Hər bir xalqın mədəniyyəti
onun milli-mənəvi
sərvətidir. Mədəniyyət
milli dövlətçilik
məfkurəsinin başlıca
tərkib hissələrindən
biri olmaqla sabahkı sağlam cəmiyyət quruculuğuna
təminat verən əsas amildir. Elə bu səbəbdən
də dövlətimizin
mədəniyyət siyasətinin
prioriteti köklü mənəvi dəyərləri
bütün cəmiyyətə
daha dərindən aşılamaqdan ibarətdir.
Azərbaycan Prezidenti
İlham Əliyevin ölkəyə rəhbərliyi
illərində də
xalqın milli-mənəvi
dəyərlərinə dövlət
qayğısı ilbəil
artdı, bu sahənin daha da inkişafı, yenilənməsi prosesi davam etdirildi.
İlk növbədə
mədəniyyət siyasətinin
hüquqi cəhətdən
mükəmməl, dünya
standartlarını və
milli özəllikləri
nəzərə alan qanunların hazırlanmasına
ciddi diqqət yetirildi. Bir sıra qanunlar, o cümlədən "Mədəniyyət
haqqında", "Tarix
və mədəniyyət
abidələrinin qorunması
haqqında", "Turizm
haqqında", "Nəşriyyat
işi haqqında",
"Muzeylər haqqında",
"Arxiv fondu haqqında", "Memarlıq
fəaliyyəti haqqında"
qanunlar Milli Məclisdə qəbul edildi və ölkə Prezidenti tərəfindən təsdiqləndi.
2004-cü ildə "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi
haqqında" və
"2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının
təsdiq edilməsi haqqında", 2007-ci il fevralın 20-də "Azərbaycanda
kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncamları,
"Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə
inkişafına dair Dövlət Proqramı"
və digər sərəncamlar mədəniyyətimizin
inkişafı yolunda atılan strateji əhəmiyyətli
mühüm sənədlərdir.
Dövlətimizin başçısı
həmçinin "Azərbaycan
Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə
Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında" sərəncam
da imzalamışdır.
İctimai fikir
tariximizdə müstəsna
rol oynamış təsisatların yubileylərinin
təntənəli şəkildə qeyd edilməsi dövlətimizin
mədəniyyət siyasətində
xüsusi yer tutur. 2023-cü ildə fəaliyyətə başlamasının
150 ili tamam olan Azərbaycan peşəkar milli teatrının yubileyinin keçirilməsi buna bir nümunədir. Ötən ilin əlamətdar mədəniyyət
faktlarından biri də Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin (ADMİU) 100 illiyinin
tamamlanması olmuşdur.
Bakı Teatr Məktəbinin bazasında
təşkil olunmuş
ADMİU bu gün ölkənin zəngin ənənələrə malik
ali təhsil müəssisələrindəndir. Ötən il həm də Azərbaycan Milli Kitabxanasının fəaliyyətə
başlamasının 100 illiyi
də qeyd olunmuşdur. Cəmiyyətimizin
intellektual potensialının
yüksəlməsində bu
kitabxananın rolu müstəsnadır. Bu yubileylərin hər biri cəmiyyətin həyatında xoş mədəniyyət hadisəsinə
çevrilmişdir.
Genişlənməkdə olan siyasi, iqtisadi,
mədəni qloballaşma
və inteqrasiya prosesləri ilə səciyyələnən müasir
dünyamız xalqların
etnomədəni hüquqlarının,
unikal tarixi ənənələrinin qorunub
saxlanılması və
inkişaf etdirilməsi
problemini daha da aktuallaşdırır,
onların mənəvi
irsinin öyrənilməsinə
və mühafizəsinə
ciddi diqqət yetirməyi tələb edir.
Hər bir xalqın mədəniyyəti
onun vizit kartıdır. İftixarla
deyə bilərik ki, bu gün
Azərbaycan mədəniyyətinin
dünyaya inteqrasiyası
istiqamətində dövlət
səviyyəsində ardıcıl
olaraq mühüm tədbirlər həyata keçirilir. Son illər ölkəmiz mədəniyyətlərarası dialoq sahəsində reallaşdırılan mühüm
tədbirlərin keçirildiyi
mərkəzə çevrilib.
Belə dialoqların aparılması Azərbaycan
mədəniyyətinin beynəlxalq
əlaqələrinə güclü
təsir göstərir,
ölkənin milli irsini dünyaya yaxından tanıdır. Olduqca qürurverici faktdır ki, bu gün Azərbaycan
Avropa, Asiya və islam ölkələri,
ABŞ və Latın
Amerikası ilə beynəlxalq mədəniyyət
proqramları həyata
keçirir. BMT, MDB, GUAM, Qara
dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı,
Avropa İttifaqı, İslam Konfransı Təşkilatı, Dünya
Turizm Təşkilatı,
TDT, ICESCO və digər
beynəlxalq qurumlar vasitəsilə milli mədəniyyətimiz dünyada
təbliğ edilir.
Azərbaycan Respublikası
çoxmillətli bir
ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini
azlıqların birgə
yanaşı yaşaması
və dözümlülük
prinsipləri əsasında
müəyyənləşdirilib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə
Bakıda keçirilən
mədəniyyətlərarası dialoq və humanitar forumlar ölkəmizi dünyaya sürətli inteqrasiya yoluna çıxardıb.
Mədəni və
dini abidələrin qorunması bir qayda olaraq dövlətimizin
hər zaman diqqət mərkəzində
olub. Azərbaycan ərazisində olan bütün dini abidələr - kilsələr,
sinaqoqlar hökumətimiz
tərəfindən ciddi
şəkildə mühafizə
edilməklə yanaşı,
mütəmadi olaraq bərpa edilir. Son zamanlar dövlət
tərəfindən təmir
olunan dini abidələr siyahısında
Rus Pravoslav Baş Kafedral kilsəsi, "Xilaskar"
Yevangelik-Lüteran kilsəsi,
Gəncədəki Aleksandr
Nevski Rus Pravoslav kilsəsi, Bakıdakı Pravoslav və Qəbələdəki
Çotari Alban-Udi kilsələrini göstərmək
olar. Bakı və Azərbaycan Yeparxiyasının Pravoslav
Dini-Mədəniyyət Mərkəzi
inşa edilib. "Tolerantlığın ünvanı
- Azərbaycan" layihəsi
çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Bakıda Müqəddəs
Məryəm kilsəsi
inşa edilib. İşğaldan azad olunmuş torpaqlarımızda
yararsız vəziyyətdə
olan mədəni və dini abidələrin
bərpasına isə
xüsusi diqqət verilir. Qısa müddətdə təkcə
Şuşada Yuxarı
Gövhər ağa,
"Saatlı", Mehmandarov
məscidləri və
digər tarixi abidələrimiz bərpa
edilib.
Tarixi mədəni
irsimizin qorunub saxlanması, memarlıq abidələrinin yenidən
bərpa edilməsi ilə yanaşı, yeni muzeylər, teatrlar, konsert salonları sürətlə
təmir edilir, Bakıda və bölgələrdə yeni
mədəniyyət mərkəzləri
açılır.
Dövlətimizin məqsədyönlü
mədəniyyət siyasəti
nəticəsində Azərbaycan
dünyanın ən mötəbər tədbirlərinin,
nüfuzlu toplantıların,
beynəlxalq önəm
daşıyan problemlərin
müzakirə məkanına
çevrilməkdədir.
Elşən QƏNİYEV,
Azərbaycan.-2024.-
11 iyul (№ 143).- S.10.