COP29-un Azərbaycanda
keçirilməsi türk
dünyası üçün
tarixi hadisədir
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) ev
sahibi seçilməsi
ölkəmizin qlobal bəlaya çevrilmiş
iqlim dəyişmələri
probleminin həllinə
töhfə vermək
səylərinə dünya
ictimaiyyətinin diqqətinin
təzahürüdür. Azərbaycana
beynəlxalq arenada göstərilmiş bu böyük etimad Şuşada təşkil
olunan Türk Dövlətləri Təşkilatına
(TDT) daxil olan ölkələrin dövlət
rəhbərlərinin qeyri-rəsmi
Zirvə görüşündə
də yüksək dəyərləndirildi.
İyulun 6-da Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin, Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyevin, Qırğızıstan
Respublikasının Prezidenti
Sadır Japarovun, Qazaxıstan Respublikasının
Prezidenti Kasım-Jomart
Tokayevin, Macarıstanın
Baş naziri Viktor Orbanın, Türkiyə Respublikasının
vitse-prezidenti Cevdet Yılmazın, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti
Ersin Tatarın, Türk Dövlətləri
Təşkilatının baş
katibi Kubanıçbek
Ömüralıyevin iştirak
etdikləri Zirvə görüşündə ölkəmizin
COP29-a evsahibliyinin əhəmiyyəti,
iqlim dəyişikliyinin
mənfi fəsadları
ilə mübarizədə
birgə fəaliyyət
göstərməyin vacibliyi
vurğulandı.
Dövlətimizin başçısı
İlham Əliyev tədbir iştirakçılarının
hər birini bir daha COP29 konfransında iştiraka dəvət etdi. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsinin
beynəlxalq ictimaiyyət
tərəfindən ölkəmizə
olan böyük etimadın bariz nümunəsi olduğunu,
200-ə yaxın ölkənin
Azərbaycanın namizədliyini
yekdilliklə dəstəklədiyini
vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırdı
ki, Qoşulmama Hərəkatında 4 il sədrliyimiz dövründə
qazanılan təcrübədən
yararlanaraq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin
gücləndirilməsi, konsensusa
nail olunması üçün səylər
göstəriləcək.
Tədbirdə çıxış
edən digər dövlət və hökumət başçıları
da bir sıra
mühüm məsələlər
sırasında Azərbaycanın
COP29-a evsahibliyindən danışdılar.
Türk Dövlətləri
Təşkilatının hazırkı
sədri, Qazaxıstan
Respublikasının Prezidenti
Kasım-Jomart Tokayev
COP29-da fəal iştirak
edəcəklərini diqqətə
çatdırdı: "Biz
iqlim məsələləri
ilə bağlı türk dünyası ilə əməkdaşlığı
gücləndirməyə hazırıq.
Bununla əlaqədar biz bu il
Azərbaycanda keçiriləcək
COP29 iqlim konfransının
işində fəal iştirak etməyi planlaşdırırıq".
Qırğızıstan Respublikasının Prezidenti
Sadır Japarov çıxışında Azərbaycanın
COP29-a uğurla sədrlik
edəcəyinə əminliyini
bildirib: "Sevindirici
haldır ki, bu ilin noyabr
ayında qardaş Azərbaycan ən vacib qlobal forumlardan
birinə - BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
- COP29-a evsahibliyi edəcək.
Əminəm ki, Azərbaycanın COP29-a sədrliyi
qarşıdan gələn
konfransın gündəliyində
duran məsələləri,
o cümlədən iqlim
maliyyələşməsini əhəmiyyətli dərəcədə
irəliyə apara biləcək".
Qırğızıstan Prezidenti Azərbaycanla və təşkilata üzv olan digər
ölkələrlə bərpaolunan
enerji sahəsində əməkdaşlıqda maraqlı
olduqlarını da vurğuladı: "Azərbaycanın
bərpaolunan enerji mənbələrini, o cümlədən
COP29-a sədrliyi çərçivəsində
fəal inkişaf etdirdiyini və təşviq etdiyini nəzərə alaraq, biz Azərbaycan tərəfinə və ümumilikdə üzv dövlətlərə bərpaolunan
enerji mənbələri
ilə bağlı birgə layihələri həyata keçirmək üçün çağırış
edirik".
Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev də çıxışında bu
ilin noyabrında Bakıda keçiriləcək
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP29) toxundu.
O, bu tədbirin türk dövlətləri
üçün böyük
tarixi hadisə olduğunu bildirdi. "İqlim dəyişikliyi məsələsində dünya
liderlərinin uğurlu
bir görüş keçirmələrini səmimi-qəlbdən
diləyirik. Biz bu nüfuzlu tədbirə fəal şəkildə qatılmağa
və bu məsələdə Azərbaycana
mümkün olan hər cür yardımı göstərməyə
hazırıq".
Türkiyə Respublikasının
vitse-prezidenti Cevdet Yılmaz Zirvə görüşünün iştirakçılarına
müraciətlə dedi:
"Türk dünyasının
hörmətli liderləri,
qlobal səviyyədə
yaşanan proseslər
enerji təhlükəsizliyinin
və enerji sahəsində əməkdaşlığın
önəmini bir daha ortaya qoyub.
Resurslarla zəngin və əlverişli coğrafi mövqedə yerləşən türk
dövlətlərinin rolu
bu baxımdan mühüm önəm daşımaqdadır. Şərq
ilə Qərbi bir-biri ilə birləşdirən genişmiqyaslı
enerji infrastrukturu layihələrini birlikdə
uğurla həyata keçiririk. Azərbaycan
ilə bu sahədə həyata keçirdiyimiz layihələr
həqiqətən nümunədir.
Başda türkmən
təbii qazı olmaqla, Xəzərin digər tərəfindəki
resursların Türkiyəyə
və Avropaya daşınması həm
bizlərin milli rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə
töhfə verəcək".
Türkiyə Respublikasının
vitse-prezidenti çıxışında
Azərbaycanın COP29-a evsahibliyi
etməsinin əhəmiyyətini
xüsusi vurğuladı:
"Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
- COP29-a evsahibliyi etməsindən
böyük məmnunluq
duyuruq. Xüsusilə
iqlim maliyyələşməsi
mövzuda mühüm
qərarların qəbul
ediləcəyi bu konfransa hazırlıq prosesində bir çox mövzuda sıx əməkdaşlığımızı
və dəstəyimizi
davam etdirəcəyik".
Cevdet Yılmaz Azərbaycanın COP29-a evsahibliyinin
regional əməkdaşlıq
baxımından da böyük önəm daşıdığını qeyd etdi: "Bu baxımdan Azərbaycanın konfransda
Türk Dövlətləri
Təşkilatının bir
təşəbbüsünə yer verilməsi və ya ortaq
bir tədbirin keçirilməsi ilə bağlı təklifini məmnunluqla qarşılayırıq".
Türk Dövlətləri
Təşkilatının baş
katibi Kubanıçbek
Ömüralıyev Azərbaycanın
COP29-a evsahibliyi etməsinin
önəmini vurğuladı:
"Mən qabaqcıl
təşəbbüs olan
və ən aktual məsələlərdən
birinin müzakirəsi
üçün bütün
dünyadan minlərlə
insanı bir araya gətirəcək
COP29-a evsahibliyi edəcəyi
münasibətilə qardaş
Azərbaycanı təbrik
etmək istərdim".
Xatırladaq ki,
Şuşa Zirvə görüşündə Türk
Dövlətləri Təşkilatının
fəaliyyətinin inkişafı
üçün mühüm
qərarlar qəbul olundu. Zirvə görüşü çərçivəsində
qardaşlıq əlaqələrinin
daha da dərinləşməsi
istiqamətində növbəti
mühüm addım hesab edilən Qarabağ Bəyannaməsi
imzalandı. Böyük
əhəmiyyət kəsb
edən bu sənəddə qeyd olundu: "2024-cü il noyabrın 11-22-də Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının
(COP29) 29-cu sessiyasına evsahibliyi
etməkdə Azərbaycan
Respublikası Hökumətinə
uğurlar arzulayır
və Konvensiyanın tərəflərinin gözləntiləri
əsasında COP29-un konkret
nəticələrinin əldə
edilməsində Azərbaycanın
ardıcıl səylərini
dəstəkləyirik".
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.7.