Azərbaycandan
keçən dəhlizlər
dünya iqtisadiyyatına
müsbət təsir
göstərir
Ötən 20 il
ərzində Azərbaycanda
nəqliyyat infrastrukturunu
inkişaf etdirmək üçün böyük
layihələr həyata
keçirilib. Minlərlə
kilometr avtomobil yolları çəkilib və əsaslı təmir olunub.
Şərqlə Qərbi,
Asiya ilə Avropanı birləşdirən
strateji və böyük iqtisadi əhəmiyyətli Bakı-Tbilisi-Qars
dəmir yolu xətti inşa edilib. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
məqsədyönlü və
düşünülmüş siyasətin nəticəsində
mümkün olub. Azərbaycanın "Şərq-Qərb"
və "Şimal-Cənub"
nəqliyyat dəhlizlərinin
formalaşmasında yaxından
iştirak etməsi də məhz həmin siyasətin nəticəsidir.
Müasir dəmir
yolları ölkənin
nəqliyyat sektorunun aparıcı güclərindən
birinə çevrilib.
Dəniz nəqliyyatımız
dünyanın bir çox limanına və terminalına xidmət göstərir. Bu limanlar və
terminallar yüklərin
təhlükəsiz daşınmasını
və dünya üzrə paylanmasını
təmin edir. Dəniz daşımaları
digər daşıma
üsullarından, xüsusən
də uzaq məsafələrə nisbətən
daha qənaətcil və ekoloji cəhətdən təmizdir.
Azərbaycan bu üstünlükləri nəzərə
alaraq dəniz nəqliyyatı sahəsində
səmərəli və
effektiv idarəetmə
sistemini ildən-ilə
təkmilləşdirir.
İşğaldan azad
olunmuş ərazilərdə
yeni hava limanlarının tikintisi,
ölkədə gəmilərin
inşası, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər,
dəmir yolu infrastrukturunun şaxələndirilməsi,
beynəlxalq avtomagistralların
tikintisi və yenidən qurulması üçün ayrılan
vəsaitlər göstərir
ki, Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Bütün bunlar onu deməyə
əsas verir ki, limanlar, avtomobil
və dəmir yolları da daxil olmaqla infrastruktura
geniş sərmayə
qoyuluşu ilə Azərbaycan artıq regional logistika mərkəzinə çevrilib.
Qeyd edək ki, logistika və
ticarət sahəsi bütün sektorların inkişafında bünövrə
rolunu oynamaqla əlavə dəyərin
və yeni iş yerlərinin yaradılmasında, eləcə
də gəlirliliyin artırılmasında mühüm
rol oynayır.
Təsadüfi deyil
ki, Bakıda İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi - AZPROMO, Çin-Şanxay
Əməkdaşlıq Təşkilatının
(ŞƏT) Yerli İqtisadi
və Ticarət Əməkdaşlığı Nümayiş Zonasının
(SCODA) İnzibati Komitəsinin
birgə təşkilatçılığı,
Çinin Azərbaycandakı
səfirliyi, Azərbaycanın
Çindəki səfirliyində
ticarət nümayəndəsi
Aparatının dəstəyi
ilə "ŞƏT Nümayiş
Zonası - Azərbaycanda
logistika və ticarətin təşviqi"
konfransı məhz bu sahənin gələcək perspektivinə
həsr olunmuşdu. Konfransda Çindən və Azərbaycandan olan rəsmilərlə yanaşı, ticarət, logistika və turizm sektorlarını təmsil edən şirkətlərin nümayəndələri
də iştirak ediblər. Tədbirdə bildirilib ki, Azərbaycanın Çində
6 ticarət evi fəaliyyət göstərir,
ölkələrimiz qlobal
nəqliyyat infrastrukturu
təşəbbüslərində birgə iştirak edir, sənaye və avtomobil istehsalı sahələrində
isə ortaq layihələr reallaşdırırlar.
Konfransda Ələt Azad İqtisadi Zonasının səlahiyyətli
qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyi, Tranzit Yükdaşımalar üzrə
Koordinasiya Şurası
və Çindao şəhər bələdiyyəsinin
nümayəndələri ölkələrimizin
biznes, ticarət və tranzit imkanları, eləcə də Azərbaycan-Çin
əlaqələrinin müxtəlif
platformalar və formatlarda inkişafı haqqında çıxışlar
edib, təqdimatlar keçiriblər.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov deyib ki, tarixən
böyük İpək
yolu ilə bağlı olan Azərbaycan və Çin arasında son illər əməkdaşlıq yeni
istiqamət alıb və Çinin "Bir kəmər, bir yol" təşəbbüsü
bu müstəvidə
xüsusi rol oynayır: "Dünyanın
ən iri layihələrindən biri
sayılan Bakı-Tbilisi-Qars
dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin
birləşdirilməsini təmin
etməklə, qədim
İpək yolunun bərpasına öz töhfəsini verməkdədir.
Bu dəmir yolu Çin, Cənub-Şərqi Asiya,
Avropa və onun hüdudlarından kənarda yüklərin tranzitini asanlaşdıran
tarixi İpək yolu təşəbbüsünün
mühüm tərkib
hissəsi kimi xidmət edir. Üstəlik, bizim baxışımız, sadəcə,
tranzitdən kənara
çıxır, biz
iqtisadi artım və əməkdaşlığa
təkan vermək üçün coğrafi
üstünlüklərimizdən istifadə edərək, Azərbaycanı logistik mərkəzə çevirməyi
hədəfləyirik. Nəqliyyat-tranzit
sahəsində planlaşdırılan
bu kimi yeni
yollar kommunikasiyalarımızı
daha sıx birləşdirməklə, ölkələrimizin
sahibkarlıq subyektləri
arasında da əlaqə və münasibətlərin genişləndirilməsinə
imkan verir".
Danılmaz faktdır
ki, müxtəlif
istiqamətlərə yol
alan və bir-biri ilə inteqrasiya olunan dəhlizlər Azərbaycanın
tranzit imkanlarını
əhəmiyyətli dərəcədə
artırır. Qədim
İpək Yolu marşrutu üzrə uzanan "Şərq-Qərb"
dəhlizi ənənəvi
marşrutdur. Mərkəzi
Asiyadan gələn yüklər bu marşrutla daşınır.
Çin də bu marşrutdan istifadə etməklə öz mallarını Avropa məkanına çatdırır. Azərbaycanın
ərazisindən keçən "Şimal-Cənub"
marşrutu da logistik imkanlara malikdir. Burada Orta dəhlizin rolunu qeyd etmək
yerinə düşər.
Çin-Qazaxıstan sərhədindən
başlayan Orta dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən,
bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə
ərazisindən keçərək
Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən
ən qısa və rahat marşrutdur.
Qlobal miqyasda Orta dəhlizə marağın artmasında,
heç şübhəsiz
ki, Azərbaycan müstəsna rola malikdir. Çünki ölkəmiz Trans-Xəzər
marşrutu üzrə
ən önəmli halqalardan biridir.
Daha bir tranzit
marşrutu Zəngəzur dəhlizi olacaq. Uzunluğu 123,8
kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd
avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 2 viaduk və 23
avtomobil körpüsü, 8 yol ötürücüsü, 50
yeraltı keçid, 5 yerüstü keçid, suların
ötürülməsini təmin etmək məqsədilə
400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin
kommunikasiya xətləri üçün 60 ehtiyat
keçidinin inşası nəzərdə tutulub ki, bu
işlərin icrası da sürətlə davam edir. Zəngəzur
dəhlizi regionun tranzit və logistika potensialını artıracaq.
Bu potensialın reallaşması regionda yeni nəqliyyat
marşrutlarının yaradılmasına və əməkdaşlığın
möhkəmlənməsinə gətirib çıxaracaq. Dəhliz
region iqtisadiyyatının inkişafı üçün
böyük imkan yaradacaq, Azərbaycanı Türkiyə və
Avropa ölkələri, eləcə də Mərkəzi Asiya
ölkələri ilə birləşdirəcək. Zəngəzur dəhlizinin fəaliyyəti
bir neçə nəqliyyat dəhlizinin, xüsusilə
"Şərq-Qərb" və "Şimal-Cənub"
nəqliyyat dəhlizlərinin inkişafına gətirib
çıxaracaq.
Vaxtilə
Prezident İlham Əliyevin dediyi "Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu
yaradılacaq" sözləri bu gün öz təsdiqini
tapıb. Magistral yollarımız ölkə
iqtisadiyyatının şaxələndirilməsinə,
regionlarımızın sürətli
inkişafına, logistika və turizm sektoruna, ən əsası
isə xalqın sosial rifahının yüksəldilməsinə
öz töhfəsini verməkdədir.
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.8.