Yolumuz "Qarabağ"
ordenli şəhid mayor Rəhim Hüseynovun ata yurdu Zərdab rayonunun Gəlmə kəndinədir.
Bu kənddə
yaşayan Qədir kişinin evini tapmaqda elə də çətinlik çəkmədik. Küçə
qapısındakı dirəyə
bərkidilmiş üçrəngli
müqəddəs bayrağımız
adama gəl-gəl deyirdi. Qapını üzümüzə açan
yeniyetmə oğlan əlini başı üzərinə qaldırıb
hərbi qaydada salam verərək özünü təqdim
etdi: "Hikmət! Rəhimin böyük oğluyam". Hikmətin
yaxınlığında dayanan
ortancıl qardaşı
da əlini uzadıb astaca dillənir, "Rüfət".
Həyətdə velosiped
sürən oğlan uşağını göstərən
Hikmət "Kiçik
qardaşımın da
adı "Fikrətdir" deyir.
Söhbətə Hikmət
körpü salır:
"Xırdalanda Elza nənəmlə birlikdə
yaşayırıq. "Era"
Liseyində oxuyuruq. İmkanımız olan kimi atamızın doğulub böyüdüyü
kəndə gəlirik.
Atam deyərdi ki, bu dünyanın
iki müqəddəsi
var: biri Ana, biri Vətən.
Biri ilk, biri son ünvanımızdır.
Vətəni də anan kimi sevərək
qorumalısan. Atam anasını da, Vətəni də canından çox sevirdi. Vətəni qorumağa gedəndə dedi ki, evin
kişisi sənsən,
ailəmiz sənə
əmanət. Atam getdi və özü
vətənin bir parçası oldu. Bizi vətənə, anamızı isə bizə əmanət etdi. Amma atamın
əmanətini qoruya bilmədim. Anam atamın cənnətə
qovuşduğunun bir ili tamam olan
gün bizi əbədi tərk etdi. Bu da
bir qədərdir... Görünür, atamızı
bizdən çox sevirmiş... Bizim yox, atamızın yanında olmağı seçdi".
Mayor Rəhim Qədir oğlu Hüseynov 1 iyul 1984-cü
ildə Zərdab rayonunun Gəlmə kəndində anadan olub. 1998-2001-ci illərdə
Cəmşid Naxçıvanski
adına Hərbi Liseydə, 2001-2005-ci illərdə
Heydər Əliyev adına Ali Hərbi Məktəbdə
təhsil alıb.
2005-2006-cı illərdə Silahlı Qüvvələrin
Təlim Tədris Mərkəzində xüsusi
kurs keçərək
ingilis, rus, erməni dillərini mükəmməl öyrənib.
Rəhim Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı
Əməliyyat İmkanları
Konsepsiyası (OCC Bn) taborunun komandiri kimi dünyanın bir sıra ölkəsində
ölkəmizi ləyaqətlə
təmsil edib. 2020-ci ildə NATO-nun Əfqanıstan İslam Respublikasının Həmid
Kərzayi adına Beynəlxalq Hava Limanının qorunmasında
iştirak edən
"Qətiyyətli dəstək",
"Qeyri-döyüş" missiyasını yerinə
yetirən Azərbaycan
sülməramlı taborunun
komandanı Rəhim Hüseynov NATO Mertorious
Service ilə təltif
olunan ilk və yeganə azərbaycanlı zabitdir.
Rəhim Hüseynov
27 sentyabr 2020-ci ildə
Vətən müharibəsi
başlayan gündən
qanlı döyüşlərə
qatılaraq Füzuli,
Cəbrayıl, Qubadlı
rayonlarının düşməndən
azad edilməsində xüsusi qəhrəmanlıq
göstərərək 20 oktyabr
2020-ci ildə şəhidlik
zirvəsinə yüksəlib.
Ölümündən sonra
"Qarabağ" ordeni
və "İgidliyə
görə", "Cəbrayılın
azad olunmasına görə", "Qubadlının
azad olunmasına görə"
medalları ilə
təltif olunub. Şəhid Rəhim Hüseynov İkinci Fəxri xiyabanda dəfn olunub.
Rəhim Tanrı
payı idi
"Rəhim
anadan olana kimi 4 övladımız olsa da, onlar
yaşamadılar. Dörd uşaqdan sonra Rəhim dünyaya gəldi.
Həmişə deyərdi ki, məni Allah 4 uşaqdan sonra sizə
mükafat olaraq verib. Gərək elə yaşayam ki, mənimlə
qürur duyasınız. Balam dediyi kimi də yaşadı. Vətənin
də, bizim də başımızı uca etdi". Göz
yaşının içində boğulan anası Həqiqət
xanım Rəhimli günləri xatırlayıb xatirələri
çözdü: "Rəhimin çox gözəl xasiyyəti
var idi. Qarabağın azad olunacağına, vətənin
bütövləşəcəyinə, ümumiyyətlə,
gələcəyə çox ümidlə baxırdı.
2016-cı ilin Aprel döyüşlərində də
iştirak etmişdi. Rəhim həmişə deyərdi ki,
Qarabağ problemi tezliklə həll olunmalıdır. Bu
problemi övladlarımıza saxlamağa bizim haqqımız
yoxdur".
Şəhidin
oğlu Hikmət söhbətə qoşulur: "Son dəfə
Qubadlıdan zəng etmişdi. Anama sevinclə strateji əhəmiyyətli
yüksəkliklər uğrunda döyüşdüklərini,
tezliklə Şuşadan şad xəbər verəcəyini
dedi… Anam da çox sevinirdi, qürurlanırdı".
Rəhim ön cəbhədə
irəliləyib düşmənin canına vəlvələ
salan taborun komandiri olub. Döyüşü izləyən yox,
öndə gedən komandir olub. Qubadlıda strateji əhəmiyyətli
yüksəkliyi düşməndən azad edən zaman Rəhimin
taboru ciddi müqavimətə rast gəlib. Qanlı
döyüşlər getdiyi zaman Rəhimin yanına minaatan mərmisi
düşüb. Zərbənin dalğası nəticəsində
Rəhimin bir qulağından qan gəlib. Eşitmə qabiliyyətini
itirsə də, döyüş yoldaşlarının
müalicə almaq üçün geriyə, hospitala göndərilməsi
haqqında təkliflərinə inadla "yox" deyib. Lakin
düşmən mərmisi öz işini görüb. Rəhim
atılan atəş səslərinin haradan gəldiyini hiss etməyib,
irəliyə zirvəyə doğru can atıb. Düşmən
bunu yaxın məsafədən görüb hiss edib.
Döyüş yoldaşlarının onu düşmənin hədəf
alması barədə çağırışlarını
eşitməyən qəhrəman komandir qəfil düşmən
snayperinin gülləsinə tuş gəlib…
Rəhimin
uğrunda canını fəda etdiyi yüksəkliyi
döyüş yoldaşları onun şərəfinə
"Rəhim zirvəsi" adlandırıblar.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
10 iyul (¹ 142).- S.10.