Azərbaycan
Avrasiya iqtisadi məkanında önəmli
ölkəyə çevrilib
Bu gün dünyada baş verən qlobal proseslərə sovetlər
birliyinin dağılması
və Çinin iqtisadi yüksəlişi,
həmçinin onun siyasi ambisiyalarının yaranması kontekstindən
baxmaq lazımdır. Belə ki, sovetlər
birliyinin dağılması
və Rusiyanın zəifləməsi Qərbə
şəriksiz hökmranlıq
etməyə imkan verdi.
Qərb bu tarixi fürsəti düzgün qiymətləndirmədi.
Yəni bu imkandan dünyanın ədalətlə idarə
olunması üçün
istifadə etmədi. Onun haqlı və haqsız tələblərinə hamının
boyun əyməsini istədi. Belə hal isə dünyanın
əksər ölkələrində
haqlı narazılığa
səbəb oldu. Biz ölkə olaraq 30 illik işğal dövründə
Qərbin işğala
məruz qalanla işğalçıya eyni
münasibət göstərdiyinin
canlı şahidiyik.
44 günlük Vətən
müharibəsindəki tarixi
Zəfərimizdən sonra
biz əvvəlki kimi diplomatik ibarələrlə maskalanan
mövqe əvəzinə
açıq diplomatiyanın
şahidi olduq. Qərbin fikrincə, belə çıxır ki, bizim tarixi
torpaqlarımızı işğaldan
azad etməyə haqqımız yox imiş və nəyi necə etmək üçün onlardan icazə almalıydıq. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında
Qərbin ikili standartlara söykənən
siyasətini və qəbul edilmiş beynəlxalq qanunları heçə saymağını
haqlı olaraq tənqid etmişdir.
Artıq dünyada
bu peoseslərin nəticəsi olaraq ciddi qütbləşmə
prosesi gedir. Bunun üçün də dövlətlər yeni regional təşkilatlar
yaradıb birləşməyə
üstünlük verirlər.
Həmin təşkilatlar
Qərb tərəfindən
formalaşdırılan təşkilatlardan
tamamilə fərqlənir.
Məsələn, Avropa
İttifaqı bir xristian təşkilatıdırsa,
Şanxay Əməkdaşlıq
Təşkilatı barəsində
bunu demək olmaz. Bu təşkilatda
birləşən ölkələr
müxtəlif dini konfessiyalara və etnik köklərə məxsusdur və qeyd edilən əlamətlərə görə,
ayrı-seçkilik etmirlər.
Məlumdur ki, yarım əsrdən çox bir dövrdə müxtəlif
bəhanələrlə Türkiyəni
Avropa İttifaqına
üzv qəbul etmirlər. Səbəb kimi müxtəlif bəhanələr göstərilsə
də, hamıya məlumdur ki, burada əsas məsələ din faktorudur. Bəzi Avropa siyasətçiləri
bunu gizlətmirlər
və açıq şəkildə məsələnin
dinlə bağlı olduğunu söyləyirlər.
Qərbin apardığı
belə ikili standartlar dünyanın bir çox ölkəsində haqlı
narazılıq yaratdığı
üçün bərabərhüquqlu
əməkdaşlığa üstünlük verən
yeni təşkilatlar yaratmağa sövq edir. Şanxay Əməkdaşlıq Təşkilatı
bu prinsipləri rəhbər tutduğu üçün qısa bir zamanda ona
bir çox dövlətin qoşulmasına səbəb
oldu.
Azərbaycan son
dövrlər bu təşkilatla əməkdaşlığa
xüsusi önəm verərək onun fəaliyyətində yaxından
iştirak edir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev
ŞƏT-in hazırkı
sədri kimi Prezident İlham Əliyevi Zirvə görüşünə dəvət
etmişdir. Tədbirdən
əvvəl dövlətimizin
başçısının Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə
görüşü istər
regional, istərsə
də qlobal baxımdan xüsusi əhəmiyyətə malikdir.
Avrasiya regionunda
Rusiyadan sonra ÇXR-lə də strateji əməkdaşlıq
bəyannaməsinin imzalanması
tarixi hadisədir. Bir sözlə, Azərbaycan dünyanın
ən böyük iqtisadiyyatına malik Çinlə strateji tərəfdaş olur. Hansı ki, dünya iqtisadiyyatının
ağırlığı Qərbdən
Şərqə, yəni
Çinə keçir
və bu ölkə qlobal problemlərin həllində
söz sahibinə çevrilir.
Azərbaycanın ŞƏT-də iştirakı bu təşkilatın gücünə güc qatacaq. Ölkəmiz güclü iqtisadi imkanlara və strateji coğrafi mövqeyə malikdir. Azərbaycan dünyanın
ən önəmli iki beynəlxalq ticarət marşrutunda qovşaq ölkədir. Məlum olduğu kimi, hazırda Qərb-Şərq bloku arasında gedən mübarizənin önündə
qlobal ticarət marşrutlarına nəzarəti
ələ keçirmək
dayanır. Bu üzdən dünyada proseslərin kimin xeyrinə həll olunması Azərbaycanın
tutduğu mövqedən
asılıdır.
Prezident İlham
Əliyev "ŞƏT plyus"
formatında keçirilən
görüşdə Azərbaycanın
beynəlxalq ticarət
marşrutlarında tutduğu
önəmli mövqeyi
barədə demişdir:
"Şərq-Qərb" və "Şimal-Cənub"
nəqliyyat dəhlizləri
üzrə qarşılıqlı
fəaliyyət Azərbaycan
ilə ŞƏT-ə üzv
dövlətlər arasında
əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr
Azərbaycana Avrasiyanın
nəqliyyat-logistika qovşaqlarından
birinə çevrilmək
imkanı verib. Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük
qabiliyyəti Azərbaycanın
sərmayələri hesabına
1 milyon tondan 5 milyon tona qədər
artıb. Biz tərəfdaşlarımızla Orta dəhlizin rəqəmsallaşması üzərində
işləyirik. Bundan
başqa, Azərbaycan
Ələt Beynəlxalq
Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini
ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir".
Bununla yanaşı,
dövlət başçısı
vurğuladı ki, ölkəmiz "Şimal-Cənub"
nəqliyyat marşrutunda
önəmli ölkə
statusundadır. Bildirdi
ki, Azərbaycan bu dəhlizlə yüklərin ildə 15 milyon tona qədər
artırılması üzərində
işləyir, ancaq bununla kifayətlənmir, zərurət yaranarsa, bu, 30 milyon tona
qədər artırılacaq.
Xatırladaq ki,
ŞƏT regional təşkilat
kimi 1996-cı ildə
Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan
və Tacikistan tərəfindən yaradılıb.
Ancaq bu təşkilat qısa bir zamanda digər
ölkələri də
özünə cəlb
edə bilib. Belə ki, sonradan bu təşkilata
Hindistan, Pakistan, İran və Belarus da qoşulub. Ancaq təşkilatla
əməkdaşlıq edən ölkələrin sayı
bununla bitmir. Təşkilatın 2 müşahidəçi və
14 dialoq tərəfdaşı var.
Təşkilat
regional iqtisadi birlik kimi yaransa da, qlobal təşkilata
çevrilmək üzrədir. ŞƏT-i əhatə edən
ölkələrdə dünya əhalisinin 40 faizi
yaşayır. Bu, ilk növbədə böyük bazar və
işçi qüvvəsi deməkdir. Digər tərəfdən
təşkilata üzv və əməkdaşlıq edən
ölkələr qlobal səviyyədə iqtisadi və maliyyə
resurslarına malikdirlər. Üstəlik, bu ölkələrin
dünyanın iki əsas ticarət marşrutuna nəzarət
etmək imkanı var.
İqtisadçı
alim Vüqar Bayramov bu təşkilatın imkanları barədə
maraqlı faktlar açıqlayır. Alim deyir ki, təşkilata
üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulda
payı 24,4 trilyon dollardır. Avropa İttifaqının birgə
dünya üzrə ümumi daxili məhsuldakı payı isə
6 trilyon dollardan çoxdur, aradakı fərq 3 trilyona
yaxındır. Bununla yanaşı, təşkilata üzv olan
ölkələrin qlobal nominal ÜDM-dəki payın 20
faizindən çoxu bu dövlətlərdə
formalaşır. Eyni zamanda dünyanın strateji
resurslardakı payda bu ölkələr önəmli rol
oynayırlar. Belə ki, dünyada mövcud olan neft
ehtiyatlarının 20 faizi, qaz ehtiyatlarının isə 44
faizi təşkilata üzv olan ölkələrə məxsusdur.
Azərbaycan
ŞƏT üzvü olmasa da, təşkilatda birləşmiş
ölkələrlə sıx əməkdaşlıq edir.
Mütəxəssislərin hesablamalarına görə, cari
ildə Azərbaycanın ŞƏT-in üzv, müşahidəçi
və dialoq tərəfdaşları ilə ticarət
dövriyyəsinin həcminin 20 milyard dollardan çox
olması gözlənilir. Azərbaycanın xarici ticarətdəki
4 əsas partnyorundan 3-ü, yəni Rusiya, Çin və
Türkiyə ŞƏT-in üzvü və dialoq tərəfdaşıdır.
Prezident İlham
Əliyevin apardığı iqtisadi siyasətin əsas
prinsipi bütün tərəflərlə Azərbaycanın
milli maraqlarına uyğun əməkdaşlıq etməkdir.
Ölkəmiz hazırda Qərb və Şərqlə iqtisadi
maraqları çərçivəsində tərəfdaşlığı
genişləndirir. Azərbaycan bir tərəfdən
Avropanın təbii qazla təminatında önəmli rol
oynamaqla yanaşı, onun "yaşıl enerji" təchizatında
da əsas ölkə olmağa çalışır. Digər
tərəfdən, Orta dəhliz və "Şimal-Cənub"
marşrutunda açar ölkə kimi dünya ticarət
yollarında da önəmli statusa sahibdir. Prezident İlham
Əliyevin apardığı çoxvektorlu siyasət ölkəmizin
beynəlxalq aləmdəki nüfuzunu artırır. Bu
uzaqgörən siyasətin nəticəsidir ki, bir çox
regional və qlobal məsələlərin həllində
ölkəmizin rəyi nəzərə alınır.
Rüstəm KAMAL,
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.9.