Yeni reallıqlar Milli Məclisin
də yenidən formalaşdırılması zərurətini
yaratdı
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun rəşadəti, şücaəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Ölkəmiz artıq yeni hədəflərə, böyük ideyalara doğru inamla irəliləyir".
Milli Məclisin deputatı Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, qarşıya qoyulan hədəfləri reallaşdırmaq üçün uzunmüddətli planların həyata keçirilməsi zərurəti yaranıb.
Bu ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirildiyini xatırladan deputat bildirib ki, bu, müstəqillik qazandıqdan sonra respublikanın bütün ərazisində ilk dəfə baş tutan seçki idi. Xalqımız Azərbaycanı qüdrətli dövlətə çevirən, milli qürurunu özünə qaytaran, hər bir azərbaycanlının xoşbəxt yaşaması üçün yorulmadan çalışan İlham Əliyevi yenidən Prezident seçdi. Böyük hədəflərə çatmaq üçün Milli Məclisin də yenidən formalaşdırılması zərurəti yaranmışdı. Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri də ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. "Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsini önə çəkən səbəblərdən biri də noyabr ayında ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının - COP29-un baş tutacağı ilə bağlıdır. Əslində, Milli Məclisə seçkilər noyabr ayının əvvəlində keçirilməli idi. Beynəlxalqəhəmiyyətli tədbirin həmin ərəfəyə düşməsi seçkilərin irəli çəkilməsini şərtləndirdi", - deyə deputat əlavə edib.
Kamilə Əliyeva vurğulayıb ki, COP29 kimi nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi, dünya dövlətlərinin yekdilliklə buna səs verməsi ölkəmizin dünyada böyük nüfuza sahib olmasından xəbər verir. Bu, eyni zamanda Prezident İlham Əliyevin bəşəriyyətin gələcəyi naminə gördüyü misilsiz xidmətə verilən yüksək qiymətdir. Bakıda keçiriləcək konfrans bəşəriyyətin gələcəyinə böyük töhfə verəcək tədbirlərdən biri olacaq.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan
.-2024.- 10 iyul (№ 142).- S.7.