Azərbaycan-Çin münasibətlərində yeni mərhələ

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü, eləcə də ölkələrimiz arasında Birgə Bəyannamənin imzalanması ilə Bakı-Pekin münasibətləri yeni mərhələyə qədəm qoydu. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşından biridir.

Azərbaycan Çinin 6 şəhərində ticarət evi açıb və bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Azərbaycanda isə kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərən 300-dən çox Çin şirkəti qeydə alınıb. Azərbaycandan Çinə 263,3 milyon, Çindən Azərbaycana 930,8 milyon dollar həcmində investisiya qoyulub. Ölkələrimiz arasında əmtəə dövriyyəsi 3 milyard dollara çatıb və yüksələn xətt üzrə inkişaf etməkdədir.

Bakı-Pekin münasibətlərinin yüksək səviyyədə inkişaf etməsində Azərbaycan və Çin liderləri arasında şəxsi münasibətlərin böyük rolu var. Görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkələrimiz arasında imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"yə münasibət bildirərkən  vurğulayıb: "Bu həm də yeni bir başlanğıc nöqtəsidir. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik".

Çin bu gün qlobal faktordur, dünyanın supergücüdür. Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyan BMT-nin Təhlükəsizlik Şurasının  üzvüdür.

İmzalanan sənəd Bakı-Pekin münasibətlərinin yüksək səviyyəsini bir daha təsdiq etməklə yanaşı, ölkəmizin xarici siyasət kursunun uğurlu nəticəsidir. Bu sənəd Azərbaycanın bütün beynəlxalq istiqamətlər üzrə fəal tərəfdaşlıq fəaliyyəti ilə müstəqillik prioritetlərini tamamilə təmin etməyi bacardığını sübut etdi. Azərbaycan Avropa Birliyi ilə enerji resurslarının nəqli sahəsində genişmiqyaslı əməkdaşlıq edən, hətta hazırda Avropa Birliyinin enerji resursları təchizatçıları sırasında yer alan əsas ölkələrdən biridir. Bu proses Azərbaycanı Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə əsas tərəfdaşına çevirib.

Ölkəmizin xarici siyasətdə üstünlük verdiyi əsas məsələ, dəqiq hesablanmış, düzgün  balanslaşdırma taktikası öz müsbət nəticəsini verməkdədir. Rəsmi Bakı kəskin qarşıdurma vəziyyətində olan qütbləri nəzərə alaraq bütün beynəlxalq istiqamətlər üzrə fəal tərəfdaşlıq fəaliyyəti ilə müstəqillik prioritetlərini tamamilə təmin etməyi bacarır. Məhz belə bir geopolitik və geoiqtisadi taktika Azərbaycanın bütün dünyaya açılmasını təmin etməklə yanaşı, ölkəmizin qarşısında geniş inkişaf perspektivləri də açır.

İftixarla qeyd etmək olar ki, ölkəmiz bu gün Qərblə Şərq arasında tranzit qovşağına çevrilməkdədir. Artıq Çin Avropa Birliyi ölkələrinə Azərbaycan üzərindən yükdaşımalarına da başlayıb. Çinin bu addımı Orta dəhlizdən istifadə etməkdə birbaşa maraqlı olduğunu göstərir.

Əməkdaşlığın inkişaf dinamikası birmənalı olaraq göstərir ki, rəsmi Pekin Cənubi Qafqazın lider dövləti olan Azərbaycan vasitəsilə Şərqlə Qərb arasında tranzit qovşağının yaranmasına böyük önəm verdiyini artıq rəsmiləşdirib. İki ölkə arasında qarşılıqlı iqtisadi münasibətlərin bundan sonra daha da inkişaf edəcəyi qətiyyən şübhə doğurmur.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanır. Ötən il Orta dəhliz üzrə yükdaşımaların həcmi 65 faiz və ya təxminən 3 milyon ton artıb. 2024-cü ildə bu marşrutla yükdaşımaların 4 milyon tonu keçəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanla Çin arasında tranzit yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 31,6 faiz artaraq 178 min tona çatıb. Bu ilin altı ayında Azərbaycanla Çin arasında dəmir yolu daşımaları isə 93 faiz təşkil edib. Bu ilin əvvəlindən Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ilə 87 blok qatar göndərilib. Həmçinin iki ölkə arasında beynəlxalq avtomobil daşımaları üzrə də icazə blankları tətbiq olunub və bu istiqamətdə pilot layihə artıq reallaşıb. Ötən həftə bu layihə əsasında 26 avtomobil daşıması baş tutub. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurasının məlumatına əsasən, qeyd edə bilərik ki, Azərbaycanla Çin arasında hava nəqliyyatı ilə də daşımalar mövcuddur və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün planlar var.

Çin ilə enerji keçidi, bərpaolunan enerji sahəsində əməkdaşlıq uğurla inkişaf etdirilir. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin "BYD Company Limited" (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib. Avtobusların yerli istehsalına isə 2025-ci ildə başlanılması planlaşdırılır.

Siyasi mövzularda Azərbaycanla Çin arasında qarşılıqlı anlaşma var. İki ölkə arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır. Separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan "Vahid Çin" prinsipini qətiyyətlə dəstəklədiyini və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul etdiyini bildirib.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə qeyd olunub ki, tərəflər strateji tərəfdaşlıqda qarşılıqlı hörmətə, bərabərliyə, etimad və qarşılıqlı dəstəyə əsaslanırlar. Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edirlər.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2024.- 11 iyul (№ 143).- S.5.