İspaniyanın
“20 Minutos” nəşrində
Azərbaycanın üzləşdiyi
mina probleminə dair məqalə dərc olunub
İspaniyada yayımlanan
“20 Minutos” nəşrində
Azərbaycanın üzləşdiyi
mina problemi, o cümlədən mina hadisələrinin qurbanları,
minatəmizləmə fəaliyyəti
və minaaxtaran qadınlardan bəhs edən məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, bu
ilin mayında ölkəmizdə səfərdə
olmuş və azad edilən ərazilərdə həyata
keçirilən minatəmizləmə
fəaliyyətini yaxından
müşahidə etmiş
jurnalist-fotoqraf Qervasio
Sançez Fernandez tərəfindən qələmə
alınan məqalədə
təxminən 35 il davam etmiş münaqişə nəticəsində
işğal altında
olmuş ərazilərdə
bütün şəhər
və kəndlərin
xarabalığa çevrildiyi
bildirilib.
Yazıda xüsusi
vurğulanıb ki, Qarabağ dünyanın piyada və tank əleyhinə mina və partlamamış
hərbi sursatla (PHS) ən çox çirklənmiş ərazilərindən
biridir. Hesablamalara görə, bu ərazilərdə ən
azı 1,5 milyon mina basdırılıb və onlar hər
an partlaya bilər. Müəllif
1991-ci ildən 2024-cü il
mayın 2-dək mina qurbanlarının sayının
3500-ə yaxın olduğunu
bildirib. Qeyd edib ki, mina
qurbanlarından 358 nəfəri
uşaq, 38-i isə qadındır. Son üç il yarım ərzində mina qurbanlarının sayı 359 nəfər təşkil edir ki, onların yarısı mülki şəxslərdir. Mina qurbanlarından 67-si həlak
olub. Qalanları ağır xəsarət alıb, bir çoxlarının bədən
üzvlərinin bir hissəsi amputasiya edilib. Bu faciəvi
hadisələrin böyük
əksəriyyəti minatəmizləmə
əməliyyatları, kənd
təsərrüfatı işləri
və infrastrukturun bərpası prosesi zamanı baş verib.
Məqalədə İkinci
Qarabağ müharibəsinin
başa çatmasından
dərhal sonra Azərbaycanın ərazidə
minatəmizləmə işlərinə
başladığı qeyd
olunub, bu istiqamətdə görülən
işlər barədə
məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyi
– ANAMA tərəfindən bu
istiqamətdə işlər
fasiləsiz davam etdirilir. ANAMA-nın 2300 nəfərdən ibarət
komandası tərəfindən
görülən işlər
nəticəsində ərazinin
təxminən 12 faizi
minalardan tamamilə və ya qismən
təmizlənib. Ərazilərdə
50 mindən çox mina, 62 mindən çox PHS təmizlənib
ki, bu da
basdırılmış minaların
cəmi 3,32 faizi deməkdir. Həmçinin
xüsusi vurğulanıb
ki, Azərbaycan dövləti minatəmizləmə
əməliyyatının 95 faizini öz imkanları hesabına həyata keçirir.
İspaniyalı jurnalist
məqalədə azərbaycanlı
minaaxtaranların, xüsusən
bu işə qoşulan qadınların
fədakarlığına da
geniş yer ayırıb. Bütün
çətinliklərə baxmayaraq, bu fədakar qadınların
doğma Vətənin
təhlükəsizliyi və
övladlarının gələcəyi
üçün bu işdə yorulmadan çalışdıqları vurğulanıb.
Qeyd olunub ki, qadınların səbirli və minatəmizləmə işində
son dərəcədə
diqqətli olmaları
onların fəaliyyətinin
səmərəliliyini xeyli
artırır.
Müəllif yazıda
azərbaycanlı minaaxtaran
qadınlarla söhbətlərindən
geniş bəhs edib, onların bu təhlükəli iş barədə fikirlərini ispandilli oxucuların diqqətinə
çatdırıb: “25 yaşlı
Səlimə Mayılova
universitetin kimya fakültəsini bitirdikdən
sonra doqquz aydır minalardan təmizləmə proqramına
qoşulub. “Ölkəmdə
qadınların ilk kontingentinin bir hissəsi olmaq istədim. Valideynlərim bu işdə məni dəstəklədilər”,
- deyə o vurğulayır.
Dörd uşaq anası, 44 yaşlı Sehran Babayeva bildirir ki, “həyat
yoldaşım həmişə
məni dəstəkləsə
də, uşaqlarım
tamamilə mənə
qarşı çıxdılar.
Lakin səkkiz aydan sonra artıq
hamı mənimlə
fəxr edir. Ekologiya ixtisası üzrə ali təhsil almış 37 yaşlı Əminə Əliyeva 10 aydır ki, qadın kontingentindədir. O, “Vətənimizin
təhlükəsizliyinin və
uşaqlarımızın gələcəyinin
yaxşılaşdırılmasında” iştirak etmək istədiyi üçün
öz işini tərk edib”.
Məqalədə doğma
yurdlarına qayıdan
məcburi köçkünlər
barədə də məlumat verilib. Müəllif Füzuli rayonunun mərkəzində
müasir binaların inşa olunduğunu, buraya qayıdan keçmiş məcburi köçkünlərin yaradılan
şəraitdən məmnun
qaldıqlarını və
gələcəyə nikbin
baxdıqlarını qeyd
edib: “Füzulinin mərkəzində bütün
binalar yenidir və burada 2000-ə yaxın insan yaşayır. 77 yaşlı
təqaüdçü Dərgah
Xudiyev şahmat oynayır. O bildirir: “Müharibə nəticəsində
məcburi köçkün
kimi 30 il paytaxt Bakıda yaşadıqdan sonra altı aydır burada məskunlaşmışam”.
O, indi mənzildə yaşayır, çox razı və nikbindir”.
Jurnalist Qervasio
Sançez Fernandez mina hadisələri nəticəsində ağır
xəsarətlər almış
şəxslərlə də
söhbətlərindən söz açıb, onların müsahibələrinə
geniş yer verib. Yazıda mina partlayışı nəticəsində ayaqları
amputasiya edilən 29 yaşlı Bəxtiyar Abbasov, 38 yaşlı Zaməddin Həsənov,
23 yaşlı Həsənəli
Əliyev, 41 yaşlı
Anar Hüseynov, 43 yaşlı Mənsur Məhərrəmov, 48 yaşlı
Niyaməddin Verdiyevin müsahibələri diqqətə
çatdırılıb. Müsahibələrində
yaşadıqları həmin
dəhşətli anlar
barədə fikirlərini
bölüşən mina
qurbanları Azərbaycan
dövləti tərəfindən
protezlərlə təmin
olunduqlarını, müalicələrinin
daim diqqət mərkəzində saxlandığını
vurğulayıblar.
Azərbaycan.-2024.-
10 iyul (¹ 142).- S.7.