Çeşmələrin
daim çağlasın,
Şuşa!
Mənfur düşmən
1992-ci ilin mayında Şuşanı işğal
etməzdən əvvəl
şəhərin 17 məhəlləsinin
hər birində bulaq var idi.
Həmin vaxtdan Azərbaycanın 44 günlük
Vətən müharibəsindəki
Qələbəsinədək bu büllur çeşmələr dağıdıldı,
yaxud baxımsızlıq
üzündən bərbad
hala düşdü, çoxunun suyu qurudu. Bunlar azmış kimi Şuşanı tərk edərkən düşmən
şəhəri içməli
su ilə təmin edən magistral su kəmərini
də sıradan çıxartdı.
Bir sözlə,
erməni vandalları
istər işğal dövründə, istərsə
də buralardan qovulanda şəhəri içməli su ilə təmin edən mənbələri
və magistral kəmərləri məqsədli
şəkildə dağıtmış
və nəticədə
suyun nəqli dayandırılmışdı.
Qələbədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı
ilə bu istiqamətdə vəziyyətin
qaydaya salınması
üçün təcili
tədbirlər görülməyə
başlandı. Təxirəsalınmaz
Tədbirlər Proqramına
əsasən, az bir zamanda Kiçik
Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri
təmir olundu. Beləliklə, Qələbədən
təxminən iki həftə sonra - 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə
suyun verilməsi bərpa edildi. Eyni zamanda şəhərin
digər su mənbəyi - Zarıslı
sugötürücü qurğusunun,
14,3 kilometrlik olan Zarıslı-Şuşa magistral
su kəmərinin qəzalı hissələrinin
bərpasına başlanıldı.
Heç bir ay keçmədən bu mənbədən də şəhərə
suyun verilməsi təmin olundu.
Şəhərin perspektiv
inkişafı, həmçinin
ilin müəyyən
dövrlərində Kiçik
Kirs və Zarıslı mənbələrində
məhsuldarlığın kəskin azalması səbəbindən alternativ
su mənbəyinin yaradılması layihəsinin
icrasına da başlanıldı. Bu məqsədlə Daşaltı
kəndinin yaxınlığında,
Zarıslı çayının
məcrasında tutumu
25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası
və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni
kəmər inşa edildi. Eyni zamanda
diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 426 və 530 millimetr olan borularla əvəzləndi.
Beləliklə, 2022-ci ilin
dekabrında Şuşaya
yeni mənbədən
suyun verilməsi nəticəsində evlər,
dövlət qurumlarının
inzibati binaları, hotellər, ictimai-iaşə
müəssisələri və
digər obyektlər fasiləsiz içməli
su ilə təmin edildilər.
Şuşa şəhərinə
verilən içməli
suyun keyfiyyət göstəricilərinin standartlara
uyğunluğunu təmin
etmək məqsədilə
Təxirəsalınmaz Tədbirlər
Proqramı çərçivəsində
mövcud sutəmizləyici
qurğunun yenidən qurulması layihəsi də önəm daşıyır. Qurğuda
12 qum süzgəci, daxili kommunikasiya xətləri və digər hidrotexniki avadanlıqlar, reagent təsərrüfatı və
zərərsizləşdirici qurğu, istehsalat laboratoriyası tam bərpa olunaraq istismara hazır vəziyyətə gətirilib.
Görülmüş işlər
nəticəsində qurğunun
məhsuldarlığı sutkada
2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb.
Hazırda şəhərdə
yaşayan, çalışan
və səfərə
gələn 3500-dən çox
insan bu təmizləyici qurğuda
sutka ərzində emal olunan və
standartlara tam uyğun içməli su ilə təmin
edilir. Layihənin növbəti mərhələsində
Şuşa şəhərinin
dayanıqlı su təchizatı məqsədilə
məhsuldarlığı sutkada
8 min kubmetr təşkil edəcək
müasir tipli yeni sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Şuşa şəhərinin
su təchizatının
dayanıqlılığının təmin edilməsi məqsədilə ümumi
həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Həmin
anbarlardan birinin tikintisi davam etdirilir.
2040-cı ilə Şuşanın
perspektiv inkişafı
nəzərə alınmaqla
hazırlanan su təchizatı, kanalizasiya
və yağış
suları sisteminin yenidən qurulması layihəsinə əsasən,
şəhərin orta
günlük su tələbatı saniyədə
105 litr təşkil edəcək. Şəhərə
içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin
Zarıslıçay su
anbarından veriləcək.
Şəhərin baş
planına uyğun hazırlanmış layihəyə
əsasən, Şuşada
24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri yaradılacaq.
Şəhərdə formalaşan
tullantı sularının
tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı
sutkada 8 min kubmetr olan qurğu
inşa ediləcək.
Qurğuda emal edilərək təmizlənən
su ekoloji duruma zərər vurmadan Qarqarçay çayına axıdılacaq.
Şuşa şəhərində
yaradılan yeni infrastruktur "ağıllı
su" sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi,
nəqli, anbarların
səviyyəsi, hidravlik
rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə
onlayn rejimdə tənzimlənəcək.
Xatırladaq ki,
bu il iyulun
5-də Prezident İlham
Əliyev Şuşada
sutəmizləyici qurğular
kompleksini və "İsa bulağı" istirahət kompleksini açıb.
Bulaqlardan söz
düşmüşkən, həmçinin deyək ki, onların da bərpası davam edir. Belə
ki, Qələbədən
az sonra "Xan qızı" bulağı bərpa olundu. 2021-ci ilin mayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada "Xan qızı" bulağında
oldular. Orada dövlətimizin başçısı
belə dedi: "Xan qızı Natəvan" bulağını
bərpa etmişik. Keçən dəfə yanvar ayında Şuşada olarkən demişdim ki, Natəvan bulağını
bərpa edəcəyik.
Yenə də bulaq Şuşa sakinlərinin, qonaqların
sərəncamına veriləcəkdir.
Mənfur düşmən
bu bulağı qurutmuşdu, bütün bulaqları qurutmuşdu. Bu da onu
göstərir ki, Şuşa həmişə
ermənilər üçün
yad şəhər olub. İndi isə Şuşa dirçəlir və Şuşanın rəmzlərindən
biri olan "Xan qızı" bulağı bərpa edilib. Bu gün
bu bulaqdan su içmişəm".
2022-ci ilin iyununda
isə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, birinci xanım Əminə Ərdoğan Şuşada
olarkən "Xan qızı" bulağına
da baş çəkdilər. Türkiyə
Prezidentinə "Xan
qızı" bulağı
haqqında məlumat verildi. Diqqətə çatdırıldı ki,
Şuşa işğaldan
azad olunandan qısa müddət sonra istifadəyə verilən "Xan qızı" bulağı
şəhərin məşhur
məkanlarından biridir.
Natəvanın vaxtilə
şəhərə çəkdirdiyi
su xətti "Xan qızı" bulağı adı ilə məşhur olub. Ermənistanın işğalı altında
olduğu müddətdə
suyu quruyan bulaq yenə də sakinlərin və şəhərin qonaqlarının istifadəsindədir.
Vətən müharibəsindən
sonra İsa bulağı da Şuşa Şəhəri
Dövlət Qoruğu
İdarəsi tərəfindən
tam bərpa edilib. Bulağın özü mərmərdən
hazırlanıb, "İsa
bulağı" sözləri
isə milli ornamentlə yazılıb.
Bulağın su təminatı tam bərpa olunub, ətrafındakı istirahət
mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət
kompleksində 4 qonaq evi və bir
restoran yerləşir.
Qeyd edək ki, Şuşa şəhərindən dörd
kilometr aralıda, dəniz səviyyəsindən
təqribən 1300 metr
hündürlükdə meşəlik
ərazidə yerləşən
İsa bulağı Azərbaycanın, o cümlədən
Qarabağın ən
məşhur istirahət
yerlərindən biri hesab olunur. Bulaq
Azərbaycan təbiətinin
nadir incilərindən
sayılır. Yerli əhalinin bu hidronim haqqında məlumatına görə,
bulaq XVIII əsrdə
ilk dəfə onu qalın meşəlikdə aşkar
etmiş İsa adlı əkinçinin adını daşıyır.
Bu isti yay günlərində Şuşanın büllur
çeşmələri şəhərin
yurda dönən sakinlərinin və sayı getdikcə artmaqda olan qonaqlarının
ürəyinə sərinlik
gətirir. Çayların
həmişə axar olsun, bulaqların daim çağlasın, əziz Şuşamız!
Flora SADIQLI,
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.9.