Bir qərinəyə
yaxın idi ki, doğmaları ilə yanaşı, bütün Şabran camaatı itkin qəhrəman övladlarından
bir soraq gözləyirdi. Bu üzüntülü illərin
əzabına tab gətirməyən Ağaseyid
ata dünyasını
dəyişmişdir. Amma
sən demə, ayrılığın sonu
varmış.
Həsrətdə ürəyi
qovrulan Mahirə ana və qohum-əqrəbaya
bu yaxınlarda Gəncədən xəbər
gəldi. Şəhər
qəbiristanlığındakı naməlum məzarlarda uyuyan igidlərin kimliyini müəyyənləşdirərkən
məlum oldu ki, cəsədlər Birinci Qarabağ müharibəsi şəhidi
Rahib Mirzəyev və şabranlı digər döyüşçülər
Rza Əmrullayev və Cəlil Şaxayevə məxsusdur.
Onların nəşi
böyük ehtiramla Şabrandakı Şəhidlər
xiyabanına köçürüldü. Mirzəyev Rahib Ağaseyid oğlu 1971-ci il sentyabrın 2-də Şabran
şəhərində doğulub.
Penzada Dəmiryolu Texnikumunu bitirib. 1989-1991-ci
illərdə keçmiş
sovet ordusunun tərkibində Almaniyada həqiqi hərbi xidmətdə olub. Birinci Qarabağ müharibəsinə könüllü
yollanıb. 1992-ci ilin
sentyabrında Ağdərə
savaşında ağır
yaralanıb, müalicəsi
başa çatar-çatmaz
yenidən cəbhəyə
- ön xəttə qayıdıb. Sonuncu dəfə Murovdağ uğrunda gedən döyüşlərdə iştirak
edib. 1994-cü il fevralın 11-də itkin düşdüyü barədə
məlumat verilib. Mirzəyevlər ailəsinin
üzvləri ötən
müddət ərzində
Rahibdən heç bir xəbər ala bilməyiblər.
Şəhidin anası
Mahirə xanım bu itkinin onlar
üçün xeyli
ağır və üzücü olduğunu,
30 ildir ki, gözlərinin yollarda qaldığını söyləyir:
"Oğlum vətənpərvərlik
duyğuları ilə
aşıb-daşırdı. Əsgərliyi erməni separatizminin baş qaldırdığı vaxtlara
düşmüşdü. Hərbi xidmətdən qayıtdı, heç düz-əməlli üzünü
görmədik, tələsik
Qarabağ savaşına
qatıldı. Dəmiryolu
istismarı üzrə
orta ixtisas məktəbini oxumuşdu,
təhsilini davam etdirmək arzusu vardı. Atası da, mən də
dilə tutduq ki, ay bala,
sənədlərini hazırla,
instituta ver, artıq qəbul başlanır. Sanki gözlərində şimşək
çaxdı, dedi ki, görmürsüz, erməni quldurları sərhəd bölgələrində
əliyalın xalqımızın
başına nə müsibətlər açırlar,
ali təhsil almağım qalsın qələbədən sonraya".
Qardaşı Şövqi
Mirzəyev anasının
heç olmasa indi Rahibin məzarını
tez-tez ziyarətə gəlib üzərinə
gül düzdüyünə,
dua etdiyinə görə təskinlik tapdığını deyir:
"O, təkcə bizim
üçün yox, el-obaya, gənclərə
bir örnəkdir, nümunədir. Sağ olsun dövlətimiz, əlaqədar qurumlar, mütəxəssislər 30 illik
intizara son qoydular".
Şabran Şəhidlər
xiyabanında torpağa
tapşırılan digər
Vətən oğulları
- şəhid Əmrullayev
Rza Qəzənfər
oğlu 1961-ci il martın 4-də rayonun Ləcədi kəndində
dünyaya göz açıb. 1980-1982-ci illərdə
Əfqanıstanda hərbi
xidmət keçib. Qarabağ müharibəsinə
könüllü qatılıb.
1994-cü ildə Kəlbəcər
uğrunda gedən döyüşlərdə itkin
düşmüşdü.
Şəhid Şaxayev
Cəlil İsa oğlu isə 30 dekabr 1973-cü ildə Şabran şəhərində
anadan olub. Orta məktəbi bitirdikdən sonra peşə məktəbində
təhsil alıb. Birinci Qarabağ müharibəsində böyük
rəşadətlər göstərib.
Murovdağ yüksəkliklərindəki
qeyri-bərabər, qanlı
savaşda itkin düşdüyü barədə
xəbər gəlmişdir.
Qəhrəmanlarımız
1994-cü il fevralın
12-19-u arası Gəncə
məzarlığında naməlum
şəhidlər kimi
Vətən torpağına
əmanət edilmişdilər.
Qurban MƏMMƏDOV,
Azərbaycan.-2024.-
10 iyul (№ 142).- S.10.