Azərbaycan-Özbəkistan
iqtisadi münasibətlərinin inkişafı
üçün böyük potensial var
Mərkəzi Asiya ölkələrindən
Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı
imkanları nəzərdən keçirilir
İqtisadiyyat
naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə
heyəti Özbəkistana işgüzar səfər edib. Səfər
zamanı Buxarada iqtisadi sahədə birgə fəaliyyətin
genişləndirilməsi məqsədilə yeni imkanlar nəzərdən
keçirilib.
İqtisadiyyat
Nazirliyindən verilən məlumata görə, Özbəkistanın
investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla
görüşdə vurğulanıb ki, Azərbaycan və
Özbəkistanın dövlət başçıları
iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə
xüsusi önəm verir. Bu da hər iki ölkənin iqtisadi
inkişafına töhfə verməklə yanaşı,
regional inkişafı stimullaşdırır.
Görüşdə
ölkələrimiz arasında müxtəlif iqtisadi istiqamətlər
üzrə yeni imkanlar nəzərdən keçirilib, bu məqsədlə
birgə təşəbbüslərin
artırılmasının önəmi qeyd olunub. Tərəflər
sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən
bərpaolunan enerji, həmçinin karbonsuzlaşma sahələrində
əməkdaşlıq məsələlərini müzakirə
ediblər.
Özbəkistan
Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
13-cü iclası keçirilib.
Hökumətlərarası
Komissiyanın həmsədrləri, Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın
investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov
Komissiyanın işgüzar münasibətlərin
inkişafı və birgə layihələrin icra edilməsi
üçün səmərəli platforma olduğunu
vurğulayıblar.
Qeyd olunub ki,
ticarət sahəsində əməkdaşlıq Özbəkistanla
iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir.
Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi
180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında
isə bu göstərici təqribən 70 milyon ABŞ
dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət,
nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət
sahələri üzrə 90-dan çox Özbəkistan
şirkəti qeydiyyatdan keçib.
Sənayeyə
birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq
nümunələri yaradıb. Hacıqabul Sənaye
Parkında birgə layihə çərçivəsində
avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə,
əməkdaşlıq çərçivəsində 5300-dən
çox “Chevrolet” avtomobili istehsal edilib. Bundan başqa, birgə
pikap, yük maşını və avtobus istehsalı həyata
keçirilir.
Azərbaycanda
pambıqçılıq və ipəkçilik klasterlərinin
yaradılması istiqamətində uğurlu işbirliyi davam
etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də
mədəni əlaqələrin daha da genişlənməsinə
töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit
sahəsində də böyük potensialı var.
İkitərəfli
əməkdaşlığın digər perspektivli sahəsi
enerji sektorudur. İki ölkənin şirkətləri - SOCAR
və "Uzbekneftegaz" ASC Azərbaycan və Özbəkistanda
neft yataqlarının birgə işlənməsi, neft-qaz
sektorunda layihələrin həyata keçirilməsi və
digər sahələrdə əməkdaşlıq edirlər.
Gələcəkdə Mərkəzi Asiya ölkələrindən
Azərbaycan vasitəsilə Avropaya elektrik enerjisinin ixracı
imkanları nəzərdən keçirilir. Azərbaycan iri
elektrik enerjisi istehsalçısı və
ixracatçısı kimi öz ərazisindən elektrik
enerjisinin tranziti üçün geniş imkanlar
açır. 2024-cü ilin mayında imzalanmış Azərbaycan,
Özbəkistan və Qazaxıstanın enerji sistemlərinin
birləşdirilməsinə dair Əməkdaşlıq
Memorandumu bu sahədə səmərəli və
qarşılıqlı faydalı əməkdaşlığın
göstəricisidir.
Qeyd edilənlərlə
yanaşı, səhiyyə, turizm, mədəniyyət, təhsil
və digər sahələrdə də uğurlu tərəfdaşlıq
həyata keçirilir.
Komissiyanın
iclasında ölkəmizdə iqtisadi fəallığın
artırılması və əlverişli biznes mühitinin
yaradılması üçün tətbiq edilən müxtəlif
stimullaşdırma mexanizmləri, işğaldan azad
edilmiş ərazilərin biznes potensialı, həyata
keçirilən infrastruktur layihələri və s. barədə
məlumat verilib. Bildirilib ki, özbəkistanlı sahibkarlar Azərbaycandakı
sənaye zonalarında və Ələt Azad İqtisadi
Zonasındakı güzəştlərdən yararlanaraq rəqabətqabiliyyətli
fəaliyyət qura bilərlər.
Tədbirin sonunda
iclasın yekunlarına dair protokol imzalanıb. Sənəddə
iqtisadi-ticarət, enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı,
innovasiyalar və digər istiqamətlər üzrə tərəfdaşlığın
möhkəmləndirilməsi əksini tapıb.
Səfər
çərçivəsində, həmçinin nümayəndə
heyətinin Buxarada tarixi abidələrlə
tanışlığı təşkil edilib.
Azərbaycan.-2024.-
11 iyul (¹ 143).- S.4.