilər. Bütün bu sadalanan tələblərlə
yanaşı, siyasi partiyaların bloku özünün tam və qısa adı barədə MSK-ya məlumat təqdim etməlidir.
Siyasi partiyaların
bloku rəsmən təsdiq olunması üçün özünün
emblemini də MSK-ya təqdim edə bilər. Bu zaman siyasi
partiyaların bloku onun tərkibindəki hər hansı siyasi partiyanın qeydə alınmış
emblemi, yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə
etdikləri emblemlər
istisna olmaqla, istənilən emblemi təqdim edə bilər. Bir şərtlə ki, siyasi partiyalar blokunun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə
nişanlarına olan hüquqları pozmasın,
Azərbaycan Respublikasının
və digər ölkələrin dövlət
rəmzlərinə, dini
rəmzlərə toxunmasın,
ümumən qəbul
edilmiş əxlaq normalarını pozmasın.
Seçki kampaniyası
dövründə siyasi
partiyalar blokunun adının və embleminin dəyişdirilməməsi
şərtilə blokun
beş sözdən çox olmayan adından, habelə emblemindən seçki sənədlərində istifadə
edilməsi MSK ilə razılaşdırılmalıdır.
Siyasi partiyalar,
siyasi partiyaların bloku seçkilərdə
özlərinin rəsmi
təmsilçiləri ilə
iştirak edirlər. Qeyd edək ki, siyasi partiyaların,
siyasi partiyalar blokunun təmsilçiləri
hesab edilən səlahiyyətli nümayəndələr,
habelə maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndələr
müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan
siyasi partiyaların və ya siyasi
partiyaların nümayəndələrinin
birgə iclasının
qərarı, yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.
Siyasi partiyaların,
siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı
ilə yazılı formada xəbərdar etməklə nümayəndənin
səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti MSK-ya və dairə seçki komissiyalarına
göndərilməlidir.
Siyasi partiyaların,
siyasi partiyalar bloklarının səlahiyyətli
nümayəndələrinin səlahiyyət müddəti
onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi
nəticələrinin rəsmi
dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə
siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı
üzrə namizədlərin
statusunun itirilməsi vaxtı başa çatır.
Seçki təcrübəsi
göstərir ki, digər seçkilərdə
olduğu kimi, Milli Məclisə seçkilərdə də
siyasi partiyalar və ya onların
blokları fəal şəkildə iştirak
edirlər. Seçki Məcəlləsinin 54-cü maddəsi
namizədlərin siyasi
partiyalar və siyasi partiyaların blokları tərəfindən
irəli sürülməsinin
ümumi prinsiplərini
müəyyən edir.
Həmin maddənin tələblərinə əsasən
namizədin irəli sürülməsi haqqında
qərarı siyasi partiya öz nizamnaməsinə uyğun
olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul
edilməlidir. Bununla belə, siyasi partiyaların bloku tərəfindən irəli
sürülən namizəd
bloka daxil olan hər bir
siyasi partiya tərəfindən təsdiq
edilməli, siyasi partiyaların blokları tərəfindən namizədin
irəli sürülməsi
haqqında qərar isə siyasi partiyaların nümayəndələrinin
iclasında (qurultayında,
konfransında, rəhbər
orqanının iclasında)
qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların
qurultayında (konfransında,
rəhbər orqanının
iclasında) müəyyənləşdirilir.
Namizədin irəli
sürülməsi barədə
siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilməlidir
və həmin protokolda iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmiş iştirakçıların
sayı, siyasi partiyalar blokunun yaradılması haqqında
sazişdə nəzərdə
tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların
sayı, namizədin irəli sürülməsi
barədə qərar
və bu qərar üzrə səsvermənin nəticələri
və qərarın qəbul edilməsi tarixi göstərilməlidir.
Yeri gəlmişkən,
qeyd edək ki, siyasi partiya,
siyasi partiyaların bloku bu bloka
daxil olan partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilərlər.
Namizədin adı
ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi
müvafiq dairə seçki komissiyasına siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin
notariat qaydasında təsdiqlənmiş surətini,
siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş
surətini, namizədin
irəli sürülməsi
barədə siyasi partiyanın qurultayının
(konfransının, rəhbər
orqanının iclasının)
qərarı və müvafiq iclasın protokolunu, siyasi partiyanın səlahiyyətli nümayəndələrinin
Azərbaycan Respublikasının
Mülki Məcəlləsində
nəzərdə tutulmuş
qaydada rəsmiləşdirilmiş
vəkalətnamələrini də təqdim etməlidir.
Siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi isə
namizədin adı ilə birlikdə müvafiq dairə seçki komissiyasına siyasi partiyaların blokuna daxil olan
siyasi partiyaların qurultaylarının (konfranslarının,
rəhbər orqanının
iclasının) namizəd
irəli sürmək
barədə qərarları
ilə birlikdə müvafiq iclaslarının protokollarını, siyasi partiyalar blokuna daxil olan siyasi
partiyaların nümayəndələrinin
iclasının (qurultayının,
konfransının) siyasi
partiyaların bloku adından namizəd irəli sürülməsi
haqqında qərarını
və müvafiq iclasın protokolunu, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin Azərbaycan
Respublikasının Mülki
Məcəlləsində nəzərdə
tutulmuş qaydada və ya notariat
qaydasında rəsmiləşdirilmiş
vəkalətnamələrini təqdim etməlidirlər.
Müvafiq seçki
dairələri üzrə
irəli sürülmüş
namizədlərə aid
sənədlər isə
müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri
tərəfindən təqdim
edilir. Bu zaman namizədlərin adları MSK-nın müəyyənləşdirdiyi formada təqdim edilir, çap üsulu ilə və ya maşınla
oxunmasına imkan verən başqa üsulla tərtib olunur.
Siyasi partiyanın,
siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi yuxarıda
qeyd olunan sənədlərlə birlikdə
namizədin seçiləcəyi
halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə
xitam veriləcəyi barədə öhdəliyi
də göstərilməklə,
namizədliyinin irəli
sürülməsinə razılıq
verməsi barədə
ərizəsini də
təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda - fəaliyyət növü),
namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin
ödənilməmiş və
ya üzərindən
götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan
Respublikası Cinayət
Məcəlləsinin müvafiq
maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət
məsuliyyəti yaradan
əməli olmuşdursa
və bu əməl Cinayət Məcəlləsində nəzərdə
tutulan cinayət məsuliyyəti yaradırsa
və bu haqda qanuni qüvvəyə
minmiş məhkəmə
hökmü çıxarılmışdırsa,
xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə
namizədin vətəndaşlığı
və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında
öhdəliyinin olub-olmaması
haqqında məlumatlar
daxil edilir.
Seçki komissiyası
təqdim edilmiş sənədlərə 5 gün
müddətində baxır,
müvafiq seçki dairəsi üzrə irəli sürülmüş
namizədin təsdiq olunub-olunmaması barədə
əsaslandırılmış qərar qəbul edir və siyasi
partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə
bu barədə məlumat verir. Müvafiq dairə seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul
edilməsindən imtina
edə bilməz.
Namizədin qeydə
alınmasından imtina
edilməsi üçün
əsas yalnız tələb olunan sənədlərin lazımi
qaydada rəsmiləşdirilməməsi
və ya namizədin irəli sürülməsi qaydasının
pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə
siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən
düzəlişlər edilməsi
yolu ilə aradan götürülə
bilərsə, müvafiq
seçki komissiyası
namizədi bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən
sonra namizədin irəli sürülməsi
təsdiqlənir.
Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq, siyasi partiyaların bloku isə ona daxil olan
siyasi partiyaların səlahiyyətli nümayəndələrinin
qərarı ilə səsvermə gününə
azı 10 gün qalanadək istənilən
vaxt müvafiq dairə seçki komissiyasına yazılı
müraciət edərək,
seçki dairəsi üzrə irəli sürülmüş və
qeydə alınmış
deputatlığa namizədi
geri çağırmaq
hüququna malikdir.
Bundan başqa,
qanunvericilik imkan verir ki, deputatlığa
namizədlər irəli
sürmüş siyasi
partiya, siyasi partiyalar bloku səsvermə gününə
azı 10 gün qalmış müvafiq dairə seçki komissiyasına yazılı
müraciət etməklə,
namizədləri irəli
sürmüş orqanın
qərarı ilə seçkilərdə iştirak
etməkdən imtina etsin. Bu halda,
siyasi partiya, siyasi partiyaların bloku deputatlığa namizədləri geri çağıra bilər.
Seçki Məcəlləsinin
tələbinə uyğun
olaraq siyasi partiya, siyasi partiyalar bloku namizədin irəli sürülməsi barədə
dairə seçki komissiyası tərəfindən
təsdiq edilmiş bildirişi və digər müvafiq sənədləri təqdim
etməklə müvafiq
bankda xüsusi seçki hesabı da açmalıdırlar.
Bu zaman siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsi
xüsusi seçki hesabı aça bilər.
Azərbaycan Respublikasının
hazırki qanunvericiliyi,
o cümlədən Seçki
Məcəlləsi siyasi
partiyaların və siyasi partiya bloklarının seçkilərdə
iştirakı üçün
geniş imkanlar açır. Bununla belə, sözügedən
Məcəllədə siyasi
partiyaların və siyasi partiya bloklarının seçkilərdə
və referendumda iştirakına dair bir sıra ümumi
və xüsusi şərtlər vardır
ki, onlara əməl olunmaması bir çox hallarda hüquqi məsuliyyət yaradır.
Mikayıl RƏHİMOV,
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının
katibi
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.4.